Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına girməkdə təqsirləndirilən 40 nəfər saxlanılıb.
Bunu Tehran şəhər prokuroru Cəfəri Dövlətabadi deyib.
Cəfəri Dövlətabadi bildirib ki, bu işdə rolu olan digər şəxslərin də axtarışları davam etdirilir. “Səudiyyə Ərəbistanın səfirliyinin binasına hücum edən şəxslərlə bağlı cinayət işi açılıb və bu hadisədə rolu olan bütün şəxslərin saxlanılması istiqamətində işlər davam etdirilir”, – deyə şəhər prokuroru qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında nüfuzlu İslam alimi Ayətullah Şeyx Baqir Nimr ən-Nimrin edam edilməsinə etiraz olaraq ötən axşam bu ölkənin Tehrandakı səfirliyi binası qarşısında 300-dən çox insan etiraz edib. Etirazçılar səfirlik binasını daşa tutaraq, bəzi otaqları dağıdıb, “Molotov kokteyli” atıblar.
Onu da qeyd edək ki, bu gün Tehranın Fələstin meydanında siyasi partiyalar və qrupların çağırışı ilə Tehran vaxtı ilə saat 15:00-da etiraz aksiyası keçiriləcək.
(apa)