Azər Mehtiyev: «Mərkəzi Bank məcbur olacaq ki, özünün elan etdiyi məzənnəni kommersiya banklarının məzənnəsinə yaxın etsin»
Dünən dolların kommersiya banklarında satışında kəskin fərq qeydə alındı. Mərkəzi Bankın yanvarın 7-də qəbul etdiyi qərardan sonra kommersiya bankları gün ərzində xarici valyutanın məzənnəsini bir neçə dəfə dəyişə bilər. Məhz bu qərar dünən 1 dolların 1.80-ə dəyişilməsinə səbəb oldu. Mərkəzi Bankın dünənə olan rəsmi məzənnəsi – 1,5642 AZN/USD olsa da, dünən AMB-nin valyuta hərracı keçirməməsi valyuta bazarında ajiotajı daha da artırıb.
Nəticədə şəhərin əksər “exchange”lərdə günün sonuna doğru 1 dolların alışı 1,77 manat, satışı isə 1,84 manata aparılıb.
Xatırladaq ki, AMB dünən, yanvarın 7-də keçirdiyi valyuta hərracında tələbin yalnız 19%-ni qarşılayıb və 50 mln. dollar satıb.
Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı “ən yaxşı təklif” prinsipi ilə həyata keçirir. AZN/USD məzənnəsinin həftə sonu 2,00 AZN/USD-yə çatması artıq reallığa bənzəyir.
Göründüyü kimi, manat dekabrın 21-də elan olunan hazırda “üzən kursa” daha çox yaxındır. Bəs, hazırda baş verənlər manata nə vəd edir?
Iqtisadçı Azər Mehtiyev bildirdi ki, MB-nin qəbul etdiyi son qaydalar manatın tam üzən kursa keçməsi deməkdir. Faktiki bankların bazarın tələb və təklifinə uyğun olaraq kurs müəyyən etdiyini deyən A.Mehtiyev vurğuladı ki, burada əhəmiyyətli məqam budur ki, bazarda dollara tələb olsa da, təklif yoxdur: “Valyutadəyişmə məntəqələri birmənalı olaraq dolların yalnız alışını həyata keçirirlər. Təbii ki, dollara təlabatın artdığı, dollar satışının olmadığı şəraitdə Mərkəzi Bankın elan etdiyi məzənnə ilə kommersiya banklarının məzənnəsi arasında kəskin fərq yaranır. Bir azdan Mərkəzi Bank məcbur olacaq ki, özünün elan etdiyi məzənnəni kommersiya banklarının məzənnəsinə yaxın etsin. Bu da manatın dəyərsizləşməsi prosesini sürətləndirəcək”.
Manatla bağlı baş verənlərin ölkə iqtisadiyyatının real gücünü göstərdiyini deyən A.Mehtiyev vurğuladı ki, yəni ölkədə yerli istehsalın olmaması, valyuta axınını sürətləndirir. “Təsəvvür edin, insanlar toylara gedəndə nəmər salmağa dollar tapa bilmirlər. Artıq insanlar bütün əməliyyatlarını, yığımlarını dollara keçiriblər. Bu da manatın məzənnəsinin düşməsini qarşısıalınmaz prosesə çevirib”, deyə A.Mehtiyev vurğuladı.
Xəyal