Əliyevin Yeni il ritorikası nəyə hesablanıb?

nureddin-memmedliNurəddin Məmmədli: «Bu cür davranış hakimiyyətin bütövlüyünü qorumağa hesablanıb»

Dövlət başçısı Ilham Əliyev yeni il çıxışında son ayların mövqeyinə sadiq qalaraq Qərbə qarşı sərt ritorikadan çıxış etdi. Yenə Qərbin ünvanına ikili standartlarla bağlı ittihamlar səsləndirildi, hazırkı qlobal böhrana görə məhz Qərb ittiham olundu. Bəs, dövlət başçısının Azərbaycan üçün hazırda iqtisadi baxımdan əlverişsiz şəraitdə bu cür bəyanatlar səsləndirməsi Azərbaycana nə vəd edir?

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, I.Əliyev komandası ilə birgə Qərbə qarşı səlib yürüşünü davam etdirməkdədir. N.Məmmədlinin sözlərinə görə, bu, daxili auditoriyaya hesablanmış bir addımdır. Azərbaycanın realda nəinki ABŞ və Avropa Birliyi ölkələrinə, heç ən zəif ölkələrə təsir etmək gücü olmadığını deyən N.Məmmədli vurğuladı ki, bu ritorika və danışıq tərzi diplomatik prinsiplərə ziddir: “O cür yanaşma ilə ölkəni idarə etmək heç bir halda yaxşı nəticə verə bilməz. Hazırda biz Türkiyə ilə Rusiya arasında diplomatik gərginliyi müşahidə edirik. Ən kritik hallarda belə diplomatiyaya xas olan qırmızı cizgilər aşılmır. Ona görə bu cür davranış təkcə Azərbaycanda hakimiyyətin bütövlüyünü qorumaq üçün yox, həm də xalqdakı qəbiristanlıq sabitliyini qorumaq üçündür. Yəni biz heç kimdən qorxmuruq, bizə heç kim təsir edə bilməz. Ona görə də bu xarici siyasətdə perspektivsiz bir yanaşmadır”.

N.Məmmədlinin fikrincə, I.Əliyevin bu cür açıqlama ilə çıxış etməsi də təsadüfi deyil. Çünki ABŞ Konqressində Azərbaycana qarşı sanksiyalar məsələsi getdikcə kəskin şəkildə qoyulur. Bundan da qaçmaq mümkün deyil: “Azərbaycan hakimiyyəti bir qayda olaraq yəhudillərin lobbi təşkilatlarına arxalanaraq addımlar atır. Amma bu gün tam əminliklə demək olar ki, həmin təşkilatlar Əliyev hakimiyyətini müdafiə etmək iqtidarında deyil. Ona görə Ilham Əliyev Yeni il çıxışında son ümidlərini gündəmə gətirdi. Bununla da o, həm komandasında, həm də xalq arasında müəyyən başqaldırmaların qarşısını alacağına ümid edir”.

Xəyal