Keçmiş “OMON” komandirindən Əliyevə müraciət

ilhamaliyev-shekide1Daxili İşlər Nazirliyinin bir-birini təkzib edən sənədləri…

Xususi Təyinatlı Polis Dəstəsinin (OMON) keçmiş komandiri Nizami Şahmuradov dövlət başçısı Ilham Əliyevə müraciət edib. Müraciətin surətini “Azadlıq”ın redaksiyasına da göndərən Nizami Şahmuradov məktubda yazır:

“1990-cı ildən serjant olaraq, Daxili Işlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsində fəaliyyətə başlayıb, komandir vəzifəsinə qədər yüksəlmişəm. Məlum hadisələrdən sonra mən həbs olundum və 2011-ci ildə Ilham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxdım. Bundan sonra prezidentə ərizə ilə müraciət etdim ki, Qarabağ döyüşlərində iştirakım nəzərə alınmaqla, mənə veteren statusu və təqaüd verilsin. Amma güman edirəm ki, mənim ərizəm ölkə başçısına çatmayıb.

Bundan sonra Prezident Administrasiyasına təkrar müraciət etdim. Onların cavabı məni şoka saldı. Cavab məktubunda deyilir: “Hörmətli Nizami Şahmuradov, sizin müharibə veteranı adı və vəsiqəsinin verilməsinə köməklik göstrilməsi  barədə Prezident Adminstrasiyasına ünvanladığınız təkrar müraciətinizə Daxili işlər Nazirliyində baxılmışdır. Bir daha bildiririk ki, Azərbaycanın bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakınız barədə arxiv şəxsi işinizdə məlumat olmadığına görə müraciətiniz öz müsbət həllini tapmamışdır. Əlavə olaraq, bildiririk ki, qaldırdığınız məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz var”.

Nizami Şahmuradov Daxili Işlər Nazirliyinin Arxiv Idarəsindən əvvəllər ona göndərilmiş bəzi sənədləri də redaksiyamıza təqdim edib. 2013-cü il yanvarın 11-də Daxili Işlər Nazirliyinin Baş Kadrlar Idarəsindən göndərilən arayışda deyilir: “Verilir Şahmuradov Nizami Orucqulu oğluna ondan ötəri ki, o həqiqətən 1992-ci ildə Qarabağ və ətrafyanı rayonlarda gedən döyüşlərdə iştirak etdiyinə görə Daxili Işlər Nazirliyinin 24 noyabr 1992-ci il tarixli 49 saylı əmri ilə mükafatlandırılmışdır.

DIN-in Baş Kadrlar Idarəsinin rəis müavini Ənvər Məmmədov”.

Daha sonra Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin arayışını təqdim edir.

Həmin arayışdan da Nizami Şahmuradovun Dağlıq Qarabağ ərazisində, xüsusilə Xocalı aeroportunun mühafizəsində iştirakı təsdiqlənir. Daxili Işlər Nazirliyinin Arxiv Uçot Şöbəsinin rəisi Samir Nağıyevin imzası ilə təqdim olunan arayışda bildirilir:

  1. Xidməti borcunu layiqincə yerinə yetirdiyinə Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində ictimai əsayişin qorunmasında fəal iştirakına görə bir aylıq vəzifə maaşı məbləğində mükafatlandırılsın (DIN-in şəxsi heyət üzrə 30 noyabr 1990-cı il tarixli 1065 saylı əmri).
  2. Xidməti borcunu layiqincə yerinə yetirdiyinə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocalı Şəhər aeroportunda ictimai əsayişin qorunmasında iştirakına görə 500 manat pulla mükafatlandırılsın.

DIN-in şəxsi heyəti üzrə 3 iyun 1991-ci tarixli 1315 saylı əmri.

Keçmiş OMON-çu həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocalı şəhər aeroportunda ictimai əsayişin qorunmasındakı xidmətlərinə görə prezident tərəfindən verilmiş fəxri fərmanları, döyüş yolunu əks etdirən xeyli fotoşəkilləri göstərərək, keçmiş günləri acı xatirələrlə yad edir.

Nizami Şahmuradov mətbuat vasitəsilə bir daha prezidentə müraciət edir:

“Cənab prezident! Mən sizə üzümü tutaraq deyirəm, axı siz bütün ölkə vətəndaşlarının prezidentisiniz. 1990-cı ildən ”serjant”lıqdan polkovnik-leytenant rütbəsinə kimi yüksəlmişəm. Amma bu günə kimi nə işlə təmin olunuram, nə də təqaüd ala bilirəm. Məni veteran kimi də tanıyan yoxdur. Xahiş edirəm, bu haqsızlığa son qoyulsun”.

Təzəxan Mirələmli