ANS kiminlə döyüşür?

zumrud-yagmur-yeniZümrüd Yağmur

ANS-in rəhbəri Vahid Naxış elə eyni adlı kanalda manatın zəifliyinin fəzilətindən çıxış edibmiş. Düzünü deyim ki, izləməmişdim, fürsətim olmamışdı. Amma bu “məşhur çıxış” haqqında necə deyərlər, sosial şəbəkələrdə deyimləri, “aforizmləri”, hətta “lətifələri” çox oxumuşdum. Nəhayət, çıxışı keçən gün izləmə fürsətim oldu.

Anlamaq üçün iki dəfə dinlədim, xüsusən də o Yapon yeni ilə bağlı hissəni… Vahid Naxışın iqtisadi “dühasına” və devalvasiyaya vurduğu naxışın rəngarəngliyinə heyrət etməmək mümkün deyildi doğrusu…

Amma nə etdimsə, bu naxışlardan bir şey anlaya bilmədim. Bu Yapon yeni məsələsi ya çox qəliz oldu, ya da bəndənizin anlamaq qabiliyyəti çatmadı. Görəsən, Vahid Naxış yumşaq desək, özü özünü anladımı?

Deyir ki, milli valyutanın güclü olması yaxşı deyil. Sonra da güya sözünü qüvvətləndirmək üçün əlavə edir ki, Yaponiyada ikinci dünya savaşından sonra milli valyuta zəif idi, amma indi elə güclənib ki, onunla ayda iki dəfə Amerikanı gəzmək olar.

İlahi, bunlar danışanda haraları ilə, necə, hansı zehniyyətlə danışır?

Bir də Yapon yeni ki, var, heç indi də güclü deyil. Bir dollar 120.63 yendir. Amma Yaponiya yaşayış səviyyəsinə görə ABŞ-la baş başadır. Niyə? Çünki büdcəsi kimonolardan və ya karate filmlərdən asılı deyil, özünün də daxili istehsalı var. Heç Yaponiyada Vahid Naxış kimi tv rəhbərləri də yoxdur, olsaydı, Yaponiya da Azərbaycanın günündə olardı.

Anladıq, sən “böyüksən”, harasınasa döyüş yazılmış kanalın rəhbərisən, ildə bir nəfər “yuxarıdan” olan birini ilin adamı elan edib ətrafını möhkəmləndirmisən, amma özünü iqtisadiyyat üzrə mütəxəssis elan edib, bu çıxışı şəxsinə rəva görmək kimi nə hala gətirməkdir?

Hesab edirsiniz ki, zavallı xalqdır, nə deyəcəksiniz, həzm edəcək… Amma özünüzə həzm etdirdiyinizdən xəbəriniz varmı, cənab Naxış?

Əslində, normal ölkə, işlək məhkəmə sistemi olaydı, Vahid Naxış və onun kimilərini mənəvi təzminat üçün məhkəməyə vermək olardı. Amma ölkə nə o ölkədir, nə də məhkəməsi məhkəmə…

Bunu qoyaq bir yana və gələk bütünlükdə ANS-in özünə. Bu kanalın adı son vaxtlar yaman gündəmdədir. Bundan əvvəl də ABŞ-a göndərdiyi müxbir Qənirə Ataşova bilmədiyi dildə Azərbaycan həqiqətlərini dilə gətimək istəmişdi. Sosial medianın bu olayla bağlı tənqidləri qarşısında kanalın rəhbərliyi səviyyəsində “qətiyyətlə” müdafiə olunan xanım müxbir daha sonra riqqətə gələrək, politoloqluğa baş vurdu və ABŞ Konqresindəki Azərbaycan hakimiyyətinə sanksiyaları nəzərdə tutan qanun layihəsinin erməni işi olduğunu elan etdi.

Əvvala, Qənirə Ataşova çox böyük risk edib Səyavuş Novruzov, Zahid Oruc, Ziyafət Əsgərovun monopoliyasında olan məsələlərə qarışır. Özü ANS də yaqin ki, maaş alır, daha adını çəkdiyim və çəkmədiim “erməni barmağı” mütəxəssislərinin çörəyinə niyə bais olur?

İkincisi, bu kanal illərdir ki, hansısa döyüşün alnınıza yazıldığını deyib durub. Əvvəllər anlamırdım, axı bunlar kiminlə savaşırlar və döyüşün alınlarına yazıldığını deməklə nə çatdırmaq istəyirlər topluma? İndi başa düşdüm ki, bu kanaldakılar həqiqətə, vicdana qarşı döyüşürlər…

Vahid Naxışla müsahibə edərkən əlini ağzına tutub, yəqin ki, gülməmək üçün içindəki qəhqəhə ilə döyüşən Eldəniz Elgün, aparıcı Qənirə Ataşova, hamıya nəsihət verən Mirşahin və orda işləyən onlarla insan vicdan və həqiqətə açdığı savaşın nəticəsi olaraq bu gün rahatlıqla yalan və vicdansızlığı cəmiyyətə tirajlaya bilirlər.

Deyə bilərsiniz ki, niyə təkçə bu kanaldan yazıram, məgər Azərbaycanda normal və səviyyəli kanal var? Vallah mənim heç bir kanala qərəzim filan yoxdur, düzünü bilmək istəyirsinizsə, heç bir yerli kanalı da izləmirəm.

Amma bu ANS kanalının hikkəsi, özünə yüklədiyi boş mənalar, alnına yazılmış döyüşü, “vicdanlı, qərəzsiz və tərəfsiz” kimi ibarəli xəbərçilik iddiasını görəndə bir az qıçıqlanırsan. Axı hər şey öz həcmində yaxşıdır, ən yararlı nəsnə belə həcmindən daşıb tökülürsə, xarab olub deməkdir.

Yəni deməyim o ki, o biri kanallar olduqları halları ilə razılaşıb oturublar, onların nə Elgiz kimi “iqtisadçı aparıçısı”, nə də Yapon yenindən piyada keçidinə keçid edə biləcək qədər böyük “qabiliyyətə” sahib olan rəhbəri var. Hələ o təyyarə biletlərinin qiymətinin qalxmasını izah etməsini, insanlarımızn sayahət etmə istəyinin “fəlsəfi, psixoloji” izahını demirəm…

Nə isə…

İçimdən böyük bir ağrı keçdi. Yazını da bu ağrı ilə tamamlayıram.

Çingiz Mustafayev bu sayaq “alına yazılan döyüş” üçünmü həyatından vaz kecdi əcaba?