Məmməd İsmayıl: «Bəlkə xarici ölkələrdəki səfirliklərimiz Azərbaycan toplumuna deyil, yalnız iqtidarda olanların özlərinə və ailəllərinə xidmət etməlidir, biz bilmirik?!»
Azərbaycanın görkəmli şairi Məmməd İsmayıl bu il bir neçə poeziya festivalında iştirak edib. Bu poeziya günləri ilə bağlı daha geniş bilgi verməsi üçün şairlə söhbətləşdik.
– Məmməd bəy, bu il bir neçə beynəlxalq poeziya festivalında iştirak etmisiniz. Öncə həmin şölənlərlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.
– Iş elə gətirdi ki, yola salmaq üzrə olduğumuz ilin sentyabr və oktyar aylarında bir-birinin ardınca Rumıniya və Yakutiyada (Saxa) beynəlxalq şeir festivallarında iştirak edəsi oldum… Ölkə keçidlərinin vizalı olduğu dünyamızda gedəcəyin ölkələrə yol da, təəssürat da onların səfirliklərindən, konsullluqlarından başlayır. Bu dəfə yay tətilimi vətəndə keçirəcəyimdən vizanı da Rumıniyanın Bakı səfirliyindən alası olacaqdım. Səfirliyin qapıdakı gözətçisindən viza şöbəsindəki konsula – məmura qədər mənimlə elə davranacaqlardı ki, heyrətlər içində qalacaq, bu məmurların şəxsində gedəcəyim ölkəyə sevgim və ilgim bir az da artacaqdı. Bəzən bir ölkənin reklam taleyini bir adam bəlirləyir. Bəlkə sualınızla birbaşa bağlı deyil, amma müqayisə üçün məcburam vurğulayam ki, xarici səfirliklərimizdə işləyənlərin bir çoxunun təmsil etdikləri ölkə üçün yox, cibləri üçün çalışdıqlarını bildiyimdən Rumıniya səfirliyindəki bu durum mənə bu qədər təəccüblü və gözləniməz gəldi. 2007-ci ildə “Azərbaycan ədəbiyyatında özgürlük konusu” adlı konfransda iştirak üçün Berlinə dəvət olunmuşdum. Konfransın təşkilatçıları mənə, “sizin səfirliklə əlaqə saxlayacağıq ki, konfransa daha geniş qatılım olsun”,- demişdilər. Mən isə cavab vermişdim ki, “belədə nəinki özləri gəlməyəcəklər, hətta gələnlərə də əngəl olacaqlar”. O vaxt dediyim kimi də oldu, söz vermələrinə baxmayaraq, konfransa bizim səfirlikdən, həm də Berlində və çevrəsində yaşayan soydaşlarımızdan şairə Nuridə Atəşdən başqa kimsə qatılmadı. Konfrans salonunu isə başda Türkiyə Cümhuriyyətinin Berlin konsulu və ailə üzvləri olmaqla konsulluğun əməkdaşları və Berlində yaşayan Anadolu türkləri doldurmuşdu. Keçən il Bakıdan alınmış və Türkiyə türkcəsinə çevrilib noterdə təsdiqlənmiş arayışıma bir dostumun uzun get-gəlindən sonra Azərbaycanın Istanbul konsulluğunda 50 dollara ştamp (türklər buna “kaşe” deyir, biz nə deyirik, bilmirəm!) vurulmuş, həm də ödənişi üçün qəbz-filan da verməmişdilər. Hesab-kitabsız, qəbzsiz yığılan pullar kimin cibinə gedir, öyrənə bilirsən öyrən… Bəlkə xarici ölkələrdəki səfirliklərimiz Azərbaycan toplumuna deyil, yalnız iqtidarda olanların özlərinə və ailəllərinə xidmət etməlidir, biz bilmirik?!
– Rumıniyadakı festivala sizi kim dəvət etmişdi?
– Bu ölkənin Krayevo şəhərində 17-21 sentyabrda keçirilən Dünya Şeir Festivalına “Mixail Eminesku ”Uluslararası Akademiyası” və “Mixail Eminesku” Avropa Fondunun prezidenti professor Ion Deskoneskunun dəvətlisi olaraq getmişdim. Bu festivalda dostlarım Mixail Sinelnikovu, Vyaçeslav Samoşkini gördüm, yeni tanışlar tapım. Azərbaycan ədəbiyyatının tərcüməçisi və təbliğatçısı M.Sinelnikovu oxuculara geniş tanıtmağa ehtiyac görmürəm. Rus şairi, jurnalisti V.Samoşkin uzun illərdir Rumıniyada yaşayır. Bir neçə dildə çap olunan “Dialog morey” jurnalının baş redaktorudur… Yeri gəlmişkən, onu deyim ki, son illərdə bu jurnal iki dəfə rus və ingilis dillərində silsilə şeirlərimi çap etmişdi.
