“ABŞ yerinə Türkiyə ilə döyüşmək daha xeyirlidir, parlamenti havaya uçuraq!”
Türkiyədə 700 kq partlayıcıyla birlikdə ələ keçən “Əl Qaidə” terror təşkilatının 11 üzvü barəsində iddianamədə şok məlumatlar olduğu üzə çıxıb. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, ABŞ səfirliyinə hücum etmək üçün paytaxt Ankaranın Sincan bölgəsində kirayələdikləri evə basqın nəticəsində tutulan terrorçular barəsində iddianamə artıq tamamlanıb.
Türkiyənin “Taraf” qəzetinin yazdığına görə, 50 səhifəlik iddianamədə təşkilat üzvlərinin Türkiyə Böyük Millət Məclsini hədəf aldıqları bildirilir. Həmçinin, təşkilat ABŞ Səfirliyinə hücum üçün bütün hazırlıqlarını tamamlayıbmış.
“Cihada Türkiyədən başlayın”
Ankara Xüsusi Səlahiyyətli Prokurorluğu tərəfindən hazırlanan və məhkəməyə təqdim edilən 50 səhifəlik iddianamədə bildirilir ki, terrorçuların evindən tapılan sənədlərdə təşkilat üzvləri Türkiyəni “Dar-ül hərb” (döyüş bölgəsi), hökuməti “Mürtəd” (İslamı tərk edib əvvəlki dinə və yaxud başqa dinə keçənlər), dövləti isə “Tağut” (şeytan) adlandırırlar.
Evdən tapılan başqa bir qeyddə isə Türkiyəyə qarşı müharibə, ABŞ və digər ölkələrə qarşı müharibədən daha xeyirli olduğu və cihada əvvəl Türkiyədən başlanması lazım olduğu deyilir.
Evdə tapılan CD-lərdəki məlumatlara görə, əgər təşkilat üzvləri tutulmasaydı, Türkiyə parlamenti və Ankaradakı kilsələr bombalanacaqdı. Sənədlərin arasında kilsələrdə fəaliyyət göstərən din xadimlərinin adları və ev ünvanları da var imiş.