“Azərbaycanda öz fikrini ifadə etdiyinə görə həbsxanada saxlanılanların olduğunu görürük”
Hillari Klinton Azərbaycanı Zimbabve ilə eyniləşdirdi; demokratiya mübarizlərinə dəstək ifadə etdi
ABŞ dövlət katibi Hillari Klintonun beynəlxalq insan haqları günü münasibətilə bağlı müraciəti yayımlanıb. Dövlət katibi 63 il öncə BMT Baş Assambleyasından qəbul olunmuş insan haqları bəyannaməsini tarixi sənəd adlandırıb. O, həmin sənəddə göstərilən müddəaların dininindən, cinsindən, irqindən, sosial statusundan asılı olmayaraq dünyanın bütün nöqtələrində yaşayan insanların fundamental hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm olduğunu bildirib.
“Altmış üç il sonra biz Yaxın Şərq, Şimali Afrikanın küçə və meydanlarında, eləcə də dünyanın başqa yerlərində azadlıq və ləyaqətin sonsuz təntənəsini görürük. Məhz həmin ölkələrinin vətəndaşları onların hüquq və azadlıqlarını təmin edəcək, qoruyacaq hökumət və konstitutsiyalar formalaşdırmağa can atır. Bu il dünyanın müxtəlif ölkələrində beynəlxalq insan haqları bəyannaməsində göstərilən hüquq və azadlıqlarını ifadə etdiklərinə görə zorakılıqlarla üzləşən insanların və onların universal hüquqlarını, sərbəst toplaşmaq və ifadə azadlıqlarının məhdudlaşdırılması faktlarının şahidi olduq. Azərbaycandan tutmuş Zimbabveyə qədər öz ideyalarını, fikirlərini ifadə və müdafiə etdiklərinə görə həbsxanada saxlanılan siyasi məhbusların olduğunu görürük. Bu gün biz bütün hökumətlərə müraciət edərək siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”.
Hillari Klinton ABŞ-ın insan hüquq və azadlıqlarına dərin hörmət bəslədiyini və onlara sadiq qaldığını xatırladaraq vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına görə bütün hökumətlərin məsuliyyət daşıdığını bildirib. Klinton müraciətinin sonunda bəyan edib ki, ABŞ hökuməti dünyanın istənilən nöqtəsində insan haqlarını müdafiə edənlərin yanında yer alacaq, sülhün bərqərar olması üçün çalışan hər kəsi dəstəkləyəcək.
Siyasət şöbəsi