Nardaran əməliyyatı zamanı ölüm xəbəri çıxan Abbas Hüseynin anası Rəhimə Hüseynova baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir:
“Cənab Baş prokuror. Oğlum Hüseynov Abbas Məmmədbağır oğlu Nardaran hadisələri ilə bağlı 26 noyabr 2015-ci ildə həbs edilib. O vaxtdan oğlumdan xəbər ala bilmirik. Dəfələrlə “bandotdel”ə getmişəm, deyirlər burda yoxdur, Kürdaxanı türməsinə gedirəm, orada yoxdur. Məndən heç bir pal paltar, sovqat qəbul olunmur.
İki gün öncə bizə məlumat verdilər ki, “banditizm” idarəsində oğluma o qədər işgəncə veriblər ki, az qalıb ölsün. Cənab Qaralov, sizin də övladlarınız var. Oğluma işgəncə verənlərin də övladları var. Mən Allahıma sığınıram, oğluma və o biri uşaqlara nahaqdan terror damğasını vuranları uca Tanrıya tapşırıram.
Allahın ədalətinə inanıram. Bu məmləkətdə ədalət axtarmağa gümanım qalmayıb. Mən övladımı istəyirəm. Məni övladımla görüşdürün, mənə zəng eləsin, səsini eşidim. Bunu tələb edirəm”.



