“Xoşbəxtliyin” kodları

elnur-astanbeyliElnur Astanbəyli

Artıq azərbaycanlıları əminliklə iki yerə ayırmaq olar:

  1. AzTV-nin göstərdiyi Azərbaycanda yaşamaq istəyənlər;
  2. “Gallup”un sorğu keçirmək istədiyi Azərbaycanda yaşamaq istəyənlər.

AzTV ilə aydındır. Orada hər gün bizə yaşadığımız ölkəni az qala yerüstü cənnət kimi təqdim edirlər. Soruşa bilərsiniz, bəs bu “Gallup” haradan çıxdı?

Məsələ burasındadır ki, ABŞ-ın bu analitik şirkəti guya Azərbaycanda sorğu keçirib və məlum olub ki, biz hazırda dünyanın dörd xoşbəxt ölkəsindən biriyik.

“Gallup” məhz belə əndrəbadi “sorğularına” görə öz mötəbərliyini çoxdan itirib.

Təsəvvür edin, “sorğu”dan belə məlum olur ki, dünyanın ən xoşbəxt ölkəsi narkotik mafiyasının at oynatdığı Kolumbiyadır, ikinci yeri Fici adlı ölkə tutur, üçüncü yerdə hələ də 13 əsr əvvəlin həyat və düşüncə tərzinin girovu olan Səudiyyə Ərəbistanıdır. Azərbaycan isə dördüncüdür.

Şübhə etmirik. Belə inanmayana lənət! Qoy ermənilər indi bu xəbəri oxuyub paxıllıqdan qırılsınlar (belə görünür, aclıqdan ölüb qurtarmaq fikirləri yoxdur), biz də gedək oturaq Qarabağda. Isa bulağında kabab çəkək, Cıdır düzündə “Yallı” gedək, Dolma ilə “Sarı gəlin”in canı da biryolluq mənasız mübahisələrdən qurtarsın.

Mənə komik gələn nədir? Deməli, bu “Gallup” iki-üç il əvvəl başqa bir sorğunun nəticəsini açıqlamışdı, oradan belə məlum olurdu ki, azərbaycanlıların nə az, nə çox, düz 70 faizi iş tapa bilmir! Çox qısa müddətdən sonra belə bir ölkənin “dünyanın dördüncü ən xoşbəxt”i olması həqiqətən analoqsuz hadisədir.

“Gallup”un Ilham Əliyevin reytinqi ilə bağlı “keçirdiyi” sorğuların nəticələrinə isə hətta MSK sədri Məzahir Pənahov da qibtə edə bilər.

Ümumiyyətlə, avtoritar idarəçiliyin hökm sürdüyü, qorxu mühitinin yaradıldığı, insanların öz fikirlərini özgürcə ifadə etməkdən çəkindiyi ölkələrdə sorğu keçirmək iki şeyin əlaməti ola bilər: 1.Dəhşətli dərəcədə bekarçılığın; 2.Hansısa merkantil maraqların. Üçüncü variant yoxdur.

“…”Gallup” bütün dünyada tanınan nüfuzlu təşkilatdır. Təşkilat öz sorğularının nəticələrinə hörmətlə yanaşır və bu sorğularda ictimai rəyi dəqiqliklə ortaya çıxarmaq təcrübəsi vardır” – bunu isə YAP icra katibi Əli Əhmədov bir neçə il əvvəl deyib. Məncə, cənab Əhmədovun bu tərifindən sonra “Gallup” barədə əlavə nəsə yazmağa ehtiyac qalmır. Hər şey aydındır.

Elə dünən – bizim “dünyanın dördüncü xoşbəxti ölkəsi” elan edildiyimiz gün xəbər lentlərində Bakının Pirallahı rayonunun sakini, 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamovun özünü yaşadığı evin həyətindəki yarımtikilidən asdığı xəbəri vardı, xəbərdən belə məlum olurdu ki, o, borc içində üzürmüş, görünür, son çarəni canına qıymaqda tapıb.

Bundan əvvəl isə Ağdaş rayonunun Aşağı Qəsil kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Vəli oğlu Cabbarovun özünü yaşadığı evin meyvə bağındakı ağacdan asdığı xəbəri yayıldı, onun intihar etməsinə səbəb isə… banklara külli miqdarda borcunun olması imiş!

Iki həftə öncə “Azərişıq” ASC-nin əməkdaşı, 49 yaşlı Məhəmməd Səmədov borclarını qaytara bilmədiyi üçün özünü asıb.

Bir ay əvvəl Quba Rayon Icra Hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi, 48 yaşlı Füzuli Şərifov borclarına görə intihar edib.

Iki ay əvvəl metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında 3 uşaq atası üzərinə benzin törərək özünü yandırmışdı. 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovun anası mətbuata açıqlamasında oğlunun banka olan borcunu ödəyə bilmədiyi üçün belə addım atdığını demişdi.

Bunlar son həftələrdə düşdükləri ağır sosial-iqtisadi durumdan xilas yolunu intiharda görən vətəndaşlarımızla bağlı xəbərlərin az bir hissəsidir. Indi hansısa “sorğu”nun nəticəsindən şou düzəltməyə, ondan rejim xeyrinə, həm də köhnəlmiş, ürəkbulandıran bir ritorika ilə, üslubla təbliğat aləti kimi yararlanmağa çalışanlar öncə bu acı gerçəkliyə baxsınlar, ölkənin hansı nöqtəyə gəldiyini – gətirildiyini görsünlər!

Üstəlik, düşünəndə ki, hələ bunlar Azərbaycanın yaxşı günləridir, necə deyərlər, “jurnaldır” və “kino” qabaqdadır, onda, ümumiyyətlə, adamın tükləri biz-biz olur.