179 məhbus yazar!

Rusiya da parlament seçkisilə özünü gündəmə gətirdi. Indi çox proqnozlar səslənir. Amma inanmıram ki, etirazlar böyük dalğaya çevrilsin. Mən orada cərəyan edən hadisələrə baxıram – demokratlar azlıqdadır… Indi böyük bir gözləntilərə varmağa elə ehtiyac yoxdur, əsas tendensiyanı tutmaq gərəkli  görünür. Hakim partiya səslərinin mühüm bir hissəsini itirib. Beləcə davam etsə, artıq növbəti seçkilərdə onun şansı mübahisəli olacaq. Lakin qarşıdan prezident seçkisi gəlir, daha bir tendensiyaya baxmaq lazım gələcək. Həm də məsələ daha çox ondan asılıdır ki, Putinin, yüngül atletikada deyilən tək, “ikinci nəfəsi” açılacaq, ya yox? Sonuncudan çox şey asılıdır. Indi onun şansları yüksək qiymətləndirilir və böyük ehtimalla o, üçüncü dəfə siyasət olimpində yer tuta biləcək. Sonrası? Sonrasını isə demək çətindir… Burada diqqət çəkən detal budur ki, siyasətin “səksənincilər” nəsli Putinə uduzub.
Qalır indi məktəbin sonuncu siniflərində oxuyan gənclər. Inanmıram Putin özünü daha iki müddət siyasət olimpində saxlaya bilə. Üstəlik, kənarlarda Putini istməyən çoxdur, xüsusən də ABŞ heç bir vəchlə onun hakimiyyətə qayıdışını istəmir. Amma nə etmək olar? Çox şey rusların özündən asılıdır.
Ruslar isə elə xalqdır ki, ömürlərində bircə dəfə inqilab ediblər, hələ də onu unuda bilmirlər, hələ də onun peşmançılığını çəkirlər. Əgər bu peşmançılıq Rusiyanın imperialist siyasətilə də bağlı olsaydı buna sevinmək olardı. Zira nə edəsən ki, belə deyil… Mən bundan artıq bir şey deməyəcəm, çünki buna ehtiyac da yoxdur, biz hələ də “zəif cəmiyyət və güclü dövlət” sindromunu müşahidə edirik. Bəli, Rusiya cəmiyyəti də zəifdir. Bunu etiraf etmək lazım gəlir. Q.Yavlinski və B.Nemtsov, rusların dililə desək, heç də uğurlu siyasi “buksir” deyil, onlar mürəkkəb rus cəmiyyətini öz arxalarınca çəkib apara bilmək iqtidarında deyillər. Bəli, ola bilsin ki, universitet tələbələri arasında onların nüfuzu olsun. Lakin cəmiyyətin böyük kəsimi onlara “elitar Harvard uşaqları” kimi baxır. Həmin siyasi nəslin ən praktik və ağllı siyasətçisi məhz A.Çubays oldu, bu adam siyasətin növbəti mərhələlərində də özü üçün bir “ehtiyat aerodromu” qura bildi. Qalanlar isə… Indi müxalifətin fiqurlarından biri E.Limonov və yaxud da Q.Qasparovdur… Bu adamları Rusiyanın geniş auditoriyası bir siyasətçi kimi anlamır. Məgər başa düşmək çətindir ki, belə siyasi “fasad”la Rusiya müxalifəti heç nəyə nail ola bilməz?! Nə isə. Rusiya mövzusunu qapayaq.
179 yazar məhbus həyatı yaşayır…
Bəli, bu, dünya üzrə statistik göstəricidir. Çox maraqlıdır ki, bu 179 nəfərin 42-si Iranın payına düşür. 179 nəfər yazar bilavasitə peşə fəaliyyətilə bağlı məhkum olunub. Bir çox ölkələrdə, eləcə də Azərbaycanda jurnalistləri elə “söz kaskadyorları” adlandırmaq lazımdır, çünki bu ölkələrdə yazmaq tryuk göstərmək kimi bir şeydir, özü də təhlükəli tryuk! Üstəlik, bir söz də deyim ki, sirkdə akrobatların, kinoda kaskadyorların, ruslar demişkən, straxovkası olur, amma jurnalistlərin belə təminatı yoxdur, onlar sığortalanmayıblar, hər an onlara qarşı nəsə baş verə bilər. Jurnalist üçün belə təminatdan biri elə diffamasiya ilə bağlı qanun ola bilərdi. Amma konkert Azərbaycanda məsələ öz həllini tapmır, onun həllini ildən ilə ötürürlər. Heç olmasa, bunun əvəzinə ağlabatan (tutaq ki, minimum əmək haqqının bir neçə misli) cərimə olsaydı, buna da şükr etmək olardı. O gün qəzetlərdən birinə qarşı bir milyon manat iddia qaldırmaq istəyində bulunanların olduğunu oxudum! Təssəvvür edin, bir milyon manat! Maraqlıdır ki, cinayət hüququnda cərimələrin bir hüdudu, həddi göstərilir. Qəzetlərə qarşı qaldırılan iddialara da bir məhdudiyyət, bir hədd qoymaq olmazdımı?
Kiçik sözardı
Əvvəlcə seçkidən başladıq. Hərçənd Rusiya haqda oldu. Baxırsan hər bir yerdə seçki azacıq da olsa özünə bənzəyir. Təkcə bizim seçkilərdən başqa.
Bizim cəmiyyət meyxanaçıların seçimində daha fəal iştirak edir, nəinki əsas siyasi seçkilərdə! Indi nə edək? Seçkilərə meyxanaçıları cəlb edək? Amma niyə də yox? Əsl siyasi şou olardı!