«Azərenerji»nin məsuliyyətsizliyi üzündən Masazır sakinləri 12 gündür ki, işıqsız qalıb
Masazır qəsəbəsinin sakinləri 12 gündür ki, işıqsız qalıb. Bu barədə redaksiyamıza bir qrup qəsəbə sakini bildirib: “Biz Masazır qəsəbəsində ”Yeni Bakı” yaşayış massivinin yaxınlığındakı həyət evlərində yaşayırıq. Burada 25-30 ailə məskunlaşıb. Əvvəl bir transfarmator qoymuşdular. Lakin ötən ayın son günləri həmin transfarmator sıradan çıxdı. Yenisi qoyulsa da, elektrik dirəyi olmadığına görə qışın bu günündə işıqsız qalmışıq”.
Sakinlər deyib ki, problemlə əlaqədar Abşeronun işıq idarəsinə müraciət olunub. Lakin qurum məsuliyyəti rayon icra hakimiyyəti və bələdiyyəni üzərinə atıb: “Işıq idarəsindən bizə dedilər ki, torpağı icra hakimiyyəti ilə bələdiyyə satır, işıq problemini də onlar həll etsinlər. Bundan sonra biz bələdiyyəyə müraciət etdik. Oradan isə bildirdilər ki, problem işıq idarəsilə bağlıdır. Dedilər ki, bu qurum elektrik dirəklərini bəhanə edərək problemi həll etmir. Problemin həlli üçün 6 dirək lazımdır. Lakin işıq idarəsini deyir bu məsələ bizlik deyil. O da bəlli oldu ki, işıq idarəsi bələdiyyənin aldığı dirəklərin standarta uyğun olmadığını əsas gətirərək yaşadığımız əraziyə işıq çəkməkdən imtina edib”.
Sakinlərin Abşeron Rayon Icra Hakimiyyətinə etdiyi müraciət də nəticəsiz qalıb. Icra hakimiyyətindən məsuliyyəti işıq idarəsinin üzərinə atıblar: “Icra hakimiyyətindən dedilər ki, elektrik dirəkləri almaq üçün Abşeron işıq idarəsinin tabe olduğu ”Sumqayıtelektrikşəbəkə”yə müraciət olunub. Lakin oradan cavab gəlib ki, dirək almağa vəsait yoxdur”.
Beləliklə, görünən odur ki, Masazır sakinlərinin işıqsız qalmasında birbaşa “Azərenerji” məsuliyyət daşıyır. Görünür, Etibar Priverdiyevin Abşeronun icra başçısı Zakir Fərəcovla hansısa problemləri var. Əks-təqdirdə “Azərenerji”nin prezidenti o qədər böyük vəsait tələb etməyən elektrik dirəklərini bəhanə edib 30-a yaxın ailəni işıqsız qoymazdı. Yeri gəlmişkən, “Sumqayıtelektrikşəbəkə”nin dirək almağa vəsaitin olmaması barədə cavabı da maraqlıdır. Əgər Sumqayıt və Abşeronun enerji təminatını həyata keçirən bir qurumun 6 ədəd dirək almağa pulu yoxdursa, deməli, “Azərenerji”də korrupsiya pik həddə çatıb. Sakinlər ümid edir ki, Etibar Pirverdiyevin dirək almağa pulu olmasa da, Zakir Fərəcov onları işıqsız saxlamayacaq.
Bir məqamı da qeyd edək ki, bir müddət əvvəl deputat Qənirə Paşayeva da Milli Məclisdə Abşeron rayonunda işıq problemi yaşandığını bəyan etmişdi. Yəni, Etibar Pirverdiyev hətta parlamentdə qaldırılan bu problemə biganə yanaşmaqla sanki heç kimi saymadığını nümayiş etdirir.
Azad


