Rus inqilabı başlandı (FOTOLAR/VİDEOLAR)

Vladivostokdan Moskvayadək yüzminlər ayağa qalxdı

Putinə ultimatum verildi: «Onu Kremlə buraxmayacağıq»

Rusiyada dekabrın 4-də keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edən müxalif və ictimai fəalların təşkilatçılığıyla dünən ümumrusiya mitinqləri baş tutub. Paytaxt Moksva başda olmaqla, ölkənin ən ucqar regionlarında küçələrə axışan etirazçılar baş nazir Vladimir Putinin və Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun istefasını, yeni seçkilərin keçirilməsini tələb ediblər. Mitinqçilər “Putin, rədd ol!”, “Oğrular, səsimizi qaytarın!”, “Putin əclaf” və s. şüarlar səsləndiriblər.
Ən kütləvi etiraz aksiyası paytaxt Moskvada keçirilib. Paytaxtın mərkəzi meydanlarından biri olan “Bolotnoya Ploşad”da keçirilən mitinq başlayan kimi tribunaya musiqçi, “Bizim axmaqlar Putinə səs verir” mahnısının müəllifi Aleksandr Elin qalxıb. O, “Putinsiz Rusiya”, “Putin, Maqadana get” mahnılarını ifa edib.
Onun ardınca çıxış edən hüquq müdafiəçisi Lev Ponomoryov  mitinqlə bağlı çəkilişlərin və şüarların sosial şəbəkələrdə operativ şəkildə yayılmasını iştirakçılardan xahiş edib. Aksiya iştirakçılarının sayının gözlənildiyindən çox olması mitinqin daha da izdihamlı keçməsinə səbəb olub. Moskva polisi meydana yaxın körpünün çökə biləcəyi barədə müxalifət tərəfdarlarına xəbərdarlıq edib. Müxalif fəallar paytaxt rəhbərliyinin xəbərdarlığına cavab olaraq bildiriblər ki, aksiya iştirakçılarının sayı çox olduğundan “Bolotnoya Ploşad” tamamilə dolub və bu səbəbdən mitinqə gələnlərin qalanı yaxınlıqdakı körpü və prospektlərə səpələnib.
Mitinqdə çıxış edən vətəndaş cəmiyyətinin fəalı Boris Akunin Moskva şəhər dumasının deputatlarının istefaya göndərilməsi və paytaxtın meri postuna yeni seçkilərin keçirilməsi tələbini qaldırıb. Ondan sonra tribunaya qalxan jurnalist Oleq Kaşin hazırda həbsdə saxlanılan tanınmış hüquq müdafiəçisi Aleksey Navalnının mitinq iştirakçılarına məktubunu oxuyub.
Müxalifət liderlərindən biri Boris Nemtsov çıxışında seçkinin nəticələrini qəbul etməyəcəklərini, yeni seçkilərin keçirilməsi uğrunda mübarizələrini daha da gücləndirəcəklərini bildirib.

.

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov da mitinqdə çıxışı zamanı yeni seçkilərin keçirilməsini tələb edib. Keçmiş hökumət başçısı yeni parlament seçkiləri keçirilməyəcəyi təqdirdə gələn il martın 4-nə planlaşdırılan prezident seçkilərində vəziyyətin daha da gərginləşəcəyini bildirib. Kasyanov çıxışını “Putini Kremlə buraxmayacağıq” fikrilə tamamlayıb.
“Yabloko” blokunun təsisçisi Qriqori Yavlinski çıxışında hökumətin ünvanına sərt ittihamlar səsləndirib. O, çıxış edərkən mitinq iştirakçıları “Putin oğru!”, “Ayı (medved), get!” şüarları səsləndiriblər.

Aksiya insidentsiz başa çatıb. Təşkilatçılar mitinqə 100-150 min aralığında etirazçının qatıldığını bildiriblər.
Mitinqin sonunda seçkinin nəticələrinin ləğvi tələbilə qətnamə qəbul edilib. Sənəddə həmçinin bütün siyasi məhbusların azad edilməsi, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun istefası, seçkiyə buraxılmayan partiyaların qeydiyyata alınması və yenidən ədalətli seçki keçirilməsi tələb olunur. Təşkilatçılar dekabrın 24-də növbəti aksiyaya çıxacaqlarını bildiriblər. Onlar həmçinin müdaxilə olmadığına görə, polislərə təşəkkür edərək, “Polis xalqladır” şüarları səsləndiriblər.
Seçkinin rəsmi nəticələrinə görə, parlamentdən kənarda qalan “Yabloko” bloku dekabrın 17-də tərəfdarlarını etiraz mitinqi keçirməyə çağırıb.

