Rasif Bağırov: «Gündəlik vacib olan dərmanların satışının hansı kriteriyaya görə qadağan edilməsi izah olunmalıdır»
Səhiyyə Nazirliyi müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsini qadağan edib. Dövriyyəsi qadağan edilən dərman seriyaları Türkiyə, Hindistan, Rumıniya, Danimarka, Rusiya, Iordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və s. ölkələrin istehsalıdır. Bu dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanlar daha çox üstünlük təşkil edir.
Siyahıya nəzər salanda elə dərmanların adına rast gəlmək olur ki, onlar əhalinin demək olar, gündəlik istifadə etdiyi preparatlardır. Müxtəlif ağrıkəsicilər, hərarət salan preparatlar, hətta yod və spirt kimi məhsulların qadağan olunması görəsən, nəyə xidmət edir? Bu dərmanların alternativi varmı? Ən əsası, bu qadağanın mahiyyəti nədən ibarətdir?
Əhalinin çaşbaş qaldığı suallara aydınlıq gətirmək üçün tibb sahəsi üzrə ekspert Rasif Bağırova müraciət etdik. Mütəxəssis hesab edir ki, qiyməti aşağı salınan və hələlik anbarlarda olan dərman preparatlarının satışı davam edəcək. “Daha çox istifadə olunan dərmanların satışına qadağa qoyulmasının hansı prinsiplə edildiyi aydın deyil. Insanların həyatında gündəlik lazım olan, temperaturu aşağı salan, ağrıkəsici dərmanlardan bütün dünyada istifadə olunur. Hər ağrıkəsici dərmandan ötrü həkimə müraciət etmək də düzgün deyil. Bu baxımdan, siyahıda olan və gündəlik vacib olan dərmanların satışının hansı kriteriyaya görə qadağan edilməsinin izahı verilməlidir. Onlar mütləq satışda olmalıdır”, – deyə ekspert qeyd edib.
Nigar