Kürü daşdıran korrupsiya

Təkcə evlərin tikintisindən 80 milyon manata yaxın vəsait mənimsənilib

2004-2011-ci illərdə isə bəndbərkitmə işlərinə 1 milyard 35 milyon manat «xərclənib»

Rövşən Hacıbəyli

“Daşan Kürün suyu yox, korrupsiyanın səviyyəsidir” – bunu parlamentin 2010-cu il mayın 11-də keçirilən iclasında millət vəkili Pənah Hüseyn deyib. Onun sözlərinə görə, son 3 ildə Kür ətrafında işlərin görülməsi üçün ayrılan vəsait 30 ildə ayrılan vəsaitdən artıq olsa da, heç bir iş görülməyib.  2010-cu ilin mayında Kür və Araz çaylarının daşması nəticəsində Azərbaycanın 30-a yaxın rayonunda 20 mindən çox yaşayış binası, 110 min hektarÿəkin və örüş sahəsi su altında qalması ilə insanlara, təsərrüfatlara, iaşə və məişət obyektlərinə, tədris-təhsil ocaqlarına, infrastruktura, böyük həcmdə ziyan dəydi. Daşqının nəticələrinin aradan qaldırılması, əhaliyə dəyən ziyanın ödənilməsi, dağılmış, uçulmuş evlərin tikilməsi, qəzalı vəziyyətə düşən evlərin bərpası istiqamətində təxirəsalınmaz tədbirləri nəzərdə tutan sərəncam imzalandı – daşqından 2 ay sonra.
Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197s saylı sərəncamı. Bu sərəncamla müxtəlif komitə və nazirliklərə daşqının nəticələrini aradan qaldırmaq tapşırığı verilirdi ki, ən qısa zamanda – 3 ay müddətində işləri yekunlaşdırsınlar. Komissiya müəyyən etmişdi ki, 3205 fərdi yaşayış evi tikilməli, 3222 fərdi yaşayış evi təmir edilməli, 700 fərdi yaşayış evində isə bərpa-gücləndirilmə işləri aparılmalıdır. Nazirlər Kabineti əhaliyə ev tikəcək şirkətlərlə də tendersiz müqavilə imzalanmasını əsaslandırmışdı: “Işlərin təxirəsalınmadan icrasının vacibliyini…” nəzərə alaraq sifarişçi təşkilatlara birbaşa müqavilələr bağlamağa icazə verilirdi (tender barədə ətraflı bir qədər sonra). Sərəncamın verilməsindən artıq bir il ötdü. Nəinki evlərin tikilməsi, bərpası yekunlaşıb, heç əhaliyə çatacaq kompensasiyalar da hələ tam verilməyib. Səbəblərini axtaraq.

Niyə Fövqəladə Hallar Nazirliyi?

Söhbət kompensasiyaların verilməsinin və tikintinin bu nazirliyə həvalə olunmasından gedir. Çoxları bu suala hələ də cavab tapa bilməyib: Niyə Nazirlər Kabineti sərəncamda nəzərdə tutulan işləri Fövqəladə Hallar Nazirliyinə tapşırdı?
Bunun qanuni əsası var idimi? Fövqəladə hallara cavabdeh quruma həm pul paylamaq, həm tikinti aparmaq, həm də tikintinin təhlükəsizliyinə cavabdeh olmaq səlahiyyətinin verilməsinin arxasında nə dayanır?
Iqtisadçı ekspert Rövşən Ağayev:
“FHN-nin səlahiyyətləri bu qurumun dövlət başçısının təsdiqlədiyi 19 aprel 2006-cı il tarixli Əsasnaməsi ilə tənzimlənir. Həmin Əsasnaməyə görə Nazirliyin fəaliyyət sahələrinə daxildir:
1) mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlamaq və həyata keçirmək;
2) mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək;
3) Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirmək;
4) mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateci əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil etmək və həyata keçirmək;
2-ci madddəyə diqqət yetirsək, orada Nazirliyin vəzifəsi kimi “fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək” göstərilir. Nəzərə alsaq ki, evlərin tiikntisi və bərpası  “fövqəladə halların nəticələrinin aradan qaldırılması” hesab oluna bilər, bu halda Əsasnamə bu işi FHN-nin bilavasitə özünün görməsini yox, ayrı-ayrı qurumların (xüsusilə yerli idarəetmə orqanlarının) görməli olduğu bu işə nəzarət etməli, fəaliyyətləri əlaqələndirməli idi. Amma indiki şəraitdə söhbət 100 milyonlarla manat üzərində sərəncamvermə huququndan gedirsə, FHN-nin bunu başqa qurumlara həvalə etməsi, təbii ki, ağlabatan deyildi – artıq hüququn burda nə dediyi nazir K.Heydərov üçün 2-ci dərəcəli məsələdir – həmişə olduğu kimi.  
Bir şeyi deyim ki, bu qurum əvvəlcədən meqanazirlik (hökumət içində hökumət) kimi nəzərdə tutulub. ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin saytında dünya ölkələrinin hamısının hökumətlərinin strukturu verilib. Bir müddət əvvəl mən həmin saytın məlumatları əsasında araşdırma apardım və məlum oldu ki, bir sıra MDB ölkələri (məsələn, Rusiya, Belarus, Ukrayna) istisna olmaqla dünyanın heç bir ölkəsində bu qədər geniş səlahiyyətləri olan (ölkənin strateji obyektlərinin qorunmasından tutmuş sel köçkünlərinə ev tikməyədək) FHN yoxdur”.
Göründüyü kimi, Əsasnaməni də Azərbaycan “reallıqlarına” uyğunlaşdırıblar.
Iqtisadçı ekspert Vüqar Bayramov: “Fövqəladə Hallar Nazirliyinə tikintilərin aparılması səlahiyyətinin verilməsi Azərbaycan qanunvericiliyinə zidd deyil. Əslində FHN-nin əsasnaməsində də göstərilib ki, fövqəladə hallar baş verən zaman nəticələrinin aradan qaldırılması nazirliyin səlahiyyətindədir. Digər MDB ölkələrində də bu cür fəaliyyəti fövqəladə hallar nazirliyi aparır. Bu fəaliyyət FHN-nə deyil, digər dövlət qurumuna tapşırılsaydı, o zaman bu, praktik olaraq doğru olmazdı”.
Fikirlər müxtəlif olsa da fakt odur ki, bu qurum ona həvalə edilən işin öhdəsindən gəlməyib. Kompensasiyaların paylanması və evlərin tikintisində şəffaflıq gözlənilməyib.

