“ABŞ-a dəvət Əliyevə növbəti xəbərdarlıqdır”

 

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: «ABŞ Azərbaycana münasibətdə sanksiyaları son çarə kimi gündəmə gətirib»

Dövlət başçısı Ilham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi bir ay əvvəl məlum olsa da, bu barədə yalnız bir ay ötdükdən sonra məlumat verilib. Yəni tədbirə rəsmi dəvət 2015-ci il dekabrın 3-də göndərilsə də, bu barədə məlumatı Prezident Adminstrasiyasının xarici əlaqələr şöbəsinin müdri Novruz Məmmədov yanvarın 6-da verib. Ekspertlərin fikrincə, dəvətin ictimailləşdirilməsinin bu müddətdə gecikdirilməsi Azərbaycan hakimiyyətində olan tərəddülərlə bağlı olub. Yəni bu məlumat ictimailəşənə qədər I.Əliyevin bu tədbirə qatılacağı hələ tam dəqiqləşməyibmiş.

Baş verənlərdə diqqət çəkən daha bir məqam hakimiyyət təmsilçilərinin məsələyə yanaşmasıdır. Məsələn, millət vəkili Aydın Mirzəzadənin fikrincə, bu dəvət erməni diaspor təşkilatlarının apardığı antiAzərbaycan kampaniyasına Ağ evdən verilən qəti cavabdır.

O qeyd edib ki, erməni diaspor təşkilatları, dairələri vaxtaşırı ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun düşməsinə cəhd göstərirdilər.

Bəs, bu cür yanaşma nə dərəcədə düzgündür? Həqiqətənmi Əliyevin dəvəti bu cür dəyərləndirilməlidir?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, hadisələrin xronoloji ardıcıllığı sübut edir ki, bu cür yanaşma düzgün deyil. Nüvə Sammitində iştirakla bağlı dəvətin dekabrın 3-də daxil olduğunu qabardan G.Hacıbəyli qeyd etdi ki, lakin bu dəvət bir ay müddətində ictimailəşdirilməyib. G.Hacıbəylinin sözlərinə görə, ABŞ-ın Azərbaycana qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğu dekabrın 17-də sənədləşib. Həmin tarixdə Konqresin Helsinki Komitəsi sanksiyalarla bağlı qanun layihəsi qəbul edib və həmin layihəni Konqresin müzakirəsinə tövsiyə edib: “Yəni görünür ki, dekabr ayının əvvəllərində Azərbaycan hakimiyyəti ABŞ-a qarşı daha sərt mövqe tutmaq niyyətində olub. Yəqin ki, Azərbaycan tərəfinin sanksiyalarla bağlı müəyyən informasiyaları olub. Məhz bu səbəbdən ABŞ prezidentinin nüvə sammitinə dəvəti geniş ictimaiyyətdən gizlədilib. Bunun ardınca sanksiyalarla bağlı xəbərdarlıqlar gəldikdən sonra Azərbaycan hakimiyyəti bir müddət ABŞ-a qarşı demarş siyasətinə üstünlük verdi. Millət vəkillərindən biri hətta ABŞ-a qarşı sanksiya təşəbbüsü ilə çıxış etdi. Bu, ABŞ-a qarşı aqressiv və demarş xarakterli davranış idi. Əlbəttə, bu, başdan-ayağa bir blefdir. Çünki Azərbaycanın nəinki ABŞ-a qarşı, hətta Amerikanın ştatları ilə rəqabət aparmaq imkanları yoxdur. Digər tərəfdən, neftin qiymətinin qalxmasına da son ümidlər itdi. Səudiyyə və Iran konflikti neftin qiymətinə təsir etmədi. Bütün bunlar kəsinləşəndən sonra hakimiyyət geri çəkilmək xəttini tutur və ABŞ-la münasibətləri normallaşdırmaq fikrinə düşür. Ona görə də hazırda bu dəvət yada düşüb”.

ABŞ-ın niyə I.Əliyevi Nüvə Sammitinə dəvət etməsinə gəlincə, G.Hacıbəyli vurğuladı ki, Amerika heç zaman Azərbaycana qarşı təcrid siyasəti həyata keçirməyib. G.Hacıbəylinin sözlərinə görə, etiraf etmək lazımdır ki, ABŞ Azərbaycanın çətin, mürəkkəb coğrafiyada yerləşməsini nəzərə alaraq, Azərbaycanın bir çox hallarda ərköyünlüklərinə tolerant yanaşıb. Bu günün özündə də ABŞ-ın Azərbaycanı özünün müttəfiqləri sırasından çıxarmaq, ölkəmizi Rusiya, Suriya ittifaqına itələmək niyyəti yoxdur: “Amma təəssüf ki, Azərbaycan hakimiyyəti daxili siyasətdə elə qeyri-məqbul addımlar atır ki, ABŞ-ın Azərbaycanla sərt dildə danışmaqdan başqa çarəsi qalmır. Bir ölkədə 100-dən artıq siyasi məhbus varsa, bu ölkənin ən ləyaqətli insanları – hüquq müdafiəçiləri, ictimai-siyasi xadimləri həbsdədirsə, siyasi müxalifət boğulursa, azad fikir təqib olunursa, demokratiyanın vətəni olan ABŞ öz dəyər və prinsiplərinə sadiqlik nümayiş etdirməli, insan hüquq və azadlıqlarının tərəfində olduğunu göstərməlidir. O da birmənalıdır ki, ABŞ Azərbaycanla bağlı sanksiya təşəbbüsünü sevərək, arzulayaraq etmir. Bunu Azərbaycana münasibətdə son çarə kimi istifadə edir”.

G.Hacıbəyli vurğuladı ki, bu baxımdan I.Əliyevin nüvə sammitinə dəvəti hakimiyyətə verilən növbəti bir şansdır. Bu şansın da mahiyyəti ondan ibarətdir ki, aprelə qədər Azərbaycan üzərinə götürdüyü öhdəlikləri icra etməli, siyasi məhbus problemini həll etməlidir. “Əgər siyasi məhbus problemi həllini tapacaqsa, demokratiya ilə bağlı problem çözüləcəksə, iqtisadi açılıma gediləcəksə, seçki qanunvericiliyi təkmilləşdiriləcəksə, azad və ədalətli seçkilər keçiriləcəksə, ABŞ Azərbaycana qarşı son tədbir olan sanksiyalara müraciət etməyəcək?, deyə G.Hacıbəyli vurğuladı.

Xəyal