Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin oğlu Səədinin Meksikaya qaçmaq planı baş tutmayıb. Bu barədə Meksikanın hökumət təmsilçilərinə istinadən BBC məlumat yayıb.
Meksika rəsmiləri bildirib ki, mütəşəkkil cinayətkar dəstənin qaçaqmalçılıq yoluyla Qəzzafinin oğlunu Meksikaya keçirmək cəhdinin qarşısı alınıb.
Məlumata görə, Səədi Qəzzafi bu ilin sentyabrında Qərbi Afrika ölkəsi olan Nigerə qaçdıqdan sonra ev dustağı edilib. Bundan sonra Səədi və onun ailə üzvlərini saxta adlar və sənədlərlə Meksikaya keçirmək üçün mütəşəkkil cinayətkar dəstə ilə razılıq əldə olunub. Lakin sentyabrın 6-da plan ifşa olunduğundan Səədi Qəzzafinin cəhdi baş tutmayıb.