İlham İsmayıl: «Azərbaycanda da hər ehtimala qarşı bu məsələlər nəzarətdə saxlanılmalıdır»
Səudiyyə Ərəbistanı ilə Iran arasındakı gərginlik getdikcə dərinləşməkdədir. Hətta bəzi ekspertlərin fikrincə, baş verənlər irimiqyaslı müharibəyə çevrilə bilər.
Onu da qeyd etmək yerinə düşər ki, hər iki dövlətin qarşıdurması Azərbaycan ərazisinə də sıçraya bilər. Çünki istər Səudiyyənin təbliğ etdiyi və ölkəmizdə dəstəklədiyi vəhhabilik, istərsə də Irana meylli olan şiəlik Azərbaycanda geniş yayılıb. Bəs bu zəmində qarşıdurma Azərbaycanda da yaşana bilərmi? Belə bir təhlükə varsa, Azərbaycanın müvafiq strukturları hansı addımları atmalıdır?
Təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl bildirdi ki, hər iki dövlət kifayət qədər radikaldır. Həmin dövlətlərin radikallığı təkcə öz ölkələrində deyil, kənarda da müşahidə olunur: “Azərbaycanda da hər ehtimala qarşı bu məsələlər nəzarətdə saxlanılmalıdır. Amma heç də o gözlənilmir ki, Azərbaycanda tərəfdarlar birdən-birə qarşı-qarşıya gəlsinlər. Çünki onların zaman-zaman məscidlər səviyyəsində qarşıdurmaları olub. Amma hazırkı dövrdə hər iki tərəfdə əməliyyat şəraitinə nəzarət edilməlidir. Hər hansı qarşıdurma Azərbaycanda böyüyə və başqa xarakter ala bilər. Ona görə prosesləri nəzarətdə saxlamaq lazımdır. Bu baxımdan Azərbaycanda bu istiqamətdə qarşıdurma istisna edilmir”.
Xəyal