Timoşenkoya qarşı yeni ittiham

Hazırda həbsda olan Ukraynanın eks baş naziri korrupsiyada şübhəli bilinir

Rusiya ilə qaz sazişlərinin imzalanması zamanı vəzifə səlahiyyətlərini aşmaqda günahkar bilinərək 7 il azadlıqdan məhrum edilmiş Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı növbəti ittiham irəli sürülüb. “Narıncı inqilab”ın liderlərindən biri olmuş Timoşenkonun “Ukraynanın vahid energetika sistemləri” korporasiyasının rəhbəri qismində fəaliyyətində korrupsiya hallarına yol verdiyi iddia olunur.

Keçmiş hökumət başçısının hazırda saxlandığı Lukyanovsk həbsxanasında 12 saat davam edən məhkəmə prosesində aparılan istintaqın versiyaları açıqlanıb. Versiyalardan birinə görə, Timoşenko “Ukraynanın vahid energetika sistemləri” korporasiyasının rəhbəri olduğu 15 il ərzində korporasiyanın Ukrayna Müdafiə Nazirliyinə olan bir neçə milyonluq borcunu silib.

Xatırladaq ki, 7 il müddətinə həbs cəzası ilə yanaşı Timoşenkonun üzərinə azadlığa çıxandan sonra 3 il ərzində müəyyən dövlət vəzifələrini tutmaq qadağası və Ukrayna Neft-Qaz Şirkətinə 200 milyon dollara yaxın təzminat öhdəliyi qoyulub. Timoşenkonun vəkilləri bundan apellyasiya şikayəti veriblər.

Ukraynanın sabiq baş nazirinin həbsxanada səhhəti ilə bağlı problemlərinin olduğu bildirilir. Timoşenkonun qızı Yevgeniya Karr-Timoşenko Fransanın Marsel şəhərində konfransda çıxış edərkən, Kiyev həbsxanasında anası ilə pis rəftar edildiyini və onun işgəncələrə məruz qaldığını bildirib. “Avropa Xalq Partiyası”nın konfransında Yuliya Timoşenko çıxış etməli olsa da, o, həbsdə olduğu üçün qızı Yevgeniya onun əvəzinə çıxış edib. Timoşenkonun boş kürsüsünə isə portreti qoyulub. Yevgeniya iddia edir ki, anasına verilmiş 7 il həbs cəzası onun gələn il keçiriləcək parlament seçkisində iştirakının qarşısını almaq cəhdidir.

İnformasiya şöbəsi