“Sədərək”də “Eurovision” üçün pul yığılır

Dəyəri 50 dollar olan stol məcburi şəkildə 500 manata satılır

Ticarət Mərkəzindən 3 milyon manat tələb edilir

“Sədərək” ticarət mərkəzində sahibkarlardan pul yığılır. Bu barədə “Azadlıq”a məlumat verən sahibkarlardan birinin sözlərinə görə, Hacı Yusif Qədimbəyli “Eurovision 2012″ musiqi yarışması üçün ona qoyulan haqqı ticarətçilərin əliylə ödəmək istəyir.
Sahibkar deyir ki, bu məsələni çox ağartmamaq üçün ”Sədərək”in başçısı maraqlı metoda əl atıb. Belə ki, bazarda olan bütün dükanlara stol satılır. Xüsusi özəlliyi ilə fərqlənməyən bu adi stolun maya dəyərinin 50 dollar olduğunu deyən qaynaq onun sahibkarlara 500 manata satıldığını bildirir: “Adi bir stoldur. Əvvəlcə bizə stolu satmaq istəyəndə elə bildik ki, qızıldandır. Ya da hansısa bir özəlliyi var. Sonradan məlum oldu ki, sexdə hazırlanıb, üstü laklanıb, bizə satırlar. Məcburi almalıyıq. Guya dükanlarda təzə stol olmasa kənardan pis görünəcək”.
Qaynaq deyir ki, “Sədərək” Ticarət Mərkəzində 2 mindən çox dükan var. Hər bir dükandan 500 manat stol pulu almaq nəticədə 1 milyondan artlıq pul edir.
Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində bu cür özbaşınalıqlar birinci dəfə deyil. Sözügedən ünvanda sahibkarlar tez-tez belə qanunsuzluqla qarşılaşırlar. Belə ki, “Sədərək”də bir neçə ay öncə heç bir səbəb göstərilmədən hər kvadrat metrə görə yer haqları 2 manat qaldırıldı.
Buna etiraz edən sahibkarlar daha pisiylə üzləşdi. Nəticədə hər kvadrat metr üçün sahibkarlar əlavə 3 manat ödədilər.
Ticarət Mərkəzinin rəhbərliyi o zaman da bu problemi onlara yuxarıların yaratdığını demişdilər. Rəhbərlik qeyri-rəsmi şəkildə bildirmişdi ki, “Eurovision”a görə onlardan 3 milyon manat pul tələb olunur.

Ramin DEKO