Təkcə evlərin tikintisindən 80 milyon manata yaxın vəsait mənimsənilib
2004-2011-ci illərdə isə bəndbərkitmə işlərinə 1 milyard 35 milyon manat «xərclənib»
Rövşən Hacıbəyli
Imişli rayonunda 205 evin tikintisini “Bakıenerjitikinti” ASC aparıb. Başqa şirkətlər kimi onun da necə seçilməsi, hansı üstün keyfiyyətləri olması barədə heç bir məlumat verilmir. Nəzərə alsaq ki, bu qurumun işi, adından da göründüyü kimi, məftil çəkməkdir. Əslində bu şirkətlər işi ələ keçirəndən sonra onu ikinci, bəzən üçüncü-dördüncü ələ ötürüblər. Bu ötürmələrdə iştirak edən hər şirkət də öz payını götürüb. Adının çəkilməsini istəməyən bir firma rəhbəri deyir ki, ona da Kür qaçqınlarına ev tikməyi təklif ediblər. Amma o, sıralamada üçüncü olub. Faktiki işi görən firma kimi təklif olunan məbləğ onu qane etməyib. “Məndən əvvəlki şirkətlər vasitəçi funksiyası yerinə yetirir, həm də işi heç bir müqaviləsiz gördürürlər”.
Imişlidən Azər Əliyevin aşkara çıxardıqlarının bir qismini diqqətinizə çatdıraq: “FHN-in podratçı kimi seçdiyi ”Bakıenerjitikinti” ASC bu işdə sadəcə dəllallıq edib. Belə ki, evləri ucuz qiymətə ayrı-ayrı tikinti, reklam firmalarına, yaxud fiziki şəxslərə tikdirib, “hazır məhsulu” isə öz adından baha qiymətə təhvil verib. Həmin vaxt 15-dən artıq evin tikintisini aparmış iş adamlarından biri işə cəlb olunmasını belə xatırlayır: “Mən Bakıda tikinti firmasında işləyirəm. Bir gün Knyazın (”Bakıenerjitikinti” ASC-nin sədri Knyaz Hacıyev nəzərdə tutulur – R.H.) adamlarından xəbər gəldi ki, təcili gəl Imişliyə, burada “yağlı” iş var. Gəldik. Məndən başqa da tikinti və reklam şirkətlərindən olanlar vardı, ya da bina tikintisi ilə məşğul olan ayrı-ayrı fiziki şəxslər. Heç kəslə müqavilə bağlanılmadı. Knyaz dedi ki, tikintiyə dair bütün sənədləşmə “Bakenerjitikinti” ASC-nin adınadır, siz sadəcə işləyib haqqınızı alacaqsınız. Mal-material təchizatı, tikintiyə cəlb edilən işçilərə vaxtaşırı haqq ödənilməsi ilə bağlı “qara mühasibatlıq” yaradılmışdı. Bizə verilən smetaya görə, 2 otaqlı yaşayış evininin ümumi xərci 19 min 483 manat idi. Amma deyilənə görə, “Bakıenerjitikinti” ASC bu evləri 37 min manata təhvil verib. 3 otaqlılar üçün bizə 24 min 376 manat ödənilib, Knyaz isə həmin evlərə görə 42 min manat alıb”.
Dövlət hesabına bundan qabaq da Qarabağ qaçqınları və müharibə əlilləri üçün fərdi evlər tikilib. Sifarişçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Həmin evlərin də qiyməti şişirdilib və eyni qaydada məmurlara yaxın şirkətlər podratçı təşkilat olub, evlərin tikintisini ikinci-üçüncü, bəzən dördüncü əllər aparıb. Hər firma da öz payını götürüb.
Uzun müddət tikinti işləriylə məşğul olan iş icraçısı Kür qaçqınları üçün tikilən evlərdə rəqəmlərin həddindən artıq şişirdildiyini deyir. Onun sözlərinə görə, bu tip proyektlərdə 2 otaqlı evin tikintisi 16 min manatdan artıq ola bilməz.