Bu zamana qədər Avropanın əksər ölkələrində səfərlərdə olmuş, Rumıniyanın isə sağından, solundan keçmiş, amma Roma imperatoru Avqustun siyasətinə uyğun gəlməyən şeirlər yazdığına görə ölkədən imeratoruluğun ucqarlarına, indiki Rumıniyanın Qara dəniz sahillərinə ömürlik sürgünə göndərilən və burada “Sevginin qəribəliyi və gücü sevilənin uzaqda olmasıdır” deyə dərdli qürbət şeirləri yazan tale oxşarım Ovidiyin, ya da həyatı və yaradıcılığı əfsanələşmiş Emuneskonun acı xatirələrinin vətəninə gedib çıxmamışdım. Ona görə də dəvətnaməni alan kimi getməyi qərarlaşdırmışdım. Bir az irəliyə gedərək deyim ki, rumınları biz belə adlandırırıq, onlar isə özlərini “romanyalı” kimi təqdim edirlər, yəni qədim Roma imperatorluğunun ayrılmaz bir parçası, hətta Roma imperatorluğunun izlərini ən çox qoruyan ölkə olduqlarını da söyləməkdən çəkinmirlər. Rumıniyada türk izləri Roma izlərindən heç də az deyil. Bu sadəcə rumın dilindəki türk kəlmələrində, yer adlarında, mətbəxində deyil, hətta toplumun tərkib hissəsində də özünü göstərir. Təşti-Qıpçaq zamanlarından qalma boyların torunlarını rumınlardan fərqləndirən üz cizgilərindən də ayrıd etmək olar. Rumınların özləri də yeri gələndə etiraf edirlər ki, əski zamanlarda onların üst təbəqəsini qıpçaqlar oluşdurublar.
Festival, sentyabrın 17-də Krayevo şəhərinin incəsənət muzeyində açıldı, dünyanın çeşidli ölkələrində rumın ədəbiyyatını tanıdan, ya da insan özgürlüyünü müdafiə edən şair, yazıçı, siyasət adamlarına Mixail Emunesku qızıl medalları verildi. Onların arasında Belarusdan olan gənclik dostum, sonralar pezident seçimlərində Lukaşenkonun rəqibi kimi iştirak edən şair Vladimir Neklyayev də vardı… Onunla sonuncu dəfə 1978-ci ildə, Moskvada – Ostrovski adına Ümumittifaq mükafatı diplomlarını aldığımız tədbirdə görüşmüşdük…
– Rumıniyadakı şeir festivalında diqqətinizi çəkən ən maraqlı məqam nə idi?
– Orada şeir festivalları el bayramlarına çevrilir desəm, yanlış olmaz. Şəhər teatrında gerçəkləşdirilən şeir şöləni unudulmazdı. Dünyanın çeşidli qitələrindən nə az, nə çox, altmışdan çox şairin bir araya gəldiyi bu festival hardasa əslində ədəbiyyatların, mədəniyyətlərin, dillərin qovuşduğu, birləşdiyi yer idi. Görüş iki dildə aparılırdı – ingilis və rumın dillərində. Şairlər öz dillərində şeirlərini oxuduqdan sonra eyni şeir rumınca səsləndirilirdi. Festivalda iki qız, bir oğlan tərcüməçilik edirdilər. Rumın dilindən başqa onların ingilis, ispan, italyan dillərindən etdikləri sinxron tərcümələri bu əyalət şəhərində gənclərin dil bilgisi səviyyələrinin mükəmməlliyidən xəbər verirdi. Məni sevindirən onların arasındakı atası türk olan Levənt adlı gəncin türkcə gözəl bilməsi idi? Teatrın geniş səhnəsində dilimzdə Mixail Emunesku və onun türkcəyə çevrilmiş şeirləri haqqında qısa təbrik çıxışımı Levent anında salondakılara tərcümə edəcək, sonra isə teatrın gənc aktrisası mənim “Tanrı bilər” şeirimi rumın dilində səsləndirəcəkdi. Şeirim salonda çox yaxşı qarşılanacaq və gecənin sonunda rumın dilini bilən seyirçilər, xüsusilə, rumın və Moldaviyadan gələn şairlər məni təbrik edəcəkdilər… Görüşdən sonra Festival iştirakçılarının bir çoxu vizit kartlarını verəcək, şeirlərimi tərcümə üçün istəyəcədilər. Bu tanışlığın nəticələrini, Allah qoysa, lap yaxında sizlər də eşidəcəksiniz.
