Dərd istehsal eləməyin, bəsimizdir!

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

2016-cı ilin ilk lətifəsi baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədovdan gəldi. Əli müəllimin dediyinə görə, biz də dərman istehsalına başlayacağıq. Corab istehsal edə bilməyən ölkənin dərman istehsal etməyə başlaması gülməlidir.

Əlbəttə, vurğulamaq artıqdır ki, yaptokratlar “dərman istehsalına başlamaq” deyəndə tərkibi xaricdən gətirib burada qablaşdırmağı nəzərdə tuturlar. Yoxsa yerli dərman sənayesi yaratmaq seçki qutusuna topa-topa bülleten atmaq, ya da günahsız adamların cibindən nəşə “çıxarıb”, onları şərləmək qədər asan məsələ deyil. Bunun üçün kalan pul və güclü kadr ordusu lazımdır, hazırda isə onların heç biri Azərbaycanda yoxdur. Illər uzunu neft pulları mənasız şəkildə xərclənib, havaya sovrulub, savadlı, vicdanlı kadrların nəhəng hissəsi isə ölkədən didərgin salınıb.

Belə şəraitdə ölkədə nəinki hansısa dərman preparatı, heç diş çöpü də istehsal etmək mümkün deyil. Əli Əhmədovun açıqlaması sadəcə, ənənəvi YAP-çı populizmidir, filfilo söhbətdir, fiksiyadan başqa bir şey deyil, ona hesablanıb ki, guya bunların ağlı başına gəlib, artıq neft sektorundan kənarda da nələrsə haqqında düşünürlər.

Əlbəttə, boş söhbətdir. Əgər rejim doğrudan da ölkə tarixində yeni səhifə açmaq istəyirsə, bunun üçün öncə indiyə qədərki siyasi baxışlarından, görüşlərindən imtina etməlidir. Ağalıq keçmişi ilə vidalaşmalı, Azərbaycanın bundan sonrakı yolunu, yönünü dəqiqləşdirməlidir. Aydın olmalıdır ki, onlar ölkənin yerini harada görürlər: azad, modern, mədəni, sivil dünyada, yoxsa öz xalqlarına da, özgələrinə qarşı da “parçala, hökm sür”, “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipindən çıxış edənlərin yanında. Öncə tarixin doğru tərəfində yer almaq lazımdır. Dərk və qəbul etmək lazımdır ki, çağdaş dünyada hüquq və azadlıqlarsız hər hansı yüksəlişə, rifaha, sabitliyə nail olmaq mümkün deyil. Velosipedi yenidən icad, Amerikanı təzədən kəşf etməyə ehtiyac yoxdur: yalnız insan hüquq və azadlıqlarının meydanının geniş olduğu ölkələr davamlı, dayanıqlı firavanlığı və əmin-amanlığı, Türkiyə türkləri demiş, “hak edirlər”.

Dediyim odur ki, xalqı dərman istehsalına başlamağımız münasibətilə muştuluqlamamışdan əvvəl ölkənin dərdlərinin dəqiq diaqnozu qoyulmalı, öncə həmin dərdlərə dərman edilməlidir.

Insanları nadan yerinə qoymağa gərək yoxdur, artıq burnu fırtıqlı uşaq da başa düşür ki, yaşadığımız çağda iqtisadiyyat yalnız iqtisadiyyat demək deyil. Yalnız istehsal deyil iqtisadiyyat, yalnız ticarət deyil.

Bu gün iqtisadiyyat həm də azad, ədalətli seçki keçirməyi bacarmaqdır. Hakimiyyətləri xalqın iradəsi ilə formalaşdırmağa vərdiş etməkdir.

Bu gün iqtisadiyyat həm də ədalətli mühakimədir.

Bu gün iqtisadiyyat həm də azad mediadır, müstəqil vətəndaş cəmiyyətidir, onların yaratdığı ictimai rəy və ictimai nəzarətdir.

Bu gün iqtisadiyyat həm də toplaşmaq azadlığıdır.

Bu elementlərin hər hansı birinin yoxluğunda heç bir ölkə sözün həqiqi mənasında iqtisadi qüdrətə çevrilmək, öz vətəndaşlarına rifah bəxş etmək imkanından məhrumdur.

Bu gün dünyada, həbsxanaları ağzınacan siyasi və vicdan məhbusları ilə dolu olan elə bir ölkə göstərə bilərsinizmi ki, həmin ölkə real iqtisadi yüksəlişə nail olmağı bacarıb, sözün həqiqi mənasında sosial dövlətə çevrilib, vətəndaşları üçün mümkün olan ən yüksək həyat şəraitini yarada bilib?! Varsa elə bir ölkə, onda zəhmət olmasa, göstərin, biz də tanıyıb bilək, gəlib sizdən üzr istəyək, siz də bizi cahilliyimizə bağışlayasınız.

Yoxsa daha bu nədi başlamısınız, “bəs iş bilmişik, dərman istehsal edəcəyik!”

Siz ölkədə bir ucdan dərd istehsal eləməyin, dərmanınız lazım deyil.