ABŞ gücünü nümayiş etdirmək üçün Cənubi Koreya üzərindən B-52 bombardmançı təyyarəsini uçurdub. Bu, Şimali Koreyanın uğurlu hidrogen bombası sınağını keçirdiyi barədə bəyanatından sonra baş verir.
B-52 təyyarəsi Şimali və Cənubi Koreyalar arasındakı sərhədə yaxın hava bazasının üzərindən uçub.
Həftənin əvvəlində Pxenyan uğurlu yeraltı hidrogen bomba sınağı keçirdiyini bildirib. Bu bəyanat tənqidlə qarşılansa da, ekspertlər Şimali Koreyanın iddiasına şübhə ilə yanaşırlar.
Ölkənin lideri Kim Jong-un deyib ki, sınaq, ABŞ-la nüvə müharibəsinin qarşısını almaq üçün atılan özünümüdafiə addımı olub.
“Bu, suveren dövlətin legitim hüququdur və heç kəsin tənqid etməli omadığı haqlı addımdır”, Şimali Koreya dövlət mediası ondan sitat gətirib.
Sınaqdan sonra Cənubi Koreya sərhəddəki səsucaldıcı qurğular vasitəsilə yenidən təbliğat yayımlamağa başlayıb. Şimali Koreya oxşar yayımlarla əks tədbirlər görüb.
Cənubi və Şimali Koreya arasında müharibə faktiki olaraq başa çatmayıb. Çünki 1950-1953-cü illərdəki müharibədən sonra atəşkəs razılaşması əldə olunsa da, sülh sazişi imzalanmayıb.
ABŞ Cənubi Koreyanın müttəfiqidir və deyir ki, B-52 təyyarələrinin uçması, “Şimali Koreyanın bu yaxınlarda etdiyi təxribata” cavab idi.
(bbc azəri)