Bir sonrakı gün kitab təqdimatları keçirmək üçün Krayevo Əlyazmalar Institutunun salonuna toplaşmışdıq. Festivalın təşkilatçısı, professor Ion Desconesku əvvəlcə festival münasibəti ilə çap olunan iki kitabı təqdim edəcəkdi. Kitablardan biri festivala qatılan şairlərin şeirlərindən ibarət antologiya idi. Mənim şeirlərimin də yer aldığı nəfis şəkildə çap olunan bu kitabın üz qabığını iştirakçıların fotoları süsləmişdi. Ikinci kitab isə Ion Deskoneskunun poeziyanın “Bibliya”sı adlandırdığı, dünyada adını duyurmuş şairlərin rumın dilinə çevrilmiş əsərlərindən ibarət “Dünya şeir antologiyası” idi. Bu antologiyada Amerika, Avstralya, Afrika, Asiya və Avropa qitələrinin bir çox ölkəsindən olan 63 şairin əsərləri yer alır. Yəni hər ölkəni bir şair təmsil edir. Misal üçün, orada rus şerini Y.Yevtuşenko, Türkiyəni Ataol Behramoğlu, Azərbaycanı mən, Hindistanı Mamata Aqarwal, Nikaraquanı Claribel Alegria, Çini Hai An, Kanadanı Katreina Anghelakı-Rooke, Fransanı Yves Bonnefoy, Ispaniyanı Francisco Brines, Belçikanı Germain Droogeenbroodt, Irlandiyanı Desmond Egan, Avstralyanı Michael Harlow, Italyanı Dante Maffia, Israili Amir Or, ABŞ-ı Tomas Tranströmberin əsərləri təmsil edir. “Dünya şeir antologiyası”ndakı şeirlərimi rumın dilinə Nina Gonta və V.Iasob çeviriblər. Yeri gəlmişkən, səfərdən sonra şeirlərimin tərcüməçisi Nina Gonta ilə Facebook vasitəsi ilə dostlaşacaq, o, festival zamanı başqa şəhərdə olduğundan mənimlə görüşə bilmədiyinə təəssüfünü bildirəcək, tərcümə etdiyi “Ata şəkli” şeirimi antologiyanın ən uğurlu əsərlərindən biri olduğunu, şeirin tərcüməsi zamanı çox həyəcanlandığını etiraf edəcək və yeni sətri tərcümələrimi istəyəcəkdi…
– Rumıniya səfərinizi sizin üçün unudulmaz edən başqa nələr oldu?
– Festivalın keçirildiyi “Krayevo” rumınca “kənar” deməkdir. Amma geniş prospektləri, böyük meydanları, tarixi binaları və hər yönüylə bir Avropa şəhəri olan bu əyalət mərkəzi əsla adına bənzəmir. O, Rumıniyanın önəmli kültür mərkəzidir, 2021-ci ildə isə Dünya Kültür Mərkəzi olmağa hazırlaşır. Sentyabrın 19-da avtobuslarla Rumıniyanın Bolqarıstan sərhədinə yaxın Cium vilayətinin mərkəzi, Rumıniyanın və dünyanın ünlü heykəltaraşı “Öpücük” abidəsinin müəllifi Konstantin Brancusinin vətəni Tirqu-cium şəhərinə yola düşdük. Karpat dağlarının ətəkləri ilə uzanan bu yolu qaraçı evləri müşayiət edirdi. Şəhərin görməli yerlərini, Konstantin Brancusinin “Nəhayətsizlik” və “Əbədiyyət” adlı əsərlərinin yer aldığı meydanları gəzdik, xatirə şəkilləri çəkdirdik. Həmin günün axşamı isə Karpat dağlarının qərb orman yamaclarında yerləşən restoranda yemək və görüş olacaqdı. Gecədə bütün festival iştirakçıları və Rumıniyanın ünlü sənət adamları – bəstəkarlar, müğənnilər, şair və yazarlar iştirak edirdi. Gecə gecədən keçənə qədər oxunun şeirlərlə nəğmələrə bir-birinə qarışdı. Elə buradaca Rumıniya mərkəzli “Dünya şairlər dərnəyi”nin yaradılması fikri gündəmə gəldi və yekdilliklə dəstəkləndi, bu dərnəyin işə başlaması isə bir ildən sonra yenə Krayevoda – Dünya Şeir Festivalında elan ediləcək və dərnəyə üzv olan sənətçilərin hər biri məmləkətlərinin təmsilçisi olacaq… Gecə yolmuz yenidən Krayevoya “Hüzn” küçəsində yerləşən mehmanxanaya idi… Səhər vətənə dönüşlər başlayacaqdı. Hər kəs öz vətəninə, mənsə yenidən qardaş qürbətə dönmək zorundaydım… Amma təsəlli bu idi ki, “səsi sonra çıxacaq” çox böyük yaradıcılıq əlaqələri qurulmuşdu. Zatən belə festivalların ən önəmli özəlliyi də bu deyimi?
– Saxa səfəriniz necə keçdi?
ardı var
Elnur Astanbəyli