Saatlı rayonu Dəllər kənd sakini Lazım Umudovun evi qəzalı vəziyyətdə olsa da tikintiyə məhkəməyə müraciətdən sonra nail ola bilib. 1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsinin 19 iyul qərarıyla L.Umudovun evinə baxış keçirilməsi, vəziyyəti yerində araşdırması Saatlı Rayon Məhkəməsinə həvalə edilib. Bu il iyulun 30-da evin özülü qazılıb, avqustun 1-dən tikintiyə başlanıb. Amma L.Umudovu razı salmayan məqamlar yetərincədir: “Mənim evimin ümumi sahəsi 190, yaşayış sahəsi isə 176 kv.m olub. Indi mənə cəmi 88 kv.m. sahəsi olan ev tikilir. Bundan əlavə, dəfələrlə tələb etsəm də tikilən evin layihə-smetasını da mənə vermirlər. Kənddə artıq tikintisi başa çatan evlər var. Keyfiyyətsiz və bizə vəd edilən evlər deyil. Hər materialından kəsilməsi (oğurlanması) göz önündədir. Üstəlik, hamam-tualet də yoxdur. Bu evlərin tikintisinin, tutaq ki, 3 otaqlı evin 40-60 min manata rəsmiləşdirildiyi deyilir. Tikintiyə məsul olan Fövqəladə Hallar Nazirliyi isə qiymətləri açıqlamır. Biz fərdi evlərin tikintisini aparan iş icraçılarıyla birgə hesablama aparmışıq, pərakəndə satışda olan tikinti materialları (topdansatış qiymətləri xeyli aşağıdır) ilə hesablayanda usta və fəhlə pulu da nəzərə alınmaqla bizə tikilən 3 otaqlı evin tam başa gəlməsi heç 16 min manata gedib çatmır. Hər cür şəraiti olan ev bizim hesablamalarımızla 14 min 550 manata başa gəlir”.
Evlərin real qiyməti
Evlərin tikintisində yeyinti hallarını həm də şəffaflığın olmaması təsdiqləyir. Iqtisadçı ekspert Rövşən Ağayev də şişirtmənin göz qabağında olduğunu deyir:
“Mənim dostum 120 kvadratmert sahəsi olan 4 otaqlı evi son 4 ayda 30 min manata tam hazır vəziyyəti gətirib. Nəzərə alaq ki, o, bütün keyfiyyət standartlarına tam əməl edib (bünövrəyə qalın karkaz-beton, binanın yuxarısı dövrələmə qalın beton). Onu da nəzərə alaq ki, rayonlarda ustanın qiyməti Bakıdan təxminən 50% ucuzdur. Həmin evlərin tam keyfiyyət standartlarına, keyfiyyətli materiallarla tikilməsinə şübhələri nəzər alsaq, onlar daha ucuz tikilməlidir. Digər tərəfdən, dostumun evinin içərisində tikdiyi hamam-tualetə çəkdiyi xərc təxminən 3 min manat olub. Yəqin ki, həmin evlər bu xərcdən azad olub, ya da buna daha az vəsait xərclənib.
Tikinti mütəxəssisləri ilə apardığım araşdırmaların nəticələri göstərir ki, istənilən 1 mərtəbəli evin 1 kvadratının maya dəyəri (evin yaşayış üçün tam hazır olmasınadək olan mərhələlər keçilənədək – məsələn, divarların, tavanın, döşəmənin rənglənməsinədək) 250-300 manatdan çox ola bilməz. Məsələn, 3 otaqlı ev 75-80 kvadratdan çox ola bilməz. Bu halda onun real qiyməti 22-25 manat aralığında dəyişilmirsə, deməli, şişirtmə göz qabağındadır”.
