Kumborda torpaq almaq istəyən London qeydiyyatlı şirkətin arxasında azərbaycanlı investorun dayandığı deyilir
Monteneqro prezidentinin Bakıya bir az əvvəlki səfəri ilə bu alver arasında əlaqə varmı?
Azərbaycanın oliqraxlarından hansısa biri (və ya bir neçəsi) Adriatik dənizində ada alır. Bunun üçün artıq lazımi sənədləşmə işləri görülüb və hazırda adanın məxsus olduğu Monteneqro hökumətinin qərarı gözlənilir. Bu barədə “Yeni Müsavat” qəzetinin 12 dekabr sayında məqalə dərc olunub. Məqaləni olduğu kimi təqdim edirik:
***
Son vaxtlar pullarını yatırmaq üçün yeni-yeni istiqamətlər, ölkələr seçən azərbaycanlı zənginlər indi də Adriatik dənizində ada almaq işinə girişiblər. Məlumata görə, Londonda qeydiyyatdan keçmiş investisiya şirkətinin sahibi olan azərbaycanlı zənginlər Monteqenronun (keçmiş Çernoqoriya) Adriatik dənizində yerləşən, gözəl təbiəti və mənzərəsi olan kiçik Kumbor adasında 90 illiyə torpaq icarəyə götürmək üçün tenderə giriblər.
Xəbəri Monteneqronun KİV-lərinə istinadən daşınmaz əmlak xəbərləri üzrə ixtisaslaşmış sayt yayıb. Orada deyilir ki, Monteneqro hökuməti Herseq-Novi əyalətinin tərkibinə daxil olan Kumbor və Mamula adalarında torpaqların uzunmüddətli icarəyə verilməsinə dair keçirilən tenderin müddətini iki ay uzadıb. Həmin adalarda vaxtilə hərbi baza yerləşib və keçmiş hərbi mülkiyyətə aid olan torpaqların satılmasına dair tender komissiyası müraciətlər üçün vaxtı gələn il fevralın 14-nədək uzadıb.
Bildirilir ki, hazırda adada uzunmüddətli torpaq icarəyə götürmək üçün cəmi bir şirkət – Londonda qeydiyyatdan keçmiş «Triangle İnvestment LTD» investisiya fondu müraciət edib. Bu fondun arxasında Azərbaycandan olan investorların dayandığı vrğulanır. Həmin fond Kumbor adasında torpaq icarəsinə dair sənədləri komissiyaya təqdim edib. Lakin tender komissiyası yeni müraciətlərin olmasını gözləyir. Məlumata görə, adaya baxmaq üçün bu günlərdə rusiyalı investorlar da orada olublar. Kumbor adasında aktivlər kompleksini beynəlxalq investorlar 90 illiyə icarəyə götürə bilər. Monteneqro hökuməti bu adada 242 min kvadratmetr ərazisi olan hərbi kazarmaları, həmçinin bir sıra köməkçi təsərrüfat obyektlərini icarəyə verməyə hazırdır. Bura ərazisi 62 min kvadratmetr olan hərbi anbarlar və ofislər də daxildir. Mamula adası isə 30 illiyə icarəyə verilir. Tenderlər sentyabrın ortalarında elan edilib. Adaları icarəyə götürmək istəyənlər öz maliyyə imkanlarını sübut etməli, həmçinin orada iri turizm və istirahət komplekslərinin yaradılmasına dair layihələrini verməlidir. Belə ki, Monteneqro hökuməti bu adalarda turizm zonası yaratmaq istəyir.
İnternetdə axtarış aparsaq da, arxasında Azərbaycandan olan investorların dayandığı şirkət barədə ətraflı məlumat əldə etməkm mümkün olmadı. Britaniyanın biznes qeydiyyatı üzrə məlumat saytlarından onu öyrənə bildik ki, şirkət bu ünvanda qeydiyyatdan keçib. 1 Darley Street, Gorse Hill stretford, MANCHESTER, M32 OPN. Çox böyük ehtimalla bu şirkət Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan oliqarxlardan birinə aiddir. Çünki azərbaycanlı oliqarxlar öz pullarını tez-tez Britaniyada qeydiyyatdan keçmiş müxtəlif offşor şirkətlər üzərindən xaricdəki və Azərbaycandakı biznes layihələrinə yönəldirlər.
Qeyd edək ki, Monteneqro ilə Azərbaycan arasında münasibətlər son vaxtlar inkişaf edib. Bu il sentyabrın 15-də Monteneqro prezidenti Filipp Vuyanoviç Bakıda səfərdə olub. Tərəflər iki ölkə arasında iqtisadi və biznes münasibətlərinin inkişafına dair birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.