Velotrekin Idman və Gənclər Nazirliyinə verilməsilə bazar uğrunda mübarizəyə nöqtə qoyuldu
Xəbər verildiyi kimi Nazirlər Kabinetinin qərarı ilə 52 təşkilat Idman və Gənclər Nazirliyinin tərkibinə verilib. Onların arasında Respublika Velotreki də var. Bəlli olduğu kimi hazırda Velotrekin ərazisində yarmarka fəaliyyət göstərir. Yarmarka əvvəllər Ilham Əliyevin əmisi, akademik Cəlal Əliyevin nəzarətində olub.
2005-ci ildə akademikin hakimiyyətdəki mövqeləri zəifləyəndən sonra yarmarka əldən-ələ keçib. Bəzi məlumatlara görə, indi Velotrekdəki yarmarka Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Mirqafar Seyidovun nəzarətindədir. Hər halda yarmarkanın idarə olunmasını “Bandotdel”in yüksək rütbəli əməkdaşlarından biri həyata keçirir.
Lakin yarmarkanı ələ keçirmək uğrunda oliqarxlar arasında amansız mübarizə gedir. Xüsusilə nəqliyyat naziri Ziya Məmmədov yarmarkanın yeni avtovaxğzala köçürülməsinə çalışır. Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevin oğlu Ilqar Əliyev də yarmarkanı özünə məxsus “Ər Riyad” Ticarət Mərkəzinə köçürülməsinə cəhd etsə də, nəticə əldə edə bilmədi. Hazırda Paşayevlər tərəfindən biznesi çökdürülən Ilqar Əliyev iddialarından tamam geri çəkilib. Ziya Məmmədov isə hələ ki, mübarizəsini davam etdirir.
Ötən sayımızda qeyd etmişdik ki, 52 təşkilatın Idman və Gənclər Nazirliyinə verilməsi Paşayevlərin komanda üzvlərini gücləndirmək məqsədi daşıyır. Azad Rəhimov da bu komandaya daxildir. Velotrekin Azad Rəhimovun tabeliyinə verilməsi, həm yarmarkanın artıq onun nəzarətinə keçməsi deməkdir.
Buna qədər bildirilirdi ki, Velotrekin təmirə dayanacağı təqdirdə yarmarka söküləcək. Lakin indi bəzi məlumatlara görə, artıq yarmarkanın sökülməsi təxirə salınıb. Azad Rəhimov kifayət qədər gəlir gətirən yarmarkanı itirmək istəmir.
Informasiya şöbəsi