Rusiyada demokratiya qəfəsdən çıxdı…
Rusiya imperiya və əzmək şüurundan qurtula bilmədiyindən indi də dünyadan tədric olumuş vəziyyətdə qalıb. “Böyük” dediyimiz bu ölkə əslində, siyasi olaraq, o qədər xırda predmetlərlə məşğul olub və əzmək siyasətinə güvənib ki, indi də öz yaratdığının əlində qalıb.
Rus xalqı indi başqa Rusiyanın varlığına keçidin vaxtının çatdığını demək cəsarəti tapıb özündə…
Putinin mətbuat konfransında yanında hərbçi əyləşdirməsi əslində, onun məqsədindən xəbər verirdi. Bu, rus xalqına “əzərəm” mesajının verilməsi idi.
Ömrü boyu əzməyə və qəsb etməyə alışdırılmış bir xalq necə olacaq indi, əziləcək, yoxsa Rusiyada demokratiyanı hələ də qəfəsdə saxlamağa niyyətli olanlara qarşı əzici olacaq?..
Bəs bütün baş verənlərin fonunda Azərbaycanda hakimiyyət nələr vəd verir xalqa? Təbii ki, Rusiyada baş verənlər Azərbaycan üçün çox mühümdür və bunu anlayan yAp iqtidarı indi maaş artımı ilə məşğul olmaq qərarına gəlib.
Şəxsən məndə bu ömrü qısa kampaniyalar ikrah doğurur. Bir az əvvəl “yumurta”, sonra “Rüşvətə yox!” kampaniyalarının ömrünü də, keyfiyyətini də gördük. Yaxşı, indi də maaş kampaniyasına başlamaqla nəyə nail olacaqlar?!
Məşhur yalançı çoban misalında olduğu kimi, artıq o qədər yalandan qışqırıblar, pardon, saxta kampaniyalar həyata keçiriblər ki, indi düz etmiş olsalar belə, kimsə inanmaz.
Təqribən 10 manata da çatmayan bir artımla telekanallarda az qala, sevincdən göz yaşları silən timsahları görəndə adamın ürəyi sıxılır. Nə edəsən? Ya gərək bu hakimiyyətin komediyalarına ciddi yanaşıb doyunca güləsən, ya da əlinin altındakı düyməni basıb, ekranı bu xalqın bəxti kimi qaraya bürüyəsən.
Bu məmurlardan – prezidentindən tutmuş, deputatına qədər soruşasan ki, sən ayı 200 manatla yaşaya bilərsən? Nəinki yaşamaq, sizin heç bir səhər qəhvəaltınıza 200 manat bəs eləməz. Yaxşı, bəs camaat niyə 30 günü 200 manatla başa vurmaq üçün çabalamalıdır?
Telekanallar sevinclə maaş artımından danışır. Bu reportajları ilk dəfə ölkəyə gələn izləsə, düşünər ki, yəqin, bu elə artımdır ki, daha ölkədə kimsənin pula ehtiyacı qalmayacaq. Kimsə də günü-günə çalamayacaq, necə keçinəcəyinin dərdini çəkməyəcək. Amma hardan? Bir qalstukunun qiyməti az qala, 5000 manat olan məmurun yaşadığı ölkədə firavanlıq ola bilərmi?!
Bu qalstuk məsələsini təsadüfən demədim. Qalstuk haqsızlıq edən üçün həm də boynunda gəzdirdiyi ipdir və bir gün bir qolu zorlu həmin ipi onu gəzdirən haqsızın boynuna dolayanda vəziyyət dəyişə bilər. Necə ki, Rusiyada da xalq hakimiyyətdən əl çəkməyib, siyasətlə siçan-pişik oynayan Putinin boğazına salıb… Bizim hakimiyyət də bunun fərqindədir, ona görə də gah yumurtdan, gah rüşvətdən, gah da dilənçi payı kimi artırdığı maaşdan yapışır.
Maaşdan söz düşmüşkən, maraqlıdır, indiki vurhavurda maaş artıran iqtidarın görəsən, əli niyə bu qədər bərkdir? Niyə heç özlərinin də olmayan bu pulu adamlara səxavətlə deyil, dilənçi payı kimi verirlər? Deyirlər ki, görməmiş sərvətə sahibləndikcə xəsisləşər. Bu hakimiyyətin də xəsisliyinin səbəbi bu olmasın?
Bu sərəncamları imzalayarkən Ilham Əliyevin hansı hisslər keçirdiyini dəqiq söyləmək mümkün deyil. Amma ortaya çıxan nəticə budur ki, həmin sərəncamları hazırlayanlardan tutmuş, başbilənlərinə qədər hamısı “qara camaata bu da bəsdir”, – deyə düşünüb. Onların xalqa münasibəti onsuz da hamıya məlumdur…
Ona görə də adam səsi çatdıqca qışqırmaq istəyir ki, “özünüzü zəhmətə salıb islahat-filan aparmayın. 10 manatlıq ”dilənçi payı” islahatları aparmaqdansa, oturub düşünün…
Insanları ac, səfil gündə olan ölkədə boynunda 5000 manatlıq ip gəzdirməyin sonu nə ola bilər, əcəba?