Gömrük Komitəsi idxal olunan malların uçotdan yayındırılmasına dair yayılan məlumatları qəbul etmədiyini bildirib və buna görə kütləvi informasiya vasitələrini ittiham edib. İqtisdçı-ekspert Nemət Əliyev isə özünün Facebook səhifəsində baş verənlərə aydınlıq gətirib. Nemət Əliyev yazır:
“Dövlət Gömrük Komitəsi bəyanat yayıb. Bəyanatda bildirilir ki, 2008-2013-cü illər ərzində idxal olunan malların uçotdan yayındırılmasına dair bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlar tam yanlış və əsassızdır. Bu dövrə dair fikir bildirmək istəmirəm. Çünki inanıram ki, yazı müəllifləri gərəkən mənbələri təqdim etməkdə elə də çətinlik çəkməzlər.
Biz isə, diqqətinizi 2014-cü il və ondan sonrakı dövrdə Azərbaycan və Rusiya arasında həyata keçirilən idxal (ixrac) əməliyyatlarına yönəltmək istəyirik. Rusiyanın Federal Gömrük Xidmətinin rəsmi məlumatına görə 2014-cü ildə Rusiyadan Azərbaycana 3 milyard 373 milyon dollar məbləğində mal ixrac olunub. Şübhəsi yaranarsa, Azərbaycan Dövlət Gömrük Komitəsi aşağıdakı linglərdən daxil olub iki müxtəlif mənbə üzrə bu məlumatın dəqiq olmasına əmin ola bilər:http://www.customs.ru/index2.php…; http://www.gks.ru/…/regl/b15_11/IssWWW.exe/Stg/d02/27-05.htm.
Azərbaycan Gömrük Komitəsi isə, məlumat yayıb ki, Rusiyadan Azərbayacana həmin dövrdə 1 milyard 314 milyon dollar məbləğində mal idxal olunub. Buna da şübhəsi yaranarsa, Gömrük Komitəsi aşağıdakı lingdən daxil olub məlumatla mənbəyində tanış ola bilər:
http://customs.gov.az/files/201412.pdf. Həm Azərbaycanın, həm də Rusiyanın 2014-cü il gömrük məlumatlarının müqayisəsi 2 milyard 59 milyon dollar məbləğində və ya 61%-dən çox fərq ortaya çıxarır. 2015-ci ilin nə qədər ağır il olduğunu hər kəs bilir. Hətta dövlət başçısının sərt xəbərdarlığı da unudulmayıb. Yaşanan çətinliklərin fonunda gömrük sistemində baş verən biabırçılıqlara fasilə veriləcəyini gözləmək olardı. Amma, sən saydığını say, gör gömrük nə sayıb. Rusiya gömrükçüləri məlumat yayıb ki, 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 882 milyon dollarlıq mal göndərilib.
Dövlət Gömrük Komitəsini yenə də mənbə maraqlandırarsa, aşağıdakı lingdən məlumatla mənbəyində tanış ola bilər. http://www.customs.ru/index2.php…WEB_UTSA_09.xls. Azərbaycan gömrükçüləri isə, məlumat yayıb ki, həmin müddətdə Rusiyadan 1 milyard 213 milyon dollar həcmində mal idxal olunub. Şübhə yaranmasın deyə, aşağıdakı mənbəyə baxmaq
olar:http://customs.gov.az/files/1arayis20150110cap.pdf. On aylıq göstəricilərin müqayisəsindən 669 milyon dollar və ya 35%-dən çox fərq də burada əmələ gəlir. Bu iki dövr üzrə yaranan fərqləri üst-üstə gəlsək məlum olar ki, Rusiyadan Azərbaycana ixrac olunan malların dəyəri Azərbaycan tərəfdə 2 milyard 728 milyon dollar az göstərilib. Sərhəddə idxal mallarına idxal vergisi, 18% əlavə dəyər vergisi, aksiz vergisi və gömrük rüsumu tətbiq olunur. Üst-üstə təxminən 36% vergi hesablanır və dövlətin büdcəsinə ödənilir.
Müəyyən qədər faiz xətası ola bilər. Əgər vergi məbləğini bu faizlə hesablasaq, 982 milyon dollar alınar. Deməli, bu hesabla dövlət büdcəsindən təxminən milyarda yaxın yayındırma var. Başqa ölkələrdən həyata keçirilən idxal əməliyyatları üzrə də oxşar standartların tətbiq olunmasına şübhə yoxdur. Bunu Komitə daha yaxşı bilər. Fikrimcə, Dövlət Gömrük Komitəsinin bu məsələlərlə əlaqədar narahatçılığı varsa, Rusiya tərəfi ilə araşdırmalıdır. Bizi narahat edən dövlət və onun büdcəsidir. Dövlətin dollara hava-su qədər ehtiyacı olduğu indiki mürəkkəb zamanda milyarda yaxın maliyyə vəsaitinin dövlət büdcəsindən yayındırılması xəyanətə bərabər cinayətdir”.