Xaricdə təhsil proqramına dair məlumatlar açıqlansın

Dövlət hesabına xaricdə oxuyanların əksəriyyəti məmur övladlarıdır»

Iqtisadi Tədqiqatlar Mərkəzi təhsil nazirindən cavab istəyir

 

Azərbaycan məmurlarının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq məsələsində tutduqları antidemokratik mövqe getdikcə daha da sərtləşir. Məmurlar yalnız beynəlxalq öhdəliklər olan sahələrdə, özü də maksimum məhdud çevrədə QHT-lərlə əməkdaşlığa şərait yaradırlar. Hətta bir çox hallarda dövlət başçısının müvafiq sərəncamlarına, onun imzaladığı sənədlərin tələblərinə belə əməl olunmur. Belə sənədlərdən biri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”dır. Beş il əvvəl icrasına başlanan bu proqramın əsas məqsədi ölkənin bacarıqlı kadrlara olan tələbatını təmin etməkdir. Onun icrasına nəzarəti Prezident yanında Təhsil Komissiyası həyata keçirsə də, birbaşa icraçısı Təhsil Nazirliyidir.
Proqramın icrasını araşdıran Iqtisadi Tədqiqatlar Mərkəzi maraqlı vəziyyətlə üzləşib. Mərkəzin Ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdikləri “Azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xaricdə təhsili ilə bağlı dövlət proqramının tətbiqinə dair ictimai maarifləndirmə” layihəsinin icrası prosesində Təhsil Nazirliyinə əməkdaşlıqla bağlı müraciət ediblər: “Nazirlikdən ali məktəblərdə tələbələr üçün proqramla bağlı maarifləndirmə xarakterli seminarların keçirilməsində təşkilati dəstək istədik. Çox maraqlı bir cavab aldıq ki, proqramın icrası prosesində QHT-lərlə əməkdaşlıq nəzərdə tutulmayıb. Halbuki dövlət başçısının təsdiqldiyi proqramın 3.1-ci bəndində qeyd olunur: ”Gənclərin xarici ölkə ali məktəblərində təhsil almalarının təşkili prosesi dövlət, ictimai və özəl təşkilatların qarşılıqlı əlaqələri – sosial tərəfdaşlıq prinsipi üzərində qurulur. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almalarının maliyyələşdirilməsi mexanizmləri və təhsil alacaq gənclərin seçim meyarları şəffaflıq prinsipi əsasında müəyyənləşdirilir”. Nazirlik nəinki bu prinsipə əməl etmədi, üstəlik, proqramın icrası ilə bağlı bir sıra məlumatları əldə etmək üçün göndərdiyimiz informasiya sorğularının əksəriyyəti cavabsız buraxıldı. Hətta Nazirlər Kabinetinə ünvanladığımız bir sorğu cavablandırılması üçün Təhsil Nazirliyinə göndərildi və sanki dibsiz quyuya düşdü. Cəmi iki sorğumuza, özü də məhdud və yarımçıq formada cavab aldıq. Bununla bağlı nazirin özünə də müraciət etdik, lakin müsbət nəticə olmadı. Halbuki proqramı maliyyələşdirən Dövlət Neft Fondu bunun tamam əksi olan mövqe nümayiş etdirərək, onlara aid olan bütün suallarımızın operativ qaydada cavablandırılmasını təmin etdi. Buna görə Fondun rəhbərliyinə təşəkkürlərimizi bildiririk”.
ITM nazirlikdən hansı məlumatları almaq istəyib? Mərkəz həmin məlumatların bir qismini bir daha təhsil naziri M.Mərdanovun diqqətinə çatdırır:
2007-ci il 16 aprel tarixli 2090 saylı sərəncamla təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyaclarının müəyyənləşdirilməsi bölümündə nəzərdə tutulan plan(əgər varsa, illər üzrə ayrılıqda) tanışlıq üçün ITM-ə təqdim olunsun; Dövlət proqramı çərçivəsində xaricdə təhsil hüququ qazanmaq üçün 2007, 2008, 2009, 2010 və 2011-ci illərdə (proses başa çatıbsa) hər il neçə nəfər iddiaçı müraciət edib? Onlardan neçə nəfərinin müraciətinə mənfi cavab verilib və belə cavabın səbəbləri hansılar olub?; Dövlət proqramının əsas hədəflərindən biri “xaricdə  dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan  gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılmasıdır. Proqramda qoyulan bu hədəfə nail olunması üçün hansı addımların atılması nəzərdə tutulur?; Indiyədək neçə nəfər proqram çərçivəsində təhsilini bitirib ölkəyə qayıdıb? Onların nə qədəri və hansı sahələrdə işlə təmin olunub? Məzunların işlə təminatına dair proqram və onun icra planında nəzərdə tutulan hüquqi bazanın formalaşdırılması sahəsində hansı addımlar atılıb?; Proqram məzunu olmasına rəğmən, təhsilini bitirdikdən sonra Azərbaycana qayıtmaqdan imtina edənlər varmı? Varsa, onların barəsində hansı tədbirlər görülüb?; Proqram hədəflərinə nail olunması üçün xaricdə təhsil almağa göndərilənlərə qoyulan tələblərin yumşaldılması nəzərdə tutulurmu?
Bütün bunlardan əlavə, ITM nazirlikdən indiyədək proqram çərçivəsində xaricə göndərilmiş şəxslərin valideynlərinin sosial statusuna dair məlumatı da istəyib. Lakin bu sual da cavabsız buraxılıb: “Layihə çərçivəsində xarici təcrübəni öyrəndikdə çox ibrətamiz faktlarla üzləşdik. Məsələn, eyni məqsədlə proqram icra edən Qazaxıstanda xaricə göndərilənlərin valideynlərinin sosial statusuna dair məlumat açıq şəkildə internetə yerləşdirilib. Orada məmur övladları çox cüzi bir hissəni təşkil edir. Iki analoji proqram həyata keçirən Özbəkistanda da məmur övladlarının dövlət hesabına xaricə göndərilməsinə demək olar ki, moratorium qoyulub. Bizdə isə bunun tamam əksidir. Proqram çərçivəsində xaricə göndərilənlərin böyük əksəriyyəti məmur, deputat və ya onların yaxın qohumlarının övladlarıdır. Halbuki onların öz hesablarına xaricdə təhsil almaları üçün yetərincə maliyyə imkanları var”.
ITM hesab edir ki, ictimai vəsaitlər hesabına icra edilən proqramla bağlı qapalılıq mühiti aradan qaldırılmalı, vətəndaş cəmiyyəti geniş şəkildə onun icrasına cəlb edilməlidir: “Əks halda, bu proqramdan dövlət və sıravi vətəndaşlar deyil, yalnız məmur oliqarxlar və onların yaxınları bəhrələnəcək”.

Gültəkin