İran Malatiyanı vuracağı ilə hədələdi

“İran Silahlı Qüvvələrinin Türkiyədə quraşdırılması dəqiqləşən NATO-nun raketdən müdafiə sistemini (RƏM) zərərsizləşdirmək üçün planları var. Ölkəmizə ediləcək hər hansı bir hücum vəziyyətində də ilk öncə həmin sistemi hədəf alacağıq”.

APA-nın məlumatına görə, bu fikirləri yerli “Şərq” qəzetinə müsahibəsində İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Hüseyn İbrahimi bildirib. Onun sözlərinə görə, Türkiyənin Malatya şəhərində quraşdırılacaq RƏM-in vurulması İranın təbii haqqıdır: “Bu sistem əslində sionist rejimi qorumaq məqsədi daşıyır. NATO adı altında İsrail üçün quraşdırılır. Türkiyə problemlə üzləşməmək üçün torpaqlarında belə bir sistemin quraşdırılmasına icazə verməməliydi. Biz İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının yığıncağında Türkiyə ilə əlaqələri yaxından araşdırırıq. İran NATO-nun raketdən müdafiə sisteminin Türkiyədə quraşdırılması gündəmə gəldiyi gündən etibarən bu işin pis nəticələri haqda Ankaraya xəbərdarlıq edib”.

Qeyd edək ki, iki həftə əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı, general Əmirəli Hacızadə də ölkəsinə qarşı mümkün hücumda ilk əvvəl Türkiyədə quraşdırılması planlaşdırılan NATO-nun raketdən müdafiə sistemini hədəf alacaqlarını bildirmişdi.