“MTN işi” ilə bağlı yeni məlumatlar

mtnKeçmiş nazirliyin akademiyasında təmizləmələr; təcridxanada ölən rəis müavini haqda araşdırmalar niyə açıqlanmır?

MTN işi”nə görə keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki ixtisarlardan sonra Milli Təhlükəsizlik Akademiyasında da islahatlara start verilib.

AzNews.az xəbər verir ki, vəzifələrindən azad olunan və həbs edilən yüksək vəzifəli keçmiş MTN-çilərin övladlarının və qohumlarının akademiyadan xaric edilməsinə başlanılıb. Məlumata görə, artıq keçmiş MTN-çilərlə qohumluq əlaqəsi olan 10-dan çox tələbə akademiyadan xaric edilib.

Məlum olub ki, qovulan tələbələrin bir qismi akademiyaya qeyri-qanuni yolla qəbul olunub, digər qismi isə imtahan nizam-intizam qaydalarını pozduqları üçün akademiyadan çıxarılıb.

Bundan başqa “MTN işi” bir çox dövlət qurumları ilə yanaşı diplomatik korpusa da sıçrayıb. Bu barədə məlumatı “Yeni Müsavat” yayıb. Məlumata görə, bir neçə gün əvvəl prezident Ilham Əliyevin sərəncamı ilə geri çağırılan səfirlər sırasında da Eldar Mahmudovla ilişkilərə malik diplomatlar olub. Yada salaq ki, dövlət başçısının imzaladığı sərəncamlarla Pakistan, Küveyt, Bolqarıstan, Italiya və Misirdəki səfirlərimiz – sıralama üzrə Daşqın Məzi oğlu Şikarov, Tural Anar oğlu Rzayev, Emil Zülfüqar oğlu Kərimov, Vaqif Ismayıl oğlu Sadıqov və Şahin Şakir oğlu Abdullayev vəzifələrindən geri çağırılıblar.

Məlumatda deyilir ki, Pakistandan geri çağırılan Daşqın Şikarovla Eldar Mahmudovun əlaqələri olub. Bu əlaqələr özünü təcridxanada asan polkovnik Ilqar Əliyev vasitəsilə həyata keçirilib. Belə məlumat var ki, 2015-ci ilin əvvəlində Ilham Əliyev ailəsi ilə birgə Pakistanda səfirin qonağı olub. Ilham Əliyevin səfirlə etdiyi söhbətlərin mövzusu bəlli deyil. Geri çağırılan Daşqın Şikarovun Azərbaycana qayıdandan sonra “MTN işi” üzrə araşdırma aparan istintaqçıların suallarını cavablandırmaq zorunda qalacağı haqda da məlumat var.

Bakı Şəhər Prokurorluğu isə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik Ilqar Əliyevin müəmmalı ölüm işi üzrə araşdırmaların ilkin nəticələri haqda açıqlama yaymağa tələsmir.

Ortada isə polkovnik Ilqar Əliyevin Bakı Istintaq Təcridxanasında (BIT) özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar var. Məsələn, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BIT nəzarətçilərinin həmin vaxt harada olmaları və digər suallar ortadadır. Ilqar Əliyev MTN-də sıradan bir işçi olmayıb. Onun adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda, qanunsuz dinləmələrdə, qanunsuz gizli çəkilişlərdə hallanıb. Sahibkarlara qarşı etdiyi qanunsuzluqlar haqda isə saysız-hesabsız məlumatlar var.

Belə bir şəxsin həbsdəykən özünü asması çox ciddi suallar yaradır. Ona ölmək üçün “kömək”lik olunduğu iddiaları da səslənir. Ən maraqlısı odur ki, Ilqar Əliyevin meyiti BIT-dən çıxandan 2 gün sonra – 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olundu. Rəsmi məlumatda onun da özünü asdığı deyilirdi. M.Paşayevin Ilqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev I.Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb.

Məlumata görə, Manaf Paşayev Ilqar Əliyevin yerlisi olub. Onların ümumi tanışlarının olduğu haqda da məlumatlar var. 8 dəfə həbsdə olmuş Manaf Paşayevin ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hər iki məhbusun ölümü CM-in 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi üzrə araşdırlır – lakin 2 eyni motivli işlər olsa da, araşdıran qurumlar fərqlidir.

Ölümlərin baş verdiyi məkan eynidir, qanun qarşısında məhbus Ilqar Əliyevlə məhbus Manaf Paşayev eyni statusdadırlar, amma birincinin ölümünün səbəbini Bakı, ikincinin isə Sabunçu prokurorluqları araşdırır. Niyəsini isə bilən yoxdur!

Ilqar Əliyevin ölümündən sonra doğulduğu Göyçayın Çərəkə kəndində dəfn ediləcəyi xəbəri yayılmışdı. Sonradan isə onu Bakıdakı “Qurd qapısı” deyilən ərazidəki qəbiristanlıqda dəfn etdilər. Manaf Paşayevin isə Göyçayda dəfn edilməsi xəbəri var.