Etimad limiti

Bəli, tək son bir həftədə Misirdə və Rusiyada seçki oldu. Bizə məlum olanlar budur, bəlkə sorağını almadığımız başqa seçkilər də olub. Amma mənim iki seçki haqqında da bilgilərinizi ifrat dərəcədə yeniləşdirmək iqtidarında olan məlumatım yoxdur, mən, sadəcə kiçik müqayisə aparacam. Əvvəlcə Misirdə baş verən seçkilər haqda bir neçə kəlmə. Bu ölkənin elə bir demokratiya və seçki təcrübəsi olmayıb. Lakin kimsə demədi ki, Misirdə seçki saxlaşdırılıb. Saxtalaşdırma olsaydı “Müsəlman qardaşları” və digər dini qüvvələr qələbə qazanmazdı. Rusiyada insanlar artıq bir-iki gündür ki, etiraz edir, seçkinin saxtalaşdırıldığını iddia edirlər. Amma mən deyərdim ki, Rusiyada da seçki saxtalaşdırılıbsa belə, bu, bir qədər insafla edilib. Hakim partiya özünə cəmi 50 faiz götürüb. Düzdür, seçki ya düzgün olmalıdır, ya da o, saxta seçki kimi ləğv olunmalı və yeni seçkilər keçirilməlidir. Amma, necə deyərlər, olmayan yerdə buna da şükür! Mən öz seçkilərimizi xatırlayıram. Inanın, dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi seçki keçirilmir. Bilirsiniz, dünyanın bu vaxtında, bu qədər imkanlar daxilində seçki saxtakarlığına getmək mənə elə gəlir ki, bir acizlikdir, bəli, siyasi acizlikdir. Bütün iqtisadi və inzibati, elə informasiya resursları da bu hakimiyyətin əlindədir. Amma seçkiləri udaraq qələbə qazanmağı bacarmırlar. Mənə elə gəlir ki, bunun bircə səbəbi var: nə etməsindən asılı olmayaraq insanlar bu hakimiyyəti istəmir! Etimadın da bir limiti olur. Bunların etimad limiti çoxdan tükənib. Bəlkə özləri də istərdi heç olmasa bircə dəfə seçkini necə var udsunlar. Lakin alınmır, insanlar bunları istəmir. Insafla saxtalaşdırmağa isə çəkinirlər, qorxurlar, çünki bu elə rejim, elə idarəçilik üsuludur ki, azacıq sərbəstlik versən proseslərin qarşısını ala bilməyəcəksən, zəncirvari iflas prosesi baş verəcək. Bundan ehtiyat edirlər.
Amma bu rejim nə vaxta qədər davam edəcək? Bu haqda da düşünmək elə də pis olmazdı. Bəlkə biz dünyada avtoritar “arxipelaq” tək qalmaq istəyirik və buna çalışırıq? Amma nə qədər perspektivsiz arzudur bu! Düzdür, indilər ərəb ölkələri sarıdan bir əminlik yoxdur. Bilinmir bu ölkələr hansı yolu tutub gedəcəklər? Kimə bənzəyəcəklər? Türkiyəyə, yoxsa Irana? Bəlkə Səudiyyə Ərəbistanının yolunu tutub teokratik monarxiya quracaqlar? Əvvəl duyulan optimizm indi bir qədər narahatlıqla əvəz olunur. Lakin ümid edək ki, artıq bir mərhələ başa çatıb – despotik ərəb rejimlərinin səhifəsi çevrilib. Növbə bəs kimindir? Hamının ağlına gələn Xəzər ətrafındakı despotik rejimlərdir. Artıq bu haqda açıq yazmaqdan belə çəkinmirlər. Nə etməli? Artıq indidən nəticə çıxarmalı! Ötən dəfə yazmışdım. Bunlar elə iqtisadi model yaradıblar ki, onu bircə cümlə ilə ifadə etmək olar: vəzifəni itirdin, hər şeyi, o cümlədən də elə mülkiyyətini itirdin! Bunlar elə bir kapital strukturu yaradıblar ki, dünyanın ən böyük səlahiyyət sahibləri gəlib desə ki, çəkinməyin, sərvətiniz əlinizdə qalacaq, bunlar ona inanmaz, çünki çox ədalətsiz və ən başlıcası qeyri-adi dərəcədə səmərəsiz iqtisadi model qurublar – məmurların mülkiyyəti onların vəzifəsidir! Bunu “ilkin kapital yığımı dövrü” adlandırıb ört-basdır etmək də mümkün deyil, çünki kapital neçə dəfə yığıla bilər? Bunların hakimiyyəti dövründə ölkədə permanent mülkiyyət bölgüsü gedib – kim vəzifəsini itirib dərhal bunun ardınca mülkiyyətini də itirib. Bunlar mülkiyyət institutunu da elə məhkəmələrin və parlamentin gününə salıblar. Əsl mülkiyyət institutu o vaxt yarana bilər ki, bu, hakimiyyət ya bu vaxta qədər formalaşdırdığı üsulu rədd etsin və yeni modelə keçsin, ya da siyasi səhnəni tərk edib öz yerini hüquqi dövlət prinsiplərini qəbul edən başqa bir siyasi qüvvəyə versin…
Kiçik sözardı
Nə etmək lazımdır ki, seçkini saxtalaşdırmaq məsələsi birdəfəlik şüurdan və praktikadan silinsin? Necə etmək lazımdır ki, hətta seçkinin ən acı nəticələri belə sakitcə qəbul edilsin? Mən bu suallar haqda çox düşünürəm. Lakin elə bir “resept” bilmirəm ki, bu hakimiyyət üçün də yararlı olsun!..