Dövlət hesabına tikilən fərdi yaşayış binalarını “Azərdövlətlayihə” Dövlət Baş Layihə Institutu layihələndirilib. Layihəyə görə, 2 otaqlı evin sahəsi 73,78 kv.m., 4 otaqlıların isə 100,57 kv.m.-dir. Binalar daş konstruksiyalıdır, damı çardaq tipli, dam örtüyü isə metal kirəmitdəndir. Binaların bünövrəsi lentvari formalı monolit betondandır. Fasadlar və otaqların divarları suvanıb və boya ilə rənglənib. Binaların möhkəmliyi zəlzələ təhlükəsizliyinə görə 8 balla qiymətləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ əlillərinə tikdiyi evlərin proyekti də, demək olar, eynidir. “Azərdövlətlayihə” Dövlət Baş Layihə Institutunun layihələşdirdiyi bu tip 2 otaqlı evin qiyməti 60 min manatdır. Bu işə cəlb olunmuş tikinti firmalarından birinin rəhbəri deyir ki, layihə və tikinti fərqli şeylərdir. Nazirlik tikinti şirkətlərinə bu işi 20 min manata gördürür, 60 min manata imza atdırır. “20 min manata evi necə tikməyin onu maraqlandırmır. Bunun sosial ödəmələri, vergisi, fövqəladəsi var. Şərtə razılaşan şirkət qazanc əldə etmək üçün ucuz işçi qüvvəsinə və ucuz materiallara üstünlük verir, bu vaxt layihə heç yada düşmür…” bu sözləri tş təklif olunan iş icraçısı deyir.
Birinci yağışdaca daman evlər
Tikinti zamanı layihəyə əməl olunmadığını iş icraçıları da etiraf edir. Eyni zamanda ucuz materiallardan istifadə olunduğunu sakinlər də təsdiqləyir. Məsələn, Imişli şəhərinin Şıxəli Qurbanov küçəsindəki 8 saylı evdə yaşayan Səfurə Əliyeva bildirir ki, ona yeni tikilmiş evin dam örtüyü zədələndiyindən, yağış suları divar boyu içəri axır.
Sabirabadın Şıxlar kənd sakini isə yeni tikilmiş evin pəncərəsinin yöndəmsiz olduğunu, həm də örtülmədiyini deyir: “Evə suvaq vurulan vaxt bizə sənədə qol çəkdirdilər ki, guya tikinti başa çatıb. Indi heç kimi tapa bilmirik ki, dərdimizi deyək”.
Azər Əliyevin fikrincə, Fövqəladə Hallar Nazirliyi ictimai obyektlərlə fərdi yaşayış evlərinin tikintisinə ayrılmış məbləği birləşdirməklə dolaşıqlıq yaratmaq niyyəti güdüb. Əslində sosial və infrastruktur obyektlərinin yenidən qurulmasına sərf olunacaq vəsaiti 202,3 milyonun tərkibindən çıxarmaq olardı. Bununla belə, ekspertlərin qiymətləndirmələrinə görə, son illərdə hökumətin dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində kənd yerlərində məktəb, bağça, tibb məntəqəsi, kitabxana və başqa sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması, həmçinin kənd yollarının bərpası ilə bağlı xərcləri nəzərə alsaq, qeyd olunan vəsaitin ən yaxşı halda 15-16 milyon manatı həmin məqsədə yönəldilib. Yerdə qalan təxminən 185-186 milyon manat hesabına 3205 mənzilin tikintisinə sərf olunması o deməkdir ki, bir mənzil dövlət büdcəsinə orta hesabla 57-58 min manata başa gəlib. Nəzərə alsaq ki, daşqınlardan ziyan çəkənlərə 2, 3 və 4 otaqlı evlər tikilib, onda həmin evlərin təxmini qiymətləndirilməsini bu şəkildə aparmaq olar: 2 otaqlılar – 42-43 min manat, 3 otaqlılar – 54-55 min manat, 4 otaqlılar – 63-64 min manat”.
Alternativ hesablamalar mənimsəmənin gözlə göründüyünü deyir. “3205 evin hər birinə görə orta hesabla 20-25 min manat mənimsənilibsə, bu, ümumilikdə 80 milyon manat deməkdir”.
“Azərdövlətlayihə” Dövlət Baş Layihə Institutu Ermənistan və Qarabağ qaçqınları, eyni zamanda Qarabağ əlilləri üçün dövlət hesabına tikilən fərdi evlərin layihəsini hazırlayıb. 2-3-4 otaqlı bu evlərin qiyməti 60-120 min manat arasındadır.
