İmamverdi Cəfərov ABŞ səfirliyində oldu

Ictimai Palatanın üzvü Imamverdi Cəfərov dünən ABŞ səfirinin müşaviri Brigette Buchetlə görüşüb. Bu barədə qəzetimizə Imamverdi Cəfərov məlumat verib. Onun sözlərinə görə, görüşdə sərbəst toplaşmaq azadlığına qadağa qoyulması, mətbuata qarşı təzyiqlər və siyasi məhbusların taleyi müzakirə edilib. Imamverdi Cəfərov Ictimai Palatanın üzvlərinin yeni seçkilər keçirilməsi ilə bağlı imzatoplama kampaniyası barədə təklifini də müşavirin diqqətinə çatıdırıb.

Brigette Buchet isə öz növbəsində bildirib ki, Azərbaycanda insan haqları sahəsində olan problemlər ABŞ hökumətinin diqqətindədir. Müşavir deyib ki, Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığını təmin etməsi Dövlət Departamentinin hesabatında əks olunub. Brigette Buchet bir maraqlı faktı da diqqət çatdırıb. O, bildirib ki, ABŞ səfirliyi vicdan məhbusları ilə görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Lakin hələ ki, qurumdan cavab gəlməyib.