Elinin həqiqi Nuru Elnur Məcidliyə təbrik…
Sənə səslənirəm, gələcəkdə Elnurun sevgilisi, ürəyinin sahibi olacaq xanıma, bilirmisən sən necə bəxtəvərsən?!
Təkcə ona görə yox ki, qismətinə Elnur kimi yaraşıqlı, tərbiyəli, dürüst və savadlı bir oğlan çıxıb. Başqası təkcə öz həyat yoldaşının qeyrətini çəkdiyi halda, Elnur insanlığın, ədalətin, haqqın, azadlığın qeyrəti keşiyindədir.
Sizə səslənirəm, gələcəkdə Elnurun övladı olacaq cocuqlara, bilirmisiniz atanızın bütün cocuqlara yetəcək qədər məhəbbəti, necə qocaman qəlbi var?! Başqaları təkcə öz ailələrini sevdikləri, müdafiəsində durduqları, maddi rifahı üçün çalışdıqları, uşaqlarının tərbiyəsi ilə məşğul olduqları halda, Elnur kimilər ailələrinə, doğmalarına nə qədər bağlı olsalar da, onları Vətənin, millətin bir hissəsi kimi sevirlər, hər bir fərdin azadlığı üçün öz azadlığını fəda verə biləcək qədər böyük ürək və cəsarət sahibidirlər… Hər oğulun işi deyil, ən asan yol olan öz kiçik, rahat dünyasını üstün tutmaqdansa, böyük amallara köklənib həbsxanaya düşmək… Elnur öz ailəsinin rifahının, gələcəyinin, qeyrətinin Böyük Azadlıqdan keçdiyini görəcək qədər yetkin kişidir artıq! Sənə səslənirəm, Elnuru rəhbəri olduğun universitetdən qovduran rektor, bilirmisən, sənin ömür tarixçəndə yeganə şərəfli amil Elnurun nə vaxtsa sənin rəhbəri olduğun universitetin tələbəsi olmasıdır, gələcəkdə fəxr edəcəyin tək hadisə, tələbə… Arzuman bəy, Rəhimə xanım, sizə səslənirəm (bilirəm ki, bəlkə də həddimi aşıram), Elnur yalnız sizi sevəcək qədər, sizə dəyər verəcək qədər darqəlbli deyil, yoxsa sakitcə bütün haqsızlıqlara susub, dözüb, başını aşağı salıb dərsinə gedib-gələr, yaşıdları ilə əylənərdi… Sizin ciyərparanız bütün anaların, ataların layiq olduqları həyatı yaşamaları, uşaqlarının üzünə dik baxmaları, yaşamaqdan zövq almaları, ən əsası da Böyük Insan olduqlarını dərk etmələri üçün həbsdədir. Doğulanda ona Elnur adı qoydunuz, bilmədiniz ki, bu ad bir zaman azadlıqsevər gənclərin simvoluna çevriləcək, Elinin həqiqi Nuru olacaq! Siz milyonlarla valideyndən daha şanslısınız, çünki Elnur milyonlardan daha çox uzaqgörən, nurlu, yol göstərəndir, inanın, ürəyində sizə qibtə edən çoxlu sayda valideyn var! Elnur tapdanmış yollarla, cığırlarla getmək istəmədi, özü elinin-obasının yeni, nurlu sabaha aparacaq yolunu açdı, bu yol Azərbaycanın gələcəyidir, azadlığıdır, insanların xoşbəxtlik uğrunda bərabər imkanlarla mübarizəsidir… Elnur, sənə səslənirəm, həbs müddəti sürətlə keçəcək, həyatında epizoda dönəcək, yaşıdların arasında qəhrəmana çevriləcəksən, bax onda sınaq zamanı gələcək, sən sadəliyin və müdrikliyinlə Böyük amal sahibi olduğunu göstərəcəksən, çünki sən təkcə səni sevənlər üçün yox, səni sevməyənlər naminə də öz azadlığını qurban vermisən! Qəzan mübarək, 22 yaşlı Böyük Insan, Elnur Məcidli!
İradə Nəriman


