Hakimiyyət əməllərini etiraf edir, amma…

ilham-mushavireBugünə qədər törədilən cinayətlərin məsuliyyətini daşımaq istəmir

Bütün günahkarlar cəzalandırılmalıdır. Bütün cəzalar isə ədalətli olmalıdır. Məhz buna görə də qanunlar, cinayət məcəlləsi, məhkəmə, hakim var. Bildiyiniz kimi məhkəmədə müttəhimə son söz verilir. Müttəhim törətdiyi əməldən peşiman olduğunu söyləyəndə, könüllü təslim olanda bəzən cəzası yüngülləşdirilir. Amma heç bir halda bəraət almır, azadlığa buraxılmır. Yəni, törətdiyi cinayətin cəzasını çəkir.

Amma Azərbaycan hökuməti bir qayda olaraq iş başında yaxalansa da peşiman olduğunu dilə gətirmir və “bəraət” alır. Amma neftin qiymətdən düşməsi, hökuməti bəzi ixtisarlar aparmağa məcbur edib. Bu həm də onun etirafıdır ki, bu strukturlar pul silmək üçün yaradılıb, israfçılıq imiş və.s

Belə ki, ölkə başçısı “qənaət rejiminə keçməliyik” söyləyir, ARDNŞ lazımsız xərclərin azladılması ilə bağlı qərar qəbul edir, Tibbi Sosial Ekspert Komissiyası ləğv olunur və s.  Hansıki, dünənə qədər bu strukturların saxlanmasına 10 milyonlarla vəsait xərclənib, büdcədən pullar silinib. Indi hökumət həmin müttəhimin vəziyyətindədir və “peşimanam” söyləyir. Amma bu məqamda daha əsaslı sual meydana çıxır. Bəs, dünənə qədər ki, qanusuzluqlara, cinayətlərə, dövlət sərvətinin talan edilməsinə görə heç kim məsuliyyət daşımır, heç kim cəzalandırılmamalıdır?

Illərlə dövlətin sərvətini talan edib, sonra bundan müəyyən qədər imtian etmək bəraət qazandırmır axı. Bu strukturlar fəaliyyətdə olanda minlərlə insanın haqqın tapdayıb, pulun alıb, süründürməçiliklə məşğul olub və bütün bunlara görə cavab verilməlidir.

Bu təxminən ona bənzəyir ki, 6 bıçaq zərbəsi endirdiyin adamı xəstəxananın qarşısında qoyub gedirsən və buna görə özünü məsuliyyətdən kənar hiss edirsən.

Demək istəyirik ki, hökumətin bütün addımları cinayətini etiraf edən müttəhimin addımına bənzəyir. Əgər ədalətli məhkəmə olsa, hökumətin təpəsində oturanların hamısı məsuliyyətə cəlb olunmalı, cəzalandırılmalıdır.

Bir sözlə, qənəat rejiminə keçməyi, lazımsız xərcləri azaltmağı xalqa minnət kimi sıramaq, islahat kimi təqdim etmək lazım deyil. Bütün bunlar uzun illər ərzində baş vermiş cinayət əməllərinin etirafıdır və bütün bu ağır cinayətlərə görə cavab verilməlidir.

Amma Azərbaycanda qanun kağız parçasına, məhkəmə asılı quruma çevrildiyinə görə, qatı cinayətkarlar “bəraət vəsiqəsi” ilə gəzir.

Onu da qeyd etmək lazımdır ki, bu gün ölkənin bu vəziyyətə düşməsi, büdcənin yetim qalması, xarici borcun artması məhz bu lazımsız xərclərin nəticəsində yaranıb.

Samir