“2016-cı ildə 100 minədək iş yeri bağlanacaq” VİDEO

qubad-ibadoglu

Qubad İbadoğlu: «Bu gün Azərbaycanda mövcud vəziyyətdə icra hakimiyyətləri əlavə xərc maddəsidir»

İqtisadçı-ekspert Qubad Ibadoğlu manatın devalvasiyası, neftin ucuzlaşmasının Azərbaycanda doğurduğu fəsadlar, 2016-cı ildə sosial durum və böhranlı vəziyyətdən çıxış yolları barədə “Amerikanın səsi” radiosuna müsabihəsində danışıb:

– Ölkə rəhbərliyi 2015-ci idə Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirir, siz necə düşünürsünüz?

– 2015-ci il Azərbaycan üçün çətin illərdən biri oldu və hesab edirəm ki, iqtisadiyyatda real artım müşahidə olunmadı. Iqtisadiyyatın kifayət qədər problemlərini müşahidə etdik. Məlum oldu ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətli deyil, sağlam iqtisadiyyat deyil. Ona görə də inkişafdan danışmağa dəymir. Çünki neftin qiymətinin aşağı düşməsi fonunda iqtisadiyyatda kifayət qədər fəsadlar özünü göstərdi. Xüsusilə nəzərə almaq lazımdır ki, 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğradı, dəyərini 100 faizə yaxın itirdi. Manat Azərbaycan iqtisadiyyatının vəziyyətini xarakterizə edən əsas göstəricilərdən biridir. Milli valyutanın dəyərini iki dəfəyə yaxın itirməsi bütövlükdə iqtisadiyyatda inkişafın mövcudluğundan danışmağı inkar edir. Müəyyən statistik rəqəmlərdə bəzi artımlar olsa da, mən 2015-ci ili Azərbaycan iqtisadiyyatı üçün ağır illərdən biri kimi dəyərləndirərdim.

– Manatın devalvasiyası, neftin kəskin ucuzlaşması iqtisadi-sosial, eyni zamanda, siyasi həyatda hansı problemlər yarada bilər?

Əhəmiyyətli problemlər yarada bilər. Çünki manatın devalvasiyası, dəyərdən düşməsi yalnız gəlirlərin dəyərsizləşməsi demək deyil. Eyni zamanda, hər bir şəxsin malik olduğu mülkün, əmlakın, deyək ki, avtomobilin dəyərsizləşməsi deməkdir. Bu gün manatın dəyərdən düşməsi son nəticədə istehlak bazarında qiymətlərin də bahalaşmasını şərtləndirir. Bir tərəfdən özümüzün malik olduğumuz mülkün, əmlakın və yaxud da avtomobilin, əldə etdiyimiz əməkhaqqının dəyərdən düşməsi fonunda, eyni zamanda xərclərimizin artımını müşahidə edirik. Bu təbii ki, ailə büdcəsinin idarə olunmasında ciddi gərginlik yaradacaq. Manatın dəyərdən düşməsi xüsusən də özəl sektora ciddi şəkildə mənfi təsir göstərib. Bəziləri öz biznesini məhdudlaşdırıb, bəziləri tamam bağlayıb, bəziləri biznesini digər ölkələrə köçürməklə məşğuldir. Bu o deməkdir ki, daxili bazarda iş qüvvəsinin təklifi azalacaq və bu da son nəticədə iş yerlərinin ixtisarı ilə müşahidə olunacaq. Hesab edirəm ki, işsizliyin artması, eyni zamanda, ailə büdcəsində gərginliklər həm də yoxsulluğun genişlənməsini şərtləndirə bilər. Bu da digər fəsadlara gətirib çıxara bilər. Məsələn, kriminal durum pisləşə bilər. Həm də analitik tədqiqatlar göstərir ki, işsizliklə kriminal aləm arasında müəyyən əlaqələr var. Bu baxımdan, hesab edirəm ki, sosial sektorda da ciddi dəyişikliklərə gətirib çıxaracaq.

