Baş bankirin təklifi başına bəla olub
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov oliqarxların təzyiqi ilə üzləşib. “Azadlıq”a daxil olan məlumatlara görə, baş bankirin hədəfə gəlməsinin səbəbi onun bu günlərdə verdiyi təkliflə bağlıdır.
Bu təklif bank faizlərinin aşağı salmaqla kapitalın ucuzlaşması barədədir. Elman Rüstəmov hesab edir ki, bank faizlərinin aşağı salınması və kapitalın ücüzlaşması qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi üçün vacibdir. “Bundan ilk növbədə yerli kiçik və orta müəssisələr faydalana bilər” deyə baş bankir kapitalın əsas mənbəyinin bank kreditləri olduğunu bildirib: “Biz yaxın illərdə inflyasiyanı stimullaşdırmamaqla və iqtisadi sabitliyi qorumaq şərti ilə bank faizlərini aşağı salmağı düşünürük”.
Azərbaycanda bank sektorunun əhəmiyyətli hissəsi oliqarx məmurların nəzarətindədir. Ölkədə fəaliyyət göstərən əksər iri banklar Kəmaləddin Heydərov, Ziya Məmmədov kimi məmurlara məxsusdur. Elman Rüstəmovun bu təklifi isə onların maraqlarına ciddi zərbədir. Bu baxımdan oliqarx məmurlar baş bankirə qarşı birləşərək onu mövqeyindən çəkindirməyə başlayıblar.
Bank sahəsi üzrə ekspertlər hesab edir ki, Elman Rüstəmov heç bir halda təklifi reallaşdıra bilməyəcək. Onların fikrincə, baş bankir israr edəcəyi təqdirdə oliqarxların ona qarşı təzyiqləri daha da şiddətlənəcək. Digər tərəfdən hakim ailə də ban sektorunda əhəmiyyətli paya malikdir. Ona görə də bu məsələdə onların Elman Rüstəmovun tərəfində dayanacaqları inandırıcı görünmür.
Informasiya şöbəsi