Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov
Bu il həm də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” nın son ilidi. Azərbaycan hökuməti 7 il əvvəl qəbul etdiyi bu proqramda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafını “iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi” müəyyən etmişdir. Proqramda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Həmin proqramda 2015-ci il üçün əsas hədəflər müəyyən edilmişdi. Belə ki, dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona; ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona; kartof istehsalının həcmini 1,12 milyon tona çatdırmaq nəzərdə tutulmuşdu. Bununla yanaşı digər kənd təsərrüfatı məhsullarının da 7 il ərzində artırılması nəzərə alınmışdı.
Artıq dövlət proqramına da yekun vurmaq olar. Qeyd etməliyəm ki, keçən dövr ərzində hökumət düzgün aqrar siyasət qura bilmədi, bu səbəbdən də dövlət proqramı tam fiaskoya uğradı. Onu da qeyd etməliyəm ki, proqramda qarşıya qoyulan hədəflər heç də sanballı deyildi. Görünür, hökumətin məqsədi proqram qəbul edib fəaliyyət kimi qabartmaqdan ibarət olub. Bu proqramda əhalinin əsas ərzaq mallarına, ətə, südə, kartofa, meyvə-tərəvəzə və sair məhsullara olan təlabatının ödənilməsi ümumiyyətlə, nəzərə alınmayıb. Belə ki, sənəddə hədəf kimi nəzərdə tutulan rəqəmlərə baxarkən aydın olur ki, hökumət “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı Dünya Səhiyyə Təşkilatının (DST) müəyyən etdiyi qida normasını nəzərə almadan hazırlayıb. Bununla yanaşı “dövlət proqramı” adlandırdığı bu sənəddə çox cılız və primitiv məqsəd qarşıya qoyan hökumət heç nəyə nail ola bilmədi. Bu proqram qəbul olunan zaman bir sıra məhsullar üzrə rəqəmlər indikindən xeyli yüksək göstərilirdi. Belə ki, 2008-ci ildə ölkədə 2498,3 min ton taxıl istehsal olunduğu halda indi 2014-cü ildə bu göstərici 118,9 min ton azalaraq 2379,4 min tona enmişdi. Kartof istehsalı həmin ildə 1077,1 min ton olduğu halda isə, bu göstərici 257,8 min ton azalaraq 819,3 min ton təşkil etmişdi. Tərəvəz və digər məhsullar üzrə də ciddi azalmalar olmuşdu. Əvvəlki yazıda taxıl, o cümlədən buğda istehsalı, idxalı ilə bağlı geniş məlumat verdiyim üçün bu məsələyə bir daha qayıtmayacam. Xüsusi vurğulamaq istəyirəm ki, rəqəmləri, alternativ statistika olmadığı üçün Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin məlumat bazalarından əldə etməyə məcburam. Hətta bu qurumların məlumatlarına diqqət yetirəndə görürsən ki, əvvəllər olduğu kimi son 7 il ərzində də ölkənin idxaldan aslılığı kəskin şəkildə artıb. Proqram qəbul olmazdan əvvəl, 2007 ci ildə bütün mal qrupları üzrə idxal indikindən xeyli az olub. Əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı 2007 –ci ildə 1,4 milyon dollar təşkil etdiyi halda, dövlət proqramı qəbul olunduqdan sonrakı illlərdə bu mal qrupu üzrə artım 37 dəfə çoxalaraq 52 milyon dollara qədər artıb. Bu azmış kimi Ət və ət məhsulları idxalı 17,5 milyon dollardan 19,4 milyon dolara qədər artıb. Ölkənin çox böyük balıq istehsalı potensialı olduğu halda, balıq idxalı 4 dəfədən çox artıb. Sizi yoymamaq üçün şərh vermədən DSK-nın təqdim etdiyi rəqəmləri diqqətinizə çatdırmaq istəyirəm. Süd idxalı 26,7milyon dollardan 69 milyon dollara, dənli bitkilərin məhsullarının idxalı 310 milyon dollardan 339 milyon dollara, heyvan və ya bitki mənşəli piylər və yağlar 48,5milyon dollardan 88,1 milyon dollara, şəkər 127,2 milyon dollardan 236,8 milyon dollara qədər artıb. Sair müxtəlif ərzaq məhsulları isə 2 dəfədən çox artıb. Bu ilin 11 ayında da əsas kənd təsərrüfatı məhsullarının idxalı ciddi şəkildə artıb. Misal üçün, meyvə-tərəvəz 129.63%, tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları 50.33%, yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları 238.40%, müxtəlif ərzaq məhsulları 24.79% artıb. Dəyər ifadəsində artmasa da ət, süd məhsulları idxalı da fiziki çəkidə xeyli artıb. Bununla yanaşı ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları və ərzar malarının ixracı azalıb. Bu ilin 11 ayı ərzində şəkər 5%, bitki və heyvan mənşəli piylər və yağlar 22%, çay ixracə isə 38 faiz azalıb.
Apardığımız araşdırmalar göstərir ki, ölkəyə gətirilən məhsulların dəyəri süni şəkildə aşağı salındığı halda, ixrac olunan malın məhsulun dəyəri şişirdilir. Bütün bunlar ondan xəbər verir ki, ölkədə kənd təsərrüfatı məhsulu istehsalı kəskin şəkildə aşağı düşüb. Hökumət rəqəmlərlə manipulyasiya etməklə bu sahədə mövcud olan geriləmələri, ciddi problemləri ört-bastır edir
Proqramda süd istehsalının 2,4 milyon tona çatdırılması nəzərdə tutulub. Ancaq bu il real göstərici nəzərdə tutulduğundan 700 min ton az olacaq. Ölkəyə son bir neçə ildə südlük istiqamətində çoxlu sayda, baha qiymətə cins mal-qara gətirilsə də, bu sahədə də irəlləyişə nail olunmadı. Ət istehsalı ilə bağlı da proqramda nəzərdə tutulan məqsədə nail olunmadı.
Proqramının hazırlanmasında və həyata keçirilməsində primitivliyə yol verildiyi açıq-aşkar görünür. Belə ki, proqram qəbul olunanadək ölkədə 1700 hektar çay plantasiyası olunduğu və 480 ton çay yarpağı istehsal edildiyi halda, növbəti illərdə əkin sahələri 900 hektaradək azalıb. Bununla yanaşı proqramında 3 min ton çay yarpağı istehsalı nəzərdə tutulmuşdu. Lakin 2015-cü ildə 500 tona qədər çay istehsal olunub. Bu da nəzərdə tutulduğundan 6 dəfə azdır.
Bütün bunları nazərə alaraq demək olar ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” iflasa uğradı.
Davamı var.