Manatın dervalvasiyasından, neftin qiymətinin aşağı düşməsindən itirən həm də büdcə olacaq. Çünki 2016-cı ilin büdcəsini doldurmaq bizim üçün ağır olacaq. Əgər büdcəni doldurmaq problem olacaqsa, büdcənin xərclərinin maliyyələşdirilməsində də çətinliklərimiz olacaq. Bu isə əmək haqlarının, pensiyaların vaxtında ödənilməsi sahəsində problemlərin müşahidə olunmasına gətirib çıxara bilər.

– İşsizliyin səviyyəsi nə qədər arta bilər?

– Işsizliyin hazırkı səviyyəsi onsuz da real gerçəkliyi təhrif edir. Söhbət rəsmi açıqlanan rəqəmlərdən gedir. Düşünürəm ki, ötən ilin altı ayında təxminən 30 min nəfərin iş yerlərinin bağlanması ilə bağlı rəsmi statistika elan olunmuşdusa, ilin ikinci yarısında iş yerlərinin bağlanması daha sürətlə getdi. Ilin sonunda bu, pik həddinə çatıb. Çünki bəzi adamların müqaviləsi 2016-cı ildə artırılmadı. Nəzərə alsaq ki, ötən il təxminən 50-60 min iş yeri bağlanıbsa, 2016-cı ildə bağlanan iş yerlərinin sayı yəqin ki, 100 mindən az olmayacaq. Bu da o deməkdir ki, işsizlik səviyyəsi 10 faizdən yuxarı ola bilər.

– 2016-cı ildə Azərbaycan böhrandan qaçmaq üçün hansı addımları atmalıdır?

– Hamı islahatdan danışır, amma əslində islahatdan qabaq da görüləsi işlər var. Birincisi, islahatları aparmaq üçün siyasi iradə, azad bazar təfəkkürü, eyni zamanda, komanda lazımdır. Bu gün Azərbaycanda iqtisadiyyatı idarə edən komanda, eyni zamanda, bizneslə məşğuldir. Əksəriyyətinin demək olar ki, nəzarətində olan iri istehsal sahələri, iri satış şəbəkələri var. Bunlar eyni zamanda, həm də öz sahəsi üzrə biznes fəaliyyətinə nəzarət edirlər. Indiki halda, o komandada təmsil olunan adamların əgər biznes maraqları, fərdi maraqları, korporativ maraqları varsa, onlarla heç islahatları başlamağa dəymir. Çünki ilk növbədə islahatları sabotaj edən, elə həmin hakim komanda, bu gün iqtisadiyyatın idarə olunmasına məsul şəxslər olacaq. Ona görə də mən düşünürəm ki, ilk növbədə bu istiqamətdə dəyişikliklər baş verməlidir, biznes və siyasi idarəçilik bir-birindən ayrılmalıdır. Nəzərə almaq lazımdır ki, islahat həm də hesabatlılıq, korrupsiyaya qarşı mübarizə tələb edir. O baxımdan həm də məmurların gəlirləri və əmlakı barədə açıqlamalar olmalıdır. Bu islahatlar yalnız iqtisadi sektoru əhatə etsə, effekt verməyəcək. Islahatlar siyasi, inzibati, eyni zamanda, sosial sahələrdə də müvafiq tədbirlərlə müşahidə olunmalıdır. Məsələn, mən hesab edirəm ki, bu gün Azərbaycanda mövcud vəziyyətdə icra hakimiyyətləri əlavə xərc maddəsidir. Demək olar ki, büdcənin əsas xərc istiqamətlərindən biri də onların saxlanmasına gedir. Ölkədə bələdiyyə varsa, bələdiyyə büdcəsi formalaşırsa, indiki halda büdcənin rasionallaşdırılması, yerli və inzibati səviyyədə islahatların aparılması üçün icra hakimiyyətlərinin ləğvinin vaxtı çatıb. Hesab edirəm ki, məsələyə daha kompleks şəkildə yanaşmaq lazımdır və daha ciddi təxirəsalınmaz tədbirlər görülməlidir. Əks təqdirdə, islahat xarakterli ayrı-ayrı addımlar bu gün bizim qarşılaşdığımız ciddi problemləri həll etmək iqtidarında olmayacaq.