Manat yenə ucuzlaşacaq

talibli-mehemmedMəhəmməd Talıblı: «Bayramdan sonra daha böyük həcmdə dollar tələbi meydana çıxacaq»

Manatın məzənnəsi bazarda qeyri-stabil qalmaqdadır. Dollara olan tələbat hələ də tam aradan qalxmayıb. Nəticədə son bir neçə gündə dollar ajiotajı yaşayırıq.

Amma ölkədəki bu vəziyyət bir qədər də qəlizləşə bilər. Bu günlərdə bayram bazarlığı ilə əlaqədar olaraq alış-veriş artacaq. Bu isə pul dəyişdirilməsi tələbatını yaradacaq. Eyni zamanda digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bir neçə gün iş olmayacaq. Bu isə o deməkdir ki, rəsmi qurumlar, o sıradan Mərkəzi Bank da işləməyəcək. Bir neçə gün oncə biz iki gün Mərkəzi Bankın işləməməsi üzündən qara bazarda dolların 2 manata qədər bahalaşmasının şahidi olduq. Bəs bir neçə gün işin olmaması dollarin kursuna nə vəd edir? Mərkəzi Bank bayramdan sonra da dolların kursunun sabit qalacağını deyir. Əslində bank dolların kəskin bahalaşmaması uçün nə etməlidir?

MB yanvarın 5-nə ABŞ dollarının rəsmi məzənnəsini 1,5610 səviyyəsində müəyyənləşdirib.

Bununla bağlı MB rəsmi məlumat yayıb. “Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq, tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1,5610 müəyyənləşdirilib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bayramqabağı günlərdə AMB bankların valyutaya olan ehtiyaclarını keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edib.

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, MB nəzərə almaq istəmir ki, iş gününün olmaması rəsmi dövlət qurumlarında işləyənlər üçündür. Amma özəl sektorun əksəriyyəti ahəngdar iş rejimində çalışacaq. M.Talıblının sözlərinə görə, onların elələri var ki, əməliyyatları üçün əllərində olan dolları manata və ya əksinə, konvertasiyası üçün valyuta bazarına baş vurmalıdır. O zaman onlar öz işlərini yarımçıq saxlamalıdırlar ki, valyuta bazarında dollar qıtlığı var. Ekspertin qənaətincə, bu, bayramdan sonra daha böyük həcmdə dollar tələbinin meydana çıxmasına səbəb olacaq: “Artan dollar tələbini qarşılamaq gücü olmayan Mərkəzi Bank artıq yaxın günlərdə məcbur qalıb dolların limitlə satışına qərar verəcək ki, dolları böyük həcmdə almaq mümkün olmasın. Əgər dövriyyədə dollar kütləsi azdırsa və bunun daxil olma kanalı da dardırsa, o zaman onu süni yolla əngəlləmək mümkün olmayacaq. Mərkəzi Bankın müxtəlif addımları dollara ən azı psixoloji tələbi də formalaşdırır. Dollara tələbin artması isə manatla satılan hər bir mal və xidmətlərin qiymətinin artmasına geniş imkanlar yaradır. Ona görə, hökumətin hazırda əsas işi ondan ibarət olmalıdır ki, həm valyuta bazarında səliqə-səhman yaratmaq, həm istehlak mallarının indeksinin yüksəlməsini əngəlləyən addımlar atmalı və həm də ölkədə valyuta ajiotajını aradan qaldırmaq üçün effektiv tədbirlər görməlidir. Üzən məzənnəyə keçid elan edib, məzənnə həddi müəyyənləşdirməklə mövcud reallıq bir araya sığmır”.

Xəyal