Evlərin qiyməti ilə bağlı suallarımızı FHN-in tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin sədr müavini Elxan Əsədov cavablandırmaqdan yayındı. Quruma göndərdiyimiz sorğuyasa hələ də cavab verilməyib.
Kağız üzərində bərkidilən bənd
2004-2011-ci illərdə 1 milyard 35 milyon manat bəndləri “bərkidib”
Son illərdə ayrılan vəsaitlərlə bağlı iqtisadçılar maraqlı rəqəmlər ortaya qoyub. Belə demək mümkünsə, Kür və Araza nəzarət (bəndlərin hündürlənməsi və genişlənməsi) Meliorasiya və Su Təsərrüfatı ASC-yə həvalə olunub. Bu quruma hər il dövlət büdcəsindən milyon manatlarla vəsait ayrılıb. Ayrılan vəsaitlərin necə və hara xərclənməsi isə “dövlət sirri” olaraq qorunur. Istər müxtəlif tədbirlərdə bununla bağlı verilən suallar, istərsə də ünvanlanan sorğular cavablandırılmır. Daşqın zamanı ərazidə yerli sakinlərlə söhbətdən də bəlli oldu ki, bəndbərkitmə işlərinin sonuncu dəfə nə vaxt görülməsini xatırlamırlar.
Amma maraqlıdır ki, çox çətinliklərdən sonra əldə edilən sənədlərdə bəndbərkitmə işlərinin hər il tam gücü ilə “aparıldığının” şahidi oluruq. Iqtisadçıların ortaya qoyduğu rəqəmlərə diqqət yetirək.
2004-cü il – 39,4 milyon manat
2005 – 48,6 milyon manat
2006 – 67,3 milyon manat
2007 – 141,1 milyon manat
2008 – 153,3 milyon manat
2009 – 199,2 milyon manat
2010 – 205,8 milyon manat
2011 – 219,2 milyon manat.
Ümumilikdə 2004-2011-ci illərdə bu quruma dövlət büdcəsindən 1 milyard 34 milyon 500 min manat vəsait ayrılıb. Onu da bildirək ki, investisiya xərcləri və beynəlxalq kreditlər bura daxil deyil.
Deməli, “xərclənən” məbləğ bundan da artıqdır. “Bərkidilən” bəndlərin yaxınlığında yaşayanlarsa, maraqlıdır ki, o işlərin nə vaxt yerinə yetirildiyini görməyiblər. (Video)
Sabirabadın daşqın suları altında qalan Ulacalı kəndinin sakini Hüseynağa Hüseynovun evi iki bənd arasında yerləşir. O da son illər bəndbərkitmə işlərinin aparılmasının şahidi olmayıb: “SSRI-də yeganə olan bəndatma idarəsi Sabirabadda yerləşirdi. O idarənin müdiri son dərəcə məsuliyyətli bir adam idi. Günü bu bəndlərin üstündə keçərdi. Zəif yerlər bərkidilirdi. Nə görmüşüksə, sovetin vaxtında görmüşük. Sonrakı illərdə təhlükə olanda da camaat öz gücünə bəndləri bərkidib. Dövlət səviyyəsində işlərin şahidi olmamışıq”.
Daşqından ziyan çəkən Saatlının Dəllər kənd sakini Lazım Umudov son illər bəndlərdə hər hansı texnikanın işlədiyini görmədiyini deyir: “Yalnız 2010-cu ildə, daşqından sonra bəndlərdə texnikanın işlədiyini görmüşük”.
Sabirabadın daşqından ziyan çəkən Şıxlar kəndinin evləri lap bəndin yaxınlığında olan 69 yaşlı sakini deyir ki, bu bənddə 2010-cu ilə qədər nə vaxt iş görüldüyünü xatırlamır. O, yalnız 2010-cu ildə daşqınlardan sonra bu işlərin başlandığını deyir: “Bu yaşıma qədər bu bəndin üstündə bir traktor işləsin, fəhlə gəzsin, görməmişik. Ikinci bəndin üstündə hərdənbir traktor görünüb”.
ardı var


