“Ata Holdinq” zərər edirsə…

ataholdinq«Atasız» holdinqlər necə mənfəət əldə edə bilər?

Hökumət özünütəkziblə məşğuldur. Bir tərəfdən sürətli inkişafdan danışırlar, o biri tərəfdən iflas açıqlamaları verirlər. Hətta belə məlum olur ki, neftin qiymətdən düşməsindən əvvəl də iri holdinqlər zərərlə işləyirmiş. Belə ki, verilən məlumata görə, “AtaHoldinq” ASC 2014-cü ili 2 milyon 229,8 min manat, “Synergy Group” ASC isə 66 milyon 563,1 min manat zərərlə başa vurub. Hər iki holdinq ayrı-ayrılıqda 25-dək şirkətdə pay sahibidir. Bu şirkətlərin bir çoxu təmsil olunduğu sektorda lider mövqeyə yiyələnib. “AtaHoldinq” ASC-nin 2015-ci ilin yanvarın əvvəlinə yığılan zərərləri 37,6 milyon, “Synergy Group” ASC-nin zərərləri isə 69,5 milyon manatı aşıb.

Maraqlı burasıdır ki, hər iki şirkət hakim ailəyə yaxınlığı ilə seçilir və ölkənin ən böyük holdinqləridi. Belə məqamda sual meydana çıxır ki, niyə ölkənin ən böyük holdinqləri zərərlə işləyir? Hakim ailənin nəzarətində olan şirkətlər zərərlə işləyirsə, xırda sahibkardan hansı əsasla ödənişlər tələb edilir?

Bu məsələyə bir neçə istiqamətdən yanaşmaq lazımdır. Əgər bu holdinqlər zərərlə işləyibsə, niyə fəaliyyət göstəriblər?  Necə olub ki, zərərlə işləyən holdinqlər 25 şirkətdə pay sahibi olub? Axı bu holdinqlərdə 100-lərlə insan çalışıb, külli miqdarda xərclər olub və s. Belə çıxır ki, bu şirkətlərin yaradılması pul silmək, oğurlanan pulları bölüşdürmək, görüntü yaratmaq üçün imiş?

Digər tərəfdən, əgər ölkənin ən böyük holdinqi zərərlə işlədiyini açıqlayırsa, xırda və orta sahibkarlara niyə güzəşt edilmir? Uzun illər ərzində sahibkarlara zülm olunub, müxtəlif qurumlar sahibkarla “haqq” qoyublar, hətta vergi sisteminin “qodovoy” planları var və s. Əgər “Ata Holdinq” zərərlə işləyibsə, xırda şirkətlər vergidən azad olunmalı, dövlətin maliyyə dəstəyini almalıdır. Çünki, bu fakt onu göstərir ki, bütün şirkətlər sıradan çıxmağa məhkumdur.

Amma bütün bunlara inanmaq da mümkün deyil. Heç kim inana bilməz ki, hakim ailənin himayəsində olan holdinqlər zərərlə işləyib. Bunlar xalqa zərərli həyat bəxş etsələr də, özləri zərərli işə baş qoşmazlar.

Amma buna inanmağımız da hökumətin ifşasını ortaya çıxarır.  Deməli, etiraf olunur ki, ölkədə normal biznes mühiti, dayanıqlı sistem, qazanmaq şansları yoxdur. Ortaya da “Ata Holdinq” kimi bir nümunə çıxararaq, “bu ölkədə hakim ailəyə məxsus şirkət də qazanc əldə etməkdə acizdir” mesajı verirlər. Bəli, “Ata Holdinq” zərər edirsə, “atasız” holdinqlərin aqibətinin təsəvvür etmək çətin deyil.

Bütün bunlardan sonra hansı iş adamı bu ölkədə fəaliyyət göstərər? 22 illik “inkişaf nağılları”ndan sonra  dinləyicilərin başına göydən iflas tökülür.

Akif