Avro-Atlantik Şuranın keçirdiyi dəyirmi masada söz savaşı
Dünən Avro-Atlantik Şuranın (AAŞ) təşkilatçılığı ilə regionumuzdakı hazırkı durumla bağlı dəyirmi masa keçirilib. Dəyirmi masanın mövzusu “Sürətlə dəyişən regional şərait və Azərbaycanın avro-atlantik inkişaf perspektivləri” olub. Tədbirdə ictimai-siyasi xadimlər, politoloqlar, diplomatik korpusdan Iran və Rumıniya səfirliklərinin təmsilçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan AAŞ sədri Sülhəddin Əkbər hazırda regionumuzda cərəyan edən prosesləri sadalamaqla onlarla bağlı şərhini tədbir iştirakçılarına çatdırdı. O bildirdi ki, Rusiyanın Gürcüstana 2008-ci ildə müdaxiləsindən sonra yerləşdiyimiz regionda siyasi-hərbi situasiya dəyişib. Rusiyanın Ermənistanın Gümrü hərbi bazasında mövcudluğunu daha 25 il müddətinə uzatmaqla Azərbaycana ciddi mesaj ünvanladığını deyən S.Əkbər vurğuladı ki, nəticədə Azərbaycana qarşı siyasi-diplomatik təzyiqlər artsa da, rəsmi Bakının baş verənlərə reaksiyası gec və natamam oldu: “Rusiyanın Ermənistanla əlaqələrini dərinləşdirəndən bir il sonra Azərbaycan Türkiyə ilə Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə saziş imzaladı. Amma bu sazişin də hərəkətə keçməsi bir il yubandı”.
Putinin çöküşü potsovet məkanında mənzərəni dəyişəcək
S.Əkbərin sözlərinə görə, bundan başqa, regionumuzda Xəzərin statusunun müəyyənləşdirilməməsi ciddi problem olaraq qalır. S.Əkbər hesab edir ki, bu məsələnin hələ də açıq qalması regionun təhlükəsizliyini təhdid edən məqamdır. “Ərəb baharı”nın da Cənubi Qafqaza ciddi təsirlərinin olduğunu deyən AAŞ sədri vurğuladı ki, hazırda yeni dünya düzəninin formalaşması prosesi getməkdədir. Hazırda ard-arda avtoritar rejimlərin devrilməsi, dəyişikliklərin Tunisdən Suriya və Iran sərhədinə yaxınlaşması da Azərbaycanın ciddi izləməli olduğu proseslərdən biridir. Eyni zamanda Iran ətrafında cərəyan edən proseslər, Türkiyədə NATO-nun raket hücumundan müdafiə elementlərinin yerləşdirilməsi Azərbaycana təsir edən faktorlar sırasına daxildir. Çünki NATO-nun genişlənməsi prosesini Rusiya həmişə qısqanclıqla izləyib. Rusiyada hazırda cərəyan edən proseslərə də toxunan S.Əkbər bildirdi ki, Rusiyada Putinin dəmir rejiminin çökməsi postsovet məkanının gələcək mənzərəsinə təsir edən hadisədir.
