Generalın qohumu rəislə icra başçısını da döyübmüş

Bəylər Əyyubovun polis bacısı oğlunun həmkarlarına silah çəkməsi isə ona məxsus odunla yüklənmiş maşının şöbəyə aparılması olub

Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun Göygöl rayon polis Şöbəsinin əməkdaşı olmuş bacısı oğlu Azər Şahverdiyevlə bağlı yeni məlumatlar yayılıb.
Xatırladaq ki, Azər Şahverdiyev bir neçə gün əvvəl polis orqanlarından xaric edilib. Buna səbəb onun həmkarları ilə mübahisə zamanı onların üzərinə silah çəkməsi olub. Polis şöbəsində baş verən insident zamanı digər polislər Azər Şahverdiyevlə mübahisə edən həmkarlarını Post Patrul Xidməti maşınına mindirərək oradan uzaqlaşdırmağa çalışıb. Bu zaman əlində olan silah olan Azər Şahverdiyev maşına silah çəkib. Göygölün rəisi Məhərrəm Quliyev dərhal hadisə barədə daxili işlər naziri Ramil Usubova, o da öz növbəsində Ilham Əliyevə məruzə edib. Nəticədə qərara alınıb ki, Azər Şahverdiyev polis orqanlarından xaric edilsin. Onun barəsində cinayət işi başlanmayıb.
Yeni məlumatlarda deyilir ki, 10 AP 572 dövlət nömrə nişanlı həmin maşın güllədən deşik-deşik olub. Və hazırda avtomobil təmirdədir. Məlumatlarda həmçinin bildirilir ki, əslində Göygöl polisini Azər Şahverdiyev idarə edirmiş. Onun hətta bir neçə dəfə rəislə də mübahisəsi düşüb. Bu mübahisələrdə Məhərrəm Quliyev Azər Şahverdiyev tərəfindən döyülüb. Lakin rəis işçisinin kim olduğunu bildiyindən səsini çıxarmağa ehtiyat edib. Son hadisə zamanı isə artıq Məhərrəm Quliyevin səb kasası daşıb və dərhal Ramil Usubova məruzə edib. Azər Şahverdiyevin hətta rayonun icra başçısı Arif Seyidovu da döydüyü iddia edilir.
Hadisənin səbəbinə gəlincə, bildirilir ki, polislər bilmədən Azər Şahverdiyevə məxsus odun maşınını saxlayaraq şöbəyə aparıblar. Bu generalın bacısı oğlunun hiddətinə səbəb olub və şöbəyə gələrək dava salıb.