Daş adamları sökmək zamanı

Bakıdakı daş binaları sökməyə qərar verdilər. Bir hökumət sözçüsünün açqlaması vardı dünən saytlarda. Deyirdi ki, həmin binalar 50-60-cı illərdə tikilib, artıq müasir standartlara cavab vermir.
Maraq götürür adamı: məsələn, Prezident Administrasiyasının binasını da sökəcəklərmi? Nə olsun, bəlkə də bünövrəsi möhkəmdir, nə olsun, bəlkə də 12 ballıq zəlzələyə davamlıdır. Amma onun da içində oturanların ağlı, zəkası müasir standartlara cavab vermir. Adı “Prezident Administrasiyası”dır, ancaq mahiyyəti Xan sarayından irəli getmir. Bəs o niyə sökülməməlidir? Olmazmı müasir standartlara cavab verməyən binalar sökülsün, ancaq müasir standartlara cavab verən binaların içində oturan müasir standartlara cavab verməyən adamlar da sökülsün?
Ümumiyyətlə, “müasir standartlar”, “çağdaş tələblər” kimi ifadələr bu hakimiyyətdəkilərin ağzında çox komik, gülməli səslənir. Özləri quldarlıq quruluşunun, orta çağların nadir nüsxələrindən başqa bir şey deyillər, di gəl, daş binalardan müasir standart tələb edirlər.
Bu yaxınlarda böyük bəh-bəhlə nəqliyyatın intellektual idarəetmə sistemini işə saldıqlarını açıqladılar. Necə də zırıltılı səslənir – nəqliyyatın intellektual idarəetmə sistemi!
Təsəvvür etmək belə, çətindir: ölkəni cəhalətlə, keçmişin ən üfunətli qanunları, qaydaları, feodalizmin üsul və vərdişləri ilə idarə edənlər nəqliyyatı intellektual idarə etmək fikrinə düşüblər. Nə deyim vallah, ya yumor hissləri çox güclüdür, ya da utanmazlıq artıq bunların təbii halına çevrilib.
Indi də Bakıdakı daş binaları sökməyə qərar veriblər. Oysa öncə Əliyevçi rejimin sinəsindəki daş ürəyi söküb atmağa ehtiyac var. Yatağa ac girən cocuqların fəryadı, hüquqsuzluq, ədalətsizlik. Işsizlik, yoxsulluq önündə çar-naçar qalan insanların imdadı qarşısında səssizləşən, vətəndaşlarının çağırışını qulaqardına vuran, eşitməzdən gələn, zərrəcə vicdanı sızlamayan, ürəyi ağrımayan, daşlaşan bir sistemin sökülüb atılmasına ehtiyac var.
Amma bunlar daş binaları sökəcəklər.
Halbuki, o daş binanın istənilən biri Ilham Əliyevin yerinə olsa, çoxdan bunca tənqidlər, ittihamlar qarşısında yüz yerindən çatlamışdı… Insanların bunca ah-naləsi, fəryadı, harayı önündə ərimiş, yerlə-yeksan olmuşdu.
Doğrudan da çox gülməli, çox absurddur: bu günəcən dar ayaqdakı bir vətəndaşının imdadına tələsməyən, səsinə səs verməyən, fəryadına qulaq asmayan, qısası, sinəsindən ürək yerinə daş asılan bir rejim daş binaları bəyənmir. Sökmək istəyir. Və səbəb göstərir: istifadə müddətləri bitib!
Gözəl! Hətta çox gözəl! Bəs onda biz sizin özünüzü neyləyək? Siz 50-60-cı illərin daş binalarını artıq bəyənmirsiniz, onları “istifadə müddəti bitmiş” elan edirsiniz, amma gözümüz önündə 50-60-cı illərdən qalma daş adamlar – tiranlar sökülür, yerləbir olur, ən qatı diktatura rejimləri domino daşları kimi yıxılır, öz xalqından deyil, dünyanın qaranlıq güclərindən, transmilli korporasiyalarından ilhamlanan despotların istifadə müddəti bitir, vecinizə deyil. Bəs indi niyə o daş binalar sökülməlidir, amma öz xalqının arzularına, qayğılarına, məşəqqətlərinə səssiz qalan daş ürəklər yox?
Bu ölkədə istifadə müddəti bitən, çağdaş tələblərə, müasir standartlara cavab verməyən çox şey ola bilər və var: daş binalar da, yollar da, körpülər də, avtobuslar da… Amma onlar ən sonuncu dərəcəli məsələlərdir.
Öncə Əliyevlərin bu ölkədə inşa etdiyi, müasir standartlarla yaxından-uzaqdan əlaqəsi bulunmayan, ən ufacıq etiraza, düşüncələrdəki, ağıllardakı ən xırda zəlzələyə belə, davamsız olan müstəbidlik binası yıxılmalıdır. Xan sarayı uçulmalıdır.
Və unudulmamalıdır: 50-60-cı illərdən qalma evlər, binalar bəlkə doğrudan da insanların həyatına təhlükədir. Amma…
Amma insanlara və insanlığa ən dəhşətli və ən böyük təhlükə 50-60-cı illərdən qaynaqlanan, su içən rejimlərdir.
50-60-cı illərdə tikilən binaları söküb, amma 50-60-cı illərdən mayalanan rejimləri saxlarsınızsa, canınıza və malınıza təhlükə əsla bitməz. Davam edər və hər gün daha da böyüyər.
Budur işin doğrusu!