ÜTT-yə üzvlüyə məmur kapitalizmi mane olur
Daha sonra mövzu ilə bağlı iki məruzə dinlənildi. Ilk məruzəçi AAŞ-ın idarə heyətinin üzvü Məhəmməd Talıblının çıxışı “Azərbaycan-AB münasibətləri: mövcud durum və inkişaf perspektivləri”nə həsr olunmuşdu. Azərbaycanın Şərqlə Qərbin, islamla xristian dünyasının arasında yerləşdiyini deyən M.Talıblı vurğuladı ki, Avroatlantik məkana inteqrasiyanın tarixi qədimdir. Əsrin əvvəllərində Nobel qardaşlarının Azərbaycanda neft şirkətlərinin olmasını xatırladan məruzəçi qeyd etdi ki, əsrin sonunda isə 1991-ci ildə AB Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Yaxın illərdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya yolunda 3 istiqaməti olduqca vacib sayan M.Talıblı bildirdi ki, bunlar NATO-ya, ÜTT-yə üzvlük və AB-nin Şərq Tərəfaşlıq Proqramı çərçivəsində qəbul olunacaq öhdəliklərin yerinə yetirilməsidir: “Azərbaycan 1997-ci ildə ÜTT-yə üzvlüklə bağlı müraciət etməyinə baxmayaraq, hələ də üzv ola bilməyib. Postsovet məkanında bizdən sonra üzvlüklə bağlı müraciət etsələr də, onlar bizdən öncə təşkilata üzv olublar. Bəlkə də biz yeganə ölkəyik ki, könüllü olaraq ÜTT-yə üzvlükdən imtina edirik. Bunun səbəbi ÜTT-yə üzvlüyün məmur kapitalizminə son qoyması və inhisarçılıq meyllərini əhəmiyyətli dərəcədə zəiflətməsidir”. ÜTT-yə üzvlüyün Azərbaycana bir sıra üstünlüklər verəcəyini deyən M.Talıblı vurğuladı ki, bu üzvlükdən ayrı-ayrılıqda sahibkarlar, istehlakçılar və cəmiyyət bir sıra mühüm üstünlüklər götürə bilər.
Azərbaycanın AB-yə inteqrasiyasında mühüm hissənin Şərq Tərəfdaşlığı Proqramının təşkil etdiyini deyən M.Talıblı bildirdi ki, AB dünyanın böyük siyasi-iqtisadi məkanıdır. 2010-cu ildə Azərbaycanın AB ölkələri ilə xarici ticarət dövriyyəsinin həcminin 11 mlrd. 828 mln, idxalın həcminin 1 mlrd. 670 mln dollar təşkil etdiyini deyən M.Talıblı vurğuladı ki, bu dövr ərzində AB ölkələri ilə xarici ticarət saldosu müsbət 8,5 mlrd. dollar olub.
M.Talıblının fikrincə, Cənubi Qafqaz ölkələrinin Avroatlantik məkana inteqrasiyası üçün bəzi stereotip və dualist baxışlar da aradan qaldırılmalıdır: “Məsələn, Gürcüstan Avropa Birliyinə can atır, amma nədənsə ABŞ-a ümid edir. Ermənistan sanki bu təşkilata daxil olmaq istəyir, amma bununla bərabər Rusiyanın sərt baxışlarından ehtiyat edir. Azərbaycan Avroap Birliyinə üzv olmaq istəyir, amma karbohidrogen ehtiyatlarını Türkiyəyə və Türkiyə vasitəsilə Avropaya satmaqla və ya AB ilə formal əməkdaşlıq etməklə işini bitmiş sayır. Əslində Avropa strukturlarına inteqrasiya üçün imitasiya, inteqrasiya oyununa son qoymaqla real məzmunlu inteqrasiya kursu götürülməlidir”.
NATO ilə əməkdaşlıq həm də demokratik islahatlar deməkdir
Mövzu ilə bağlı ikinci məruzəni AAŞ sədrinin müavini Yaşar Cəfərli etdi. Y.Cəfərlinin çıxışı isə “Azərbaycan-NATO münasibətləri: mövcud durum və inkişaf perspektivləri” adlanırdı. Azərbaycan-NATO münasibətlərinin hazırkı durumunun çox aktual mövzu olduğunu deyən Y.Cəfərli bildirdi ki, Azərbaycan NATO ilə əməkdaşlıqda bir sıra nailiyyətlər əldə etsə də hazırda Azərbaycanın bu alyansla Fərdi Tərəfdaşlığın 3-cü mərhələsinə keçməsi ilə bağlı razılaşmanın əldə olunmaması ciddi problemdir: “Azərbaycanın NATO ilə əməkdaşlığı sayəsində hər il bizim zabitlər 300-ə yaxın təlim və seminarlarda iştirak edirlər. Bu isə onların bilik və bacarıqlarının artırılması deməkdir. Amma Azərbaycan NATO ilə bir zaman gedən əməkdaşlığını dondurub. Rəsmilər bunu NATO-nun qərəzi ilə izah etməyə çalışırlar ki, guya təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Amma düşünürük ki, bu daha çox iki faktorla bağlıdır. Birinci faktor Rusiyadan çəkinmək, ikinci isə daxili faktordur. Çünki bu təşkilata üzvlük təkcə orduda deyil, insan hüquqları sahəsində də islahatların aparılmasını zəruri edir”.
Məruzələr bitdikdən sonra tədbir dəyirmi masanın mövzusu və “Azərbaycanın Avroatlantik inkişaf perspektivləri ilə bağlı AAŞ-ın təkliflər paketi” ətrafında müzakirələr başlandı. Onu da qeyd edək ki, təkliflər paketində Azərbaycanın hazırda regionda formalaşmış situasiyada atmalı olduğu addımlar sistemli şəkildə göstərilib. Təkliflər paketində xüsusi olaraq Azərbaycanın NATO və AB ilə münasibətləri dərinləşdirməsinin milli maraqların tələb etdiyi vurğulanıb (sənədin tam mətni qəzetimizin saytında).
Iran Azərbaycanı tanımır
Hazırda regionda ciddi proseslərin getdiyini deyən millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, böyük güclərin ətrafında olan Azərbaycana qonşularından təzyiqlər son zamanlar güclənib: “Iran hələ də dövlətimizi Azərbaycan adlandırmır. Azərbaycan gah aran, gah Bakı adlandırılır”.
S.Rüstəmxanlının çıxışını yarıda kəsən Iran səfirliyinin nümayəndələri millət vəkilindən təbliğat aparmamağı və mövzu ətrafında fikir söyləməyi istədilər.
Səfirlik nümayəndələrinin etirazlarının yersiz olduğunu deyən S.Rüstəmxanlı Iranın Azərbaycana qarşı mövqeyinin bir sıra məqamlarda qərəzli olduğunu söylədi. Amma çıxışının sonrakı hissəsində Irana qarşı daha sərt tondan istifadə etməyən S.Rüstəmxanlı əslində Irana qarşı müharibənin Azərbaycanın da maraqlarına uyğun olmadığını söylədi: “Irana qarşı müharibə gözlənilməz nəticələrə səbəb ola və dünyanın görnüşünü dəyişə bilər. Iran nə Əfqanıstan, nə də Iraqdır. Vaxtilə Iraqa hücum etməmişdən qabaq deyirdilər ki, orada kütləvi qırğın silahı var. Amma sonra məlum oldu ki, bu, reallıqdan uzaq imiş. Indi də Iranın nüvə silahı olduğu bildirilir. Amma o da bəllidir ki, Iranda cəmi 4 nüvə başlıqlı raketin olmasına baxmayaraq, Israildə bu raketlərin sayı minlərlədir”. Iranda demokratikləşmənin daha çox xalqın iradəsi ilə getməsinə tərəfdar olan S.Rüstəmxanlıya görə, əksinə xaricdən təzyiqlər narazı xalqı Iran rejimi ətrafında sıx birləşdirir.
Iranın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Seyidəli Musəvi bildirdi ki, Azərbaycanın NATO-ya inteqrasiyası Qarabağ probleminin həllinə yardım etməyəcək. Çünki vaxtilə Gürcüstan da Rusiyaya qarşı NATO-nun köməyinə ehtiyac duyarkən belə yardım olmadı. S.Musəvi hesab edir ki, bundan başqa, Azərbaycan AB-yə inteqrasiya edərkən eyni zamanda qonşularının reaksiyasını da nəzərə almalıdır: “Iran Azərbaycanın düşməni deyil. Iranın silahı olsa da onu Azərbaycana qarşı heç zaman istifadə etməz. Iran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir”.
Iran Azərbaycanın güclənməsini istəmir
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirdi ki, Azərbaycan hazırda AB və NATO ilə məsafə saxlamaqla milli və dövlətçilik maraqlarını qonşularına qurban verməklə məşğuldur. Bu baxımdan hazırda yürüdülən xarici siyasət kursunu yanlış qiymətləndirən F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını ölkəmizin geosiyasi əhəmiyyətini daha da artıra bilər: “Azərbaycanın Avropaya inteqrasiyası ölkəmizin regionda nüfuzunu artıra və bölgədəki proseslərə təsir imkanını genişləndirə bilər. Azərbaycan hazırda heç bir təhlükəsizlik sisteminə daxil olmamaqla özünə təhlükələr yaradır. Belə bir seçimin edilməməsi üzündən də hələ də Qarabağ problemi çözülməmiş qalmaqdadır”.
Azərbaycanın AB-yə inteqrasiyasına Rusiya və Iranın qarşı çıxdığını deyən F.Qəhrəmanlı vurğuladı ki, Tehranın bu mövqedən çıxış etməsi narahatlıqdan irəli gəlir: “Çünki Azərbaycanın Avropa dəyərlərini tətbiq etməsi və daha da güclənməsi Iranın maraqlarına uyğun deyil. Belə olan halda 30 milyondan artıq soydaşımız müstəqilik istəyəcək və Azərbaycan onlar üçün cəlbedici mərkəzə çevriləcək. Məhz bu üzdən Iran Azərbaycanı təhdid edən mövqedən çıxış edir. Azərbaycanda dini zəmində ”bomabalar” hazırlayır. Iranın Ermənistana yardım etməsi, bu dövlətin iqtisadi cəhətdən çökməsinə imkan verməməsi də bu səbəbdəndir”.
S.Musəvi F.Qəhrəmanlının da fikirlərinə münasibət bildirdi. O söylədi ki, Iranın Azərbaycanın güclənməsini istəməməsi ilə bağlı söylənilənlər reallığa uyğun deyil. Azərbaycanın AB-yə inteqrasiyaya çalışmasının nəticəsiz ola biləcəyinə işarə edən S.Musəvi misal kimi neçə illərdir güclü dövlət olmasına baxmayaraq Türkiyənin bu quruma qəbul edilmədiyinə diqqəti çəkdi.
Vətəndaş cəmiyyəti aktiv olmalıdır
AAŞ-ın Idarə Heyətinin üzv, “Azadlıq” qəzetinin köşə yazarı Səxavət Əlisoy isə çıxışında hazırda müsəlman dünyasında mövcud olan avtoritar rejimlərdən danışdı. Islam Konfransına üzv olan 256 ölkədən yalnız 2-də Türkiyə və Iranda normal seçkilərin keçirildiyini deyən S.Əlisoy qeyd etdi ki, qalan ölkələrdə insan haqları kobud şəkildə pozulur. Azərbaycanda da avtoritar rejimin hökm sürdüyünü deyən S.Əlisoy bildirdi ki, Azərbaycanın sərvətlərindən istifadə edən rejim xalqın haqqını tanımır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Azərbaycan təhlükəsizlik sisteminin seçilməsi ilə bağlı konkret mövqe bildirməlidir. Azərbaycan hakimiyyətinin NATO-ya üzvlüyün demokratiya ilə bağlı islahatlar da tələb etdiyinə görə bu addımı atmadıqlarını deyən E.Şahinoğlu vurğuladı ki, artıq indiki iqtidardan AB və NATO-ya inteqrasiya ilə bağlı konkret addımlar tələb etmək əbəsdir. “Bu baxımdan düşünürəm ki, AB və NATO ilə əməkdaşlıq məsələsində vətəndaş cəmiyyəti aktivləşməli və təşəbbüsü ələ almalıdır. Çünki Avroatlantik məkana inteqrasiya kursunun seçilməsi dövlətçilik maraqlarına uyğundur”, deyə E.Şahinoğlu vurğuladı.
Tədbirin sonunda AAŞ-ın qəbul etdiyi təkliflər paketinin son variantının müəyyənləşməsi üçün bir sıra əlavələr təklif olundu.
Xəyal