Ərəb şahzadəsi də Əsədi hədələdi

Suriya hakimiyyəti isə etirazların mərkəzi olan Homs şəhərini mühasirəyə aldı

Suriyada gərginlik davam edir. Hökumət qüvvələri bütün gücünü Əsəd rejiminə qarşı çıxanlara və etirazların mərkəzinə çevrilən Homs şəhərilə ətraf bölgələrin əlaqəsini kəsməyə yönəldib. Ölkə müxalifətinin yaratdığı Suriya Milli Şurası hökumət qüvvələrinin son günlər Homs şəhərində kütləvi qətllər törətdiyini bildirib.
Bundan başqa, Homs şəhəri əsgərlər tərəfindən mühasirəyə alınıb. Minlərlə hərbçi, çoxsaylı zirehli texnika şəhərin mühasirəsinə cəlb olunub. Şəhərin ətraf bölgələrlə əlaqəsi demək olar ki, tamamilə kəsilib. Bölgədə elektrik enerjisi və mavi yanacaq fasilələrlə verilir. Şəhərin giriş-çıxışında postlar qurulub.
Qeyd edək ki, dekabrın 9-da Suriyanın müxtəlif bölgələrində keçirilən cümə etirazlarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 4 uşaq da daxil olmaqla, 40-dan çox adamın öldürüldüyü bildirilir.
Bu arada, Səudiyyə Ərəbistanı şahzadəsi Türki əl-Feysəl bildirib ki, Suriyanın ərəb qonşuları bu ölkədə qan tökülməsinin davam etməsinə yol verməyəcək və Suriya xalqının öldürülməsini laqeydcəsinə izləməyəcək. Şahzadə Bəşər Əsədi faktlara qəsdən göz yummaqda ittiham edib. Feysəlin sözlərinə görə, Suriyaya qarşı sanksiyalar artıq tətbiq olunsa da, gələcəkdə digər təzyiq vasitələrindən də istifadə edilə bilər.
BMT-nin baş katibi Pan Gi Mun isə Bəşər Əsədin ABŞ mətbuatına müsahibəsindəki fikirlərinə münasibət bildirib. Suriya diktatoru həmin müsahibəsində BMT-ni ölkədə baş verənlərə qərəzli yanaşmaqda ittiham etmişdi. Baş katib isə rəhbərlik etdiyi təşkilatın Suriyada, o cümlədən, dünyanın başqa nöqtələrində baş verənlərlə bağlı mövqeyinin qərəzsiz, ədalətli və BMT Nizamnaməsinə uyğun olduğunu vurğulayıb.
Pan Gi Mun Bəşər Əsədin “ölkədə tökülən qanlara görə məsuliyyət daşımaması” barədə dediklərinə də toxunub: “Mən inana bilmirəm ki, o, 4 mindən artıq adamı öldürməyib. Etibarlı məlumatlar onu göstərir ki, 4 mindən çox adam hökumət qoşunları tərəfindən öldürülüb”.
Suriya Xarici Işlər Nazirliyi isə Bəşər Əsədin “ABC” kanalına verdiyi müsahibəsinin təhrif olunduğunu və bunun qəsdən edildiyini bildirib. Nazirliyin sözçüsü Cihad Makdessinin sözlərinə görə, kanal Suriya hakimiyyətini ləkələmək üçün Bəşər Əsədin müsahibəsinin bir hissəsini yayımlamayıb.
Bəşər Əsədin son müsahibələrinin birində “ölkəsində yaşananların Türkiyə və ərəb ölkələrinin Suriya ilə bağlı gizli planlarının tərkib hissəsi olması” iddiasına isə rəsmi Ankaradan cavab gəlib. Xarici işlər naziri Əhməd Davudoğlunun sözlərinə görə, minlərlə suriyalı ölkələrində üzləşdiyi vəhşiliklərdən yayınmaq üçün Türkiyəyə üz tutubsa, kömək istəyibsə, rəsmi Ankaranın da Suriya hakimiyyətinə “artıq yetər” deməyə haqqı var.
Bu arada, Ərəb Ölkələri Liqasının Suriyada baş verənlərlə bağlı növbəti toplantısının da vaxtı açıqlanıb. Liqanın baş katibi Nəbil Əl Ərəbinin təklifilə toplantının Qətərin paytaxtı Dohada deyil, dekabrın 16-da və ya 17-də Qahirədə keçirilməsi qərara alınıb. Toplantıda Suriya hakimiyyətinin Ərəb Ölkələri Liqasından Dəməşqə yönəlik sanksiyaları dayandırmaq tələbi və bu ölkədə baş verən hadisələr müzakirə olunacaq.