Bakıda taxıl kombinatının direktorunun qətli ilə bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi başlanıb. Bakı şəhər Prokurorluğundan Lent.az-a daxil olan məlumatda bildirilir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Dərhal polis və prokurorluq əməkdaşlarının, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Taxıl Kombinatının direktoru Qalib Bağırov yaşadığı bağ evində öldürülüb.
Bu barədə mərhumun oğlu Pənah Bağırov bildirib.
O qeyd edib ki, atası evdə tək yaşayıb: “Atam bağ evində tək yaşayırdı. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyini bilmirik. Hadisəni törədən şəxslər evin altını-üstünə çeviriblər. Hazırda evdə polis və prokurorluq əməkdaşları araşdırma aparır. Evə heç bizi də buraxmırlar. Polis əməkdaşları mənim də izahatım alıb. Ümid edirik ki, qətli törədən şəxslər tezliklə tapılacaq”.
Qeyd edək ki, hadisə bu gün Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
***
Bakıda daha bir qətl törədilib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
Hazırda hadisə yerində araşdırmalar davam etdirilir. (APA)