Regionlar ayağa qalxdı

Moskva ilə yanaşı, Rusiyanın digər bölgələrində də antihökumət mitinqləri baş tutub. Rusiyanın ikinci paytaxtı Sankt-Peterburqda 10 mindən çox etirazçının iştirakıyla mitinq keçirilib. Analoji aksiya üçüncü paytaxt Kazanda da baş tutub. Xabarovsk vilayətində isə 100-ə yaxın gənc fəal fləşmob aksiyası keçirib. Polis etiraz aksiyasını dağıtmağa çalışıb. Yaranmış qarşıdurma nəticəsində 30 aksiya iştirakçısı həbs olunub.
Barnaul şəhərində isə 1000 nəfərdən çox müxalif fəal şəhər sovetinin binası önünə toplaşaraq parlament seçkilərinin nəticələrinə etirazlarını bildiriblər. Onlar seçkinin nəticələrinin ləğvini və yeni seçkilərin keçirilməsini tələb ediblər.
Krasnoyarskda təxminən 700 nəfər şəhərin mərkəzi meydanına toplaşaraq, seçkinin nəticələrinə etirazlarını bildiriblər. Aksiya iştirakçıları 4 dekabr seçkilərinin nəticələrinin ləğvini və yeni seçkilərin tarixinin açıqlanmasını tələb ediblər. Aksiya zamanı insident qeydə alınmayıb.

Çita şəhərində isə 200 nəfər ictimai fəal mərkəzi meydana toplaşaraq saxtakarlığa etirazını bildirib.
Yekaterinburq, Novosibrsk, Perm, Tomsk, Vladivostok kimi iri şəhərlərdə də etiraz aksiyaları keçirilib. Aksiyalara əsasən vətəndaş cəmiyyətinin fəalları və tələbələr qatılıb. Onlar seçkilərdə hakim partiyanın lehinə kütləvi saxtakarlıqlar baş verdiyinə dair şüarlar və plakatlar qaldırıblar. Çelyabinsk şəhərində isə 3000-ə yaxın müxalif fəalın iştirakıyla mitinq keçirilib. Mitinq iştirakçıları hakim partiyanın ünvanına sərt ittihamlar səsləndiriblər. Etirazçılar baş nazir Vladimir Putinin istefasını tələb ediblər.
Buryatiya Muxtar Respublikasının paytaxtı Ulan Ude şəhərinin Inqilab meydanına toplaşan yüzlərlə nümayişçi də 4 dekabr seçkilərinin nəticələrinə və hakim partiyanın siyasi kursuna etirazını bildirib.

Dünyanın iri şəhərlərində Putinə qarşı etirazlar

Xarici ölkələrdə də Rusiyada azad və ədalətli seçki tələbilə etiraz aksiyaları keçirilib. Rusiyanın London, Stokholm, Paris, Təl-Əviv, Vilnüs, Dublində yerləşən səfirliklərinin qarşısında, eləcə də Almaniyanın 12, Ukraynanın üç şəhərində Rusiyadakı etirazlara dəstək aksiyaları baş tutub.
Rusiyada fəaliyyət göstərən telekanallar mitinqlərdən reportajlar yayımlayıb. “NTV” kanalının müxbiri Aleksandr Pivovarov bildirib ki, mitinqdən reportaj verilməsə, o, efirə çıxmayacaq. Onun etirazından sonra kanal paytaxt Mosvada keçirilən izdihamlı mitinqdən geniş reportaj yayımlanıb.

Olbrayt Putini hədələdi

Rusiyada parlament seçkilərinin nəticələrilə bağlı keçirilən etirazların qızışdırılmasına görə başda dövlət katibi Hillari Klinton olmaqla, ABŞ-ı ittiham edən baş nazir Vladimir Putinin cavabı verilib. Karnegi beynəlxaq sülh fondunun Vaşinqtonda keçirilən toplantısında çıxış edən ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın sözlərinə görə, Putin Qərb ölkələrini və Hillari Klintonu ittiham etməklə Rusiyada başlanan etirazların hakimiyyətin yürütdüyü siyasət üzündən baş qaldırdığını ört-basdır etməyə çalışır. Olbrayt Rusiyadakı etirazların məhz ölkədaxili proseslərdən qaynaqlandığını xatırladıb.
“Putin xalqın adından qərar vermək haqqına sahib olduğunu zənn edir. Mənim fikrimcə, onun bu haqqı yoxdur və olmayıb. Putin ölkədə ən nüfzulu şəxs olduğuna dair iddialara özünü inandırıb. O, bu vəziyyətilə ”Lüt Kral”a (Andersonun nağıllarından birinin obrazı) bənzəyir. Putin paltarsız bütün ölkəni dolaşaraq Rusiyanı yaratdığını, rus mədəniyyətini, dövlətçilik sistemini normallaşdırdığını və ölkəni beynəlxalq arenada tanıtdırdığını iddia edir. Ancaq rusiyalılar üçün səslərinin oğurlanması və saxtalaşdırılmasından daha ağır zərbə ola bilməz. Məhz buna görə də rusiyalılar ayağa qalxıb və Putin də onlarla hesablaşmaq məcburiyyətində qalacaq”, – deyə ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt bildirib.

Tural