“Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu” (Soros Fondu) gələn il Azərbaycanda qrant siyasətini davam etdirəcək”. Bunu APA-ya açıqlamasında Fondun Nyu-Yorkdakı mərkəzi ofisinin ictimai əlaqələr üzrə meneceri Reyçel Hart (Rachel Hart) deyib.
Onun sözlərinə görə, 2012-ci ildə fondun Azərbaycandakı yerli qeyri-hökumət təşkilatlarına qrant ayırma siyasəti Bakıdakı deyil, birbaşa Amerikadakı mərkəzi ofisindən həyata keçiriləcək. Hazırda fondun Azərbaycan bölməsində yenidən təşkilatlanma prosesinin getdiyini deyən Reyçel Hart bu prosesdən öncə və sonra fondun Azərbaycandakı fəaliyyətində əsas fərqlər barədə hazırda konkret bir fikir yürütməyin tez olduğunu qeyd edib. Onun sözlərinə görə, daha effektiv idarəçilik mexanizmlərini müəyyən etmək məqsədilə indi fondun bir sıra ofisində yenilənmə prosesi gedir.
Xatırladaq ki, “Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu” qrant verən özəl təşkilat olaraq demokratik idarəçilik, insan haqları, iqtisadi, sosial və hüquqi islahatları dəstəkləyən ictimai siyasət formalaşdırmaq məqsədi güdür. Azərbaycanda isə Fond qanunun aliliyi, təhsil, ictimai səhiyyə və müstəqil medianı dəstəkləyən təşəbbüsləri əhatə edir. Eyni zamanda qurum korrupsiya və hüquq pozulmaları ilə mübarizə aparan alyanslar yaradılmasına da yardım göstərir.
Fondun qurucusu tanınmış maliyyəçi və filantrop Corc Sorosdur.