Azərbaycan azad düşünənlər üçün təhlükəli ölkədir

2011-ci ildə Azərbaycanda 26 nəfər yeni siyasi məhbus olub

Leyla Yunus: «Amnesty International» heç vaxt bir il ərzində bu qədər çox şəxsi vicdan məhbusu kimi tanımamışdı»

2011-ci ildə Azərbaycanda siyasi repressiyalar güclənib və 2003-cü ildən sonrakı dövrdə siyasi məhbusların sayının ən kəskin şəkildə artımı qeydə alınıb. Bu barədə Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus bildirib.
“Bu il 26 yeni siyasi məhbus olub. Siyasi məhbusların ümumi sayı isə 70-dən çoxdur”, deyə Yunus dekabrın 10-da qeyd olunan Beynəlxalq Insan Hüquqları Gününə həsr olunmuş mətbuat konfransında bildirib.
Heç vaxt bu qədər vicdan məhbusu olmamışdı
L.Yunus yeni siyasi məhbuslara 2 aprel mitinqi ilə əlaqədar həbs olunmuş 13 nəfəri, gənc fəal Bəxtiyar Hacıyev və Cabbar Savalanı, hüquq müdafiəçisi Vidadi Isgəndərlini və AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlini aid edib. Bu 17 nəfəri Amnesty International vicdan məhbusu kimi tanıyıb. Heç bir cinayət əməli törətməyən, yalnız siyasi əqidəsinə və ifadə azadlığına görə həbs olunan şəxslər vicdan məhbusu sayılır. Bundan əvvəl Amnesty International heç vaxt Azərbaycanda bir il ərzində bu qədər çox şəxsi vicdan məhbusu kimi tanımamışdı.
Mövsüm Səmədov da siyasi məhbusdur
L.Yunus bu il həbs edilmiş AMDP lideri Nemət Pənahlını da siyasi məhbus sayır. Onun fikrincə, Islam Partiyasının lideri Mövsüm Səmədov və bu partiyanın daha 5 fəalı və dindarlar da siyasi məhbuslardır. O, sözügedən şəxslərə qarşı irəli sürülmüş ittihamların “hakimiyyəti ələ keçirmək cəhdi” olduğuna diqqət çəkib. L.Yunus qeyd edib ki, müntəzəm olaraq bir qrup bu ittihamla həbs olunur. Bu, 1994-95-ci, 2000-ci, 2005-ci, 2007-ci illərdə baş verib və hazırda islamçılar bu ittihamla həbs olunub. L.Yunusun fikrincə, islamçıların həbsinin əsas səbəbi Səmədovun ilin əvvəlində Azərbaycan rəhbərliyinin siyasətini kəskin tənqidə məruz qoyması olub. SDI daha iki din xadimi- bu il Gəncədə xuliqanlıq ittihamı ilə həbs olunmuş Fəxri Ilyasov və Azər Cəbiyevi də siyasi məhbus kimi tanıyıb.
Əvvəlki siyahıdan 25 siyasi məhbus qalıb
26 yeni siyasi məhbusdan başqa, SDI-nin ümumi siyahısında Azərbaycanın AŞ-a qəbul edildiyi zaman və bundan sonra tərtib olunmuş əvvəlki siyahılarından 25 siyasi məhbusun adı qalmaqdadır. SDI 2007-ci ildə “Səid Dadaşbəylinin qrupunun” işi üzrə Iranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq və konstitusiya dövlət quruluşunu devirmək ittihamı ilə həbs olunmuş 10 nəfəri də siyasi məhbus hesab edir.
Bu təhsilli gənclərin siyasi məhbus kimi tanınması üçün əsas cinayət işinin saxtalaşdırılmasının və ittihamların cəfəngiyyat olmasının göz önündə olmasıdır. Belə ki, ittiham materiallarında məhkumların bir-birinə düşmən olan radikal dini təşkilatlar və xüsusi xidmət orqanları ilə əlaqələri olduğu qeyd edilir. Xüsusən, “Hizbullah”, “Həmas”, “Fəth”, “Əl-Qaidə”, xristian qruplaşmalarının, Iran və hətta Israilin xüsusi xidmət orqanlarının adları çəkilir. Məhkumların çoxu həbs edilənədək bir-birini tanımırdılar. Doğmalarının sözlərinə görə, gənclər dindarlar arasında humanitar aksiyaları ilə əlaqədar xüsusi xidmət orqanlarının diqqətini çəkiblər və bu, təhsilli insanların arasında onların məşhurlaşacağı ilə bağlı narahatlıq doğurub.
Siyahıda Fərhad Əliyevlə Əli Insanovda var
SDI-nin siyasi məhbuslar siyahısında gənc fəal Ruslan Bəşirli, keçmiş OMON komandiri Nizami Şahmuradov (1995-ci ilə hadisələri ilə əlaqədar ittiham olunurdu, 2007-ci ildə özü təslim olub), Mehman Məmmədov (keçmiş Bakı prokuroru Məmməd Quliyevin sürücüsü, “dövlət çevrilişi haqqında iş”, 2000-ci il), keçmiş nazirlər Fərhad Əliyev, Əli Insanov və 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmiş, sonradan isə iqtisadi cinayətlərə görə məhkum edilmiş bir sıra digər şəxslərin adları var.
L.Yunus SDI-nin siyahısındakı bütün şəxslərin təkcə Amnesty Internationalın meyarlarına görə deyil, 2001-ci ildə AŞ baş katibinin təyin etdiyi ekspertlərin Azərbaycan üçün müəyyən etdiyi 5 meyar üzrə də siyasi məhbus olduqlarını qeyd edib.
60 min mülkündən oldu, 50 min də olacaq
2011-ci ildə vəziyyətin ciddi şəkildə pisləşdiyi sahələrdən biri kimi l.Yunus söz və ifadə azadlığını qeyd edib.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsini bunun göstəricisi sayıb. Amma ən təhlükəli fakt kimi publisist Rafiq Tağının qətlini göstərib. Bu terror aktı jurnalistlər və digər yaradıcı peşə sahibləri arasında özünüsenzuranın güclənməsinə səbəb olur. “Bu cinayət göstərir ki, azad düşünən insanların Azərbaycanda yaşaması təhlükəli hal alır”, deyə L.Yunus bildirib. 2011-ci ildə vəziyyətin kəskin pisləşdiyi sahələrdən üçüncüsü mülkiyyət hüquqlarıdır. L.Yunusun sözlərinə görə, bu il 60 min vətəndaş abadlıq işləri bəhanəsi ilə adekvat kompensasiya almadan evlərindən məcburi köçürülərək, əmlakından məhrum olub. L.Yunusun məlumatına görə, daha 50 min nəfəri bu tale gözləyir. Vətəndaşlar buna yalnız səylərini birləşdirərək  qarşı dura bilirlər. SDI əmlak hüquqlarının pozulması faktlarını birləşdirərək, beynəlxalq təşkilatlara təqdim etmək niyyətindədir(Turan).
L.Yunus həmçinin qeyd edib ki, 2011-ci ildə digər demokratik azadlıqlar sahəsində də vəziyyət pisləşib.