Vəfa Quluzadə Ramiz Mehdiyevə irad tutdu

«Vaxtilə ATƏT-in Minsk qrupuna etiraz edəndə məni heç kəs dəstəkləməmişdi»

“Hazırda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir fəaliyyət göstərmədiyi barədə çıxış etsə də, vaxtilə mən bunu deyəndə hakimiyyətdən heç kim məni dəstəkləmirdi”. Bu sözləri “Azadlıq”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.
ATƏT-in Minsk qrupunun indiyə qədər münaqişənin həlli ilə bağlı heç bir konkret addım atmadığını deyən politoloq xatırlatdı ki, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə düzənlənən bir tədbirdə o, öz iradlarını birbaşa onların üzünə deyib: “ABŞ-ın ölkəmizdəki səfiri vəzifəsini Rino Harniş yerinə yetirən zaman Minsk qrupunun həmsədrləri ilə bir tədbir düzənlənmişdi. Həmin tədbirdə hakimiyyət təmsilçiləri, ictimaiyyət nümayəndələri də iştirak edirdi. Orada həmsədrlər Azərbaycan ictimaiyyətinə mesaj ünvanlamağa çalışırdı ki, sizin yerinizə problemi heç kim çözməyəcək, gedin təklif olunan güzəştlərə razılaşın. Bu zaman mənim çıxışım gözlənilməsə də, tribunaya çıxıb dedim ki, həmsədrlər oyun oynamaqla məşğuldur. Bu addımların problemin həllinə heç bir yardımı yoxdur və Azərbaycan xalqı artıq sizin mənasız mesajlarınızdan təngə gəlib”.
V.Quluzadənin sözlərinə görə, onun çıxışını Rusiyalı həmsədr Yuri Merzlyakov kəsmək istəsə də, öz “payını” alıb. Politoloq Qarabağ münaqişəsinin məhz Rusiya üzündən baş verdiyini və hazırda da Kremlin istəyi olmadığından çözülmədiyini hamı qarşısında elan edib. “Lakin bu çıxışa hökumət rəsmiləri heç bir dəstək vermədilər. Halbuki o zaman bunun üçün mühit daha əlverişli idi”,- deyə V.Quluzadə vurğuladı.

Xəyal