Səudiyyə Ərəbistanı şahzadəsi isə Bəşər Əsədi faktlara qəsdən göz yummaqda günahlandırıb
Suriya müxalifəti olan Suriya Milli Şurası anti-hökumət nümayişlərinin mərkəzinə çevrilmiş Homs şəhərində «kütləvi qətl»in törədildiyini bəyan edib. Müxalifət həmçinin ordunun minlərlə hərbçisinin şəhəri mühasirədə saxladığını bildirib.
Qeyd edək ki, ötən gün cümə namazından sonra bir sıra şəhərlərdə keçirilən etiraz aksiyalarında 4 uşaq da daxil olmaqla 40-dan çox adamın öldürüldüyü xəbər verilir.
Bu arada Səudiyyə Ərəbistanı şahzadəsi Türki əl-Feysəl bəyan edib ki, Suriyanın ərəb qonşuları bu ölkədə qan tökülməsinin davam etməsinə yol verməyəcək və Suriya xalqının öldürülməsini laqeydcəsinə izləməyəcək. Türki əl-Feysəl Suriya prezidenti Bəşər Əsədi aydın faktlara qəsdən göz yummaqda ittiham edib. Onun sözlərinə görə, Suriyaya qarşı sanksiyalar artıq tətbiq olunsa da, gələcəkdə digər təzyiq vasitələri də istifadə edilə bilər. Gələcək addımlarla bağlı açıqlama verməyən Səudiyyə Ərəbistanı şahzadəsi Yəmən ssenarisinin təkrarlanmasının mümkünlüyünü də istisna etməyib.