Tender keçirilməməsinin əsası varmı?

Sərəncamın 12-ci bəndində deyilir: “Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini və icraçıların mövcud qaydalara əsasən müəyyən edilməsinin vaxt tələb etdiyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 6-cı, 8-ci və 9-cu bəndlərində göstərilən işlərin işçi cizgilər əsasında, birbaşa müqavilələrlə yerinə yetirilməsinə sifarişçi təşkilatlara icazə verilsin”. Nazirlər Kabineti operativliyi əsas gətirir, amma işin icrasına nəzarəti “yaddan” çıxarır.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin cavabında da tendersiz görülən işlərə aydınlıq gətirilir. “Nazirlər Kabinetinin 05.05.2010-cu il 127s, 29.10.2010-cu il 325s, 07.03.2011-ci il 76s saylı sərəncamlarına əsasən müstəsna hal kimi podratçı təşkilatla birbaşa müqavilə bağlamaqla işlərin görülməsinə razılıq verilmişdir”.
Cavaba irad yoxdur. NK həqiqətən bu icazəni verib, amma bu, məlumatların ictimaiyyətdən gizlədilməsinə icazə sayılmasın gərək.
Daşqınlarla bağlı işlərin tendersiz yerinə yetirilməsinə münasibət də birmənalı deyil. Bəzi ekspertlər Nazirlər Kabinetinin qərarını məntiqli sayır. Daşqınların nəticələrinin aradan qaldırılması üçün tender keçirilməsi operativliyə əngəl ola bilərdi. Bir qism ekspert isə tender keçirilməməsini qanun pozuntusu saymaqla yanaşı, eyni zamanda korrupsiyaya yol açan əməl kimi dəyərləndirir. Belə ki, işlər yüksək çinli məmurların şirkətləri arasında bölüşdürülüb və operativlikdən əsər-əlamət olmayıb. Aradan keçən bir ilə yaxın müddət və operativliyin təmin olunmaması əks fikirdə olanların arqumentlərini təsdiqləyir.
Iqtisadçı ekspert Rövşən Ağayev: “Bu məsələdə qanunvericilikdəki boşluqlar məmurların işinə yarayır. Belə ki, ”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.2 və 21.1.3-cü maddələrinə əsasən, mallara (iş və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda, həmçinin tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda, fövqəladə hallarla əlaqədar həmin mallara (iş və xidmətlərə) təcili təlabat yarandıqda, satınalmanın digər metodlarından istifadə, onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda tender keçirilməyə bilər və bu halda satınalmanın “Bir mənbədən satınalma” metodundan istifadə olunur. Burada artıq müddət qoyulmur ki, “fövqəladə halların nəticələrilə bağlı satınalma proseduru” maksimum hansı dövrdə başa çatdırılmalıdır.
Iqtisadçı ekspert Vüqar Bayramov isə bunun qanuni və qanunsuz tərəfləri olduğunu deyir: “Dövlət Satınalmaları haqqında qanuna görə, Nazirlər Kabinetinin bəzi hallarda vəsaitlərin bölüşdürülməsinin tendersiz keçirilməsinə dair sərəncam vermək hüququ var. Tenderlərin keçirilməmə səbəbi kimi operativliyin təminatı göstərilsə də operativlik təmin edilməyib. Bu baxımdan vəsaitlərin tendersiz paylanması və buna baxmayaraq operativliyin təmin edilməməsi iqtisadi qanunlara uyğun deyil”.

“Qaraçay”ın qaranlıq işləri

Tendersiz seçilən, daha doğrusu, iş tapşırılan şirkətlərdən biri “Qaraçay”dır. Baş direktoru Azər Yusifov olan bu şirkət 1995-ci ildə yaradılıb. Arxasında “fövqəlnazir”in dayandığı “Qaraçay” yeni yaranandan iş sarıdan korluq çəkməyib. Bu şirkət həmişə dövlət qurumlarının tenderlərinin qalibi ola bilib. Şirkətin saytının http://www.qarachay.az ingiliscə versiyasında (nədənsə Azərbaycan dili versiyasında heç bir məlumat yerləşdirilməyib) özləri əsas partnyorlarının dövlət qurumları olduğunu yazıblar. Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi və s. Yeri gəlmişkən, bir problem də ondadır ki, neçə illərdir müəssisə və şirkətlərin reyestr məlumatlarının ictimaiyyətə açıqlanması barədə ekspertlərin təklifləri qulaqardına vurulur. Bu məlumatlar məqsədli şəkildə ictimaiyyətdən gizlədilir, o sadə səbəbə görə ki, həmin şirkətlərin sahibləri dövlətdə yüksək post tutan məmurlar, məmur övladlarıdır.

ardı var