İndi də mən siyasətə qarışmıram!

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Açığı, bu gün ölkədə yaranan acınacaqlı vəziyyətə baxıb zövq almaq üçün insan bir az manyak olmalıdır, çünki biz hamımız eyni “gəmi”nin sərnişinləriyik, o “gəmi”yə böyük sürətlə su dolursa, təhlükə zəngi hamımız üçün çalınır deməkdir. Hamımız boğulmağın bir addımlayındayıq.

Amma müəyyən həqiqətlər var ki, onları demədən keçə bilməyəcəm. Çünki indi düşdüyümüz situasiya yalnız çağdışı bir idarəetmənin əsəri deyil. Bu vəziyyəti ölkənin böyük əksəriyyəti əl-ələ verərək yaradıb.

Aclığın qapımıza dayandığı bu günlərə gəlib çıxmağımızda hər kəsin payı var:

– seçki qutusuna topa-topa bülleten dolduranın da payı var, rejimin düşmən kimi baxdığı ictimai-siyasi fəalları qondarma ittihamlarla həbsə atan hakimin də!

– müxalifətçinin cibinə nəşə atıb şərləyən polisin də payı var, yeganə günahı həqiqətləri söyləmək olan insanların üzünə duran yalançı zərərçəkənlərin, əldəqayırma şahidlərin də!

– “Evdə balalarım var” deyib haqsızlıq qarşısında susanların da payı var, “mən siyasətə qarışmıram” deyib yaşadığı ölkənin taleyinin müəyyənləşdirilməsində iştirak etməkdən boyun qaçıranların da!

Bir ovuc adamın illərdən bəridir yazmaqdan əli, söyləməkdən dili qabar olmuşdu ki, neft üzərində qurulmuş bu təntənə yaxşı heç nə vəd etmir, bahalı idman oyunlarına milyardlar səpələməklə, mənasız beynəlxalq simpoziumlara milyonlar xərcləməklə Azərbaycan haqqında reallıqdan fərqli təəssürat, görüntü yaratmaq boşunadır, elə bir gün gələcək, həqiqətdən qaçmaq mümkün olmayacaq, acı gerçəklərlə üz-üzə qalacağıq. Amma eşidən kim idi? O bir ovuc adamı hakimiyyət təbliğatına uyub ələ salırdılar, aşağılayırdılar, təhqir edirdilər. Indi belələrindən soruşuram: nə var, nə yox, necəsiniz? Devalvasiya dalınca devalvasiyaya öyrəşə, ceyran belinə qalxan ərzaq qiymətlərinə alışa bilirsinizmi, bundan da betər səfalət, işsizlik vəd edən illərə hazırsınızmı?

Milyardlarla dolların havay sovrulduğu Avropa Oyunlarına sevinməyənlərə “qanını yoxlatdırmağı” məsləhət görənləri isə ayrıca salamlayıram! Gəldiyimiz – gətirildiyimiz yer həm də sizin “əməyinizin” məhsuludur. Gedin yenə sevinin!

Illər uzunu eşitmədiyimiz söz qalmadı: “Hökumətlə hökumətlikmi edəcəksiniz? Biz onsuz da düzələn deyilik, belə gəlib belə də gedəcək. Xalqın dərdi sizəmi qalıb, el üçün ağlayan göz kor olar, bunlar yenə yeyib-doyublar, yeni gələnlər acdırlar, yeyib-dağıdacaqlar” və s. və i. a

Indi isə – iş işdən keçdikdən, böhran qapımızın ağzını kəsdirdikdən, hər kəs ölkənin hansı uçurumun astanasına gəlib çıxdığını görəndən sonra az qala hamı danışır, hamı narazıdır. Giley-güzar səsindən nə marşrut avtobuslarına minmək mümkündür, nə də çayxanalarda oturmaq. O gün bir nəfər tanış küçədə məni görüb soruşur ki, “nə olacaq bu işlərin axırı, batırıq, kredit borcları xirtdəyəcən çatıb, qohum-əqrəbanın yarısı işsiz qalıb”, falan-filan. Bilmədim nə cavab verim. Qayıdıb dedim ki, “sən canın, mənə belə suallar vermə, evdə balalarım var”. Tanışım bir az təəccüblə baxdı mənə, sonra da başını yelləyib uzaqlaşdı. Daha bilmədim, nə söyləmək istədiyimi anladı, ya yox.

Yeri gəlmişkən, illərdir ölkənin taleyinə biganə qalıb, amma indi daş öz ayağına dəyməyə başlayanda oyanan adamlar ki, var, hamısına buradan səslənirəm: “Məni görəndə ”nə baş verir”, “axırı necə olacaq” kimi suallar verməyin. Indi də mən siyasətə qarışmıram! Gedin AzTV-dən soruşun”.

Bəli, vətəndaş öz ölkəsinin bugünkü və gələcək taleyinin müəyyənləşdirilməsində iştirak etmək istəmirsə, “az aşım, ağrımaz başım” prinsipi ilə yaşayırsa, elə zənn edirsə ki, o başını aşağı salıb bir qismət çörəyini qazanırsa, deməli, artıq bütün təhlükələrdən sığortalanıb, bax onda həmin ölkə gec ya tez, fərq etməz, bir gün bugünkü duruma düşür. Bir gün ayılıb görür problem bataqlığının ortasındadır, dörd tərəfini çarəsizlik, çıxılmazlıq bürüyüb.

Bir sözlə, uca millət, sevgili xalq, korrupsioner hakimiyyətin, çağdışı idarəetmənin, oliqarxik rejimin məsuliyyəti, cavabdehliyi öz yerində, amma “niyə belə oldu”, “niyə bu günə düşdük” tipli sualların cavabı həm də sənsən!

…Elə “axırı necə olacaq” sualının da bir cavabı səndə gizlidir. Sən necə istəsən, o cür də olacaq…