Zərdab rayon prokuroru Süleyman Süleymanov tutduğu vəzifədən azad edilib. Onun köməkçisi Seyidəzim Ağayevə isə təöhmət verilib.
Bu məlumatı Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, bir müddət əvvəl vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərov feysbuk səhifəsində yayıb.
Prokurorun hansı səbəbdən işdən çıxarıldığı və onun köməkçisinə niyə töhmət verildiyi haqda isə R.Səfərov heç nə yazmayıb.
azadliq.info-nun rayondakı mənbələrdən əldə etdiyi məlumata görə isə S.Süleymanovu belə bir “əsasla” işdən çıxarıblar ki, guya rayon prokurorluğunda aparılan yoxlama nəticəsində onun xidməti fəaliyyətinin qeyri-kafi olduğu müəyyən edilib.
Lakin rəsmi səbəb şübhə doğurur. Belə hesab olunur ki, S.Süleymanovu rayon prokurorluğunun keçmiş müstəntiqi R.Səfərovun atdığı addıma görə cəzalandırıblar.
Məsələ ilə bağlı R.Səfərovun mövqeyini öyrənmək istəsək də, o, hər hansı şərh verməkdən